“İstirahət etdiyim yerlər sadə vətəndaşın cibinə uyğun deyil” - Millət vəkili gileyləndi
“Başqa yerdə hazırlanan yeməklərə çox üstünlük vermirəm. Baş çəkdiyim yerlər elə də bahalı deyil. Qiymətlər orta səviyyədədir. İstirahət etdiyim yerlər sadə vətəndaşın cibinə uyğun deyil. Biz orta təbəqənin adamlarıq. Mən öz cibimə uyğun deyirəm, amma qiymətlər yoxsul əhali üçün münasib deyil”.Bu sözləri “Yeni Sabah” a hazırda İsmayıllıda istirahət edən millət vəkili Fazil Mustafa deyib.
O, istirahət mərkəzlərinin qiymətlərindən danışıb:
“İstirahət mərkəzlərində müşahidə olunan yüksək qiymət rəqabətin olmamasından irəli gəlir. Bölgələrdə bir qədər rəqabət qabiliyyətini artırmaq lazımdır. Bilirsiniz ki, Azərbaycanın quru yolu bağlıdır. Bu da qiymətlərin yüksəkliyinə təsir edir.
Turistlər çox gələrsə, bu, qiymətlərə də müsbət anlamda öz təsirini göstərəcək. Bununla da xidmətin keyfiyyəti də yüksələr. Amma az sayda insan olanda məkan sahibləri xərcləri ödəmək üçün qiymətləri süni şəkildə qaldırır. Bunların hamısı rəqabətlə bağlı məsələlərdən irəli gəlir. Rəqabət zəifdir. Ölkəyə turist axını da güclü deyil. İnsanlar keyfiyyətli xidmət olan yerlərə meyl etməyə başlayır. Ona görə də bu daha çox qapıların açılması turizmin təşkil olunmasından asılı məsələdir.
Heç bir satıcı yüksək qiymətə mal verib müştərisini qaçırtmaq istəməz. Bu hal varsa, deməli, bunu etməyə məcburdur. Məsələn, Dənizkənarı Milli Parkda istirahət məkanlarının sahibləri obyektlərini ancaq yay aylarında işlədə bilirlər. Buna görə də sadə vətəndaş üçün əlverişsiz qiymətlər müəyyənləşdirməyə məcburdurlar.
Turist sayının çox olması qiymətlərin əlverişli olmağında əsasdır. Əksi iqtisadi qanunilliyə ziddir. Türkiyəyə baxın, Antalya və ya başqa şəhərlərinə rahat getmək olur. Çünki turistlər çoxdur. Bizdə də bu şəraiti yaratsalar, qiymətlə bağlı problemlər olmaz”, - deyə deputat fikrini tamamlayıb.
Tarix: 20-07-2022, 22:36