Ölkəni bürüyən saxta avtomobil detalları - təhlükə mənbəyi


Ekspert: “Bu məhsullara çəkilən xərcin azaldılması üçün onların yerli istehsalının təşkili yaxşı olardı”

Azərbaycan saxta, keyfiyyətsiz xarici malların, xüsusilə avtomobil detallarının, məişət cihazlarının daşındığı ölkələrdən biridir. Ölkəni illərdir “dublikat” adı ilə satılan keyfiyyətsiz, bəzən hətta yararsız, standartlara uyğun olmayan avtomobil detalları bürüyüb. İstənilən mağazaya girib bir detal soruşanda satıcının ilk sualı “orijinal istəyirsən, yoxsa dublikat” olur. Ən pisi odur ki, bir çox hallarda orijinal adı ilə elə “dublikat” mallar satılır. Bu vəziyyətdən ustalar da bezib, sürücülər də. Eyni zamanda xüsusilə işlək hissəyə, asqı sisteminə aid detalların keyfiyyətsizliyi, hərəkətdə olan zaman sıradan çıxması təhlükələrə yol açır. Buna dövlət qurumları niyə nəzarət etmir? Gömrükdə hazırda yenilənmə prosesi gedir. Saxta, təhlükəli malların girişi məhdudlaşdırıla bilərmi?
Həmçinin bir sual da ortaya çıxır - Azərbaycan özü normal, keyfiyyətli detal istehsal edə bilərmi? Bu imkanlar varmı?
Avtomobil nəqliyyatı üzrə ekspert Elməddin Muradlı ehtiyat hissələrinin idxalının artmasını bir neçə səbəblə əlaqələndirdi. Onun fikrincə, əsas səbəb Azərbaycanda avtomobil parkının köhnəlməsidir:
“Hələ 2019-cu ildə Azərbaycan hökuməti Almaniyanın məşhur avtomobil istehsalçıları olan ”Mercedes-Benz" və “BMW” şirkətləri ilə əməkdaşlıq barədə danışıqlar aparırdı ki, bu markalardan olan avtomobillərin ehtiyyat hissələrinin Azərbaycanda istehsalı gerçəkləşsin. Hətta belə xəbərlər də vardı ki, alman tərəfi rəsmi Bakının bununla bağlı təqdim etdiyi təklifləri nəzərdən keçirir. Lakin bu günə qədər real bir iş görülməyib. Belə aydın olur ki, alman tərəfi Azərbaycanda ehtiyat hissələrinin istehsalında maraqlı olmayıb və ya təkliflər onları qane etməyib. Azərbaycanda avtomobil ehtiyat hissələrinə tələb sürətlə artır. Aparılan təhlillər göstərir ki, son illərdə ehtiyat hissələrinin idxalına xərclənən vəsait 2 dəfədən çox artıb. 2014-cü ildə ehtiyat hissələrinin idxalına 60 milyon dollara qədər vəsait xərclənmişdi. Ən çox pul xərclənən ehtiyat hissəsi avtomobil şinidir. Şin idxalına 2014-cü ildə 17 milyon dollar vəsait sərf edilib. Avtomobil şinindən başqa kuzovlara 4,4 milyon dollar, kuzovların digər hissələrinə 6,2 milyon dollar xərclənib. Bu çox böyük vəsaitdir. 2018-ci ildə idxal olunan ehtiyat hissələrinin dəyəri 130 milyon dolları ötüb. Ötən il avtomobili şinlərinin idxalına 55 milyon dollar, kuzovlara 8 milyon dollar, əyləclərə 9,5 milyon dollar, ötürücü qutulara 3,1 milyon dollar, təkərlərə 4,3 milyon dollar, asma sistemlərinə 5,3 milyon dollar, radiatorlara 2,8 milyon dollar, səsboğanlara 1,6 milyon dollar, digər hissələrə 40 milyon dollar xərclənib. 2018-ci ildə ehtiyat hissələrinin idxal dəyəri 2014-cü ilə nisbətən 70 milyon dollar və ya 2,16 dəfə artıb.  2019-cu ilin ilk 7 ayında da avtomobil ehtiyat hissələrinin idxalında artım davam edib. İlk 7 ayda avtomobil şinlərinin idxalına 37 milyon dollar, kuzovlara 6,1 milyon dollar, əyləclərə 6,4 milyon dollar, ötürücü qutulara 2,6 milyon dollar, təkərlərə 3 milyon dollar, asma sistemlərinə 3,3 milyon dollar, radiatorlara 1,9 milyon dollar, digər hissələrə 25 milyon dollardan çox vəsait xərclənib. Ümumilikdə yanvar-iyul ayları ərzində ehtiyat hissələrinin idxalına 85 milyon dollardan artıq vəsait yönəldilib. Dinamika göstərir ki, avtomobil hissələrinin idxalına xərclənən vəsait 150 milyon dolları ötəcək.

Statistik məlumatların təhlili göstərir ki, son bir neçə ildə avtomobillərin ehtiyat hissələrinin alınmasına çəkilən xərc sürətlə artır. Belə davam etsə, bir neçə ildən sonra idxalda ən böyük paya sahib mal qruplarından biri avtomobil ehtiyat hissələri olacaq. Bu məhsullara çəkilən xərcin azaldılması üçün onların yerli istehsalının təşkili yaxşı olardı. Lakin təəssüflər olsun ki, hələlik Azərbaycanda avtomobil ehtiyat hissələrinin istehsalı faktına rast gəlinmir. Bu isə ölkədən böyük pul axınlarını şərtləndirir. Bunun üçün Azərbaycanda avtomobil ehtiyat hissələrinin istehsalı təşkil olunmalıdır. Çox təəssüf ki, iş adamları bu sahəyə sərmayə yatırmağa tələsmir, dövlət bu sahəni stimullaşdırmaq üçün hər hansı bir addım atmır".
Ekspert bildirib ki, xaricdən gətirilən avtomobillərin istehsal tarixi əsasən 10 il və daha artıqdır. Azərbaycanda 1 milyon 370 min avtomobil qeydiyyatdadır. İllər ötdükcə köhnə avtomobillərin istifadədən çıxarılmaması onların avtomobil parkında payının bir qədər də artması ilə nəticələnib: “Avtomobilin istehsal tarixi 5 ildən çoxdursa, onun təmirə getmə ehtimalı da artır. Hazırda minik avtomobillərinin 80 faizə yaxınının  yaşı 10 ildən artıqdır.
Yeni istehsal edilən avtomobillərin satışını təşkil edən diler mərkəzlərində avtomobillərə 3 və ya maksimum 5 il zəmanət verilir. Bu müddət təsadüfi seçilməyib. Müddətin maksimum 5 il götürülməsi onunla bağlıdır ki, bu müddətdən sonra avtomobillərin ehtiyat hissəsinin sıradan çıxma ehtimalı böyükdür. Ölkədə avtomobil parkının yenilənməsinin yeganə yolu yeni avtomobillərin idxalının təşviq edilməsidir. Təzə avtomobillərə tətbiq edilən rüsum və vergilər xeyli azaldılmalıdır. Bu baş verərsə, alıcılar da yeni avtomobillərin idxalında maraqlı olar. Ehtiyat hissələrinin idxalının artmasının ikinci səbəbi ehtiyat hissələrinin əksəriyyətinin keyfiyyətsiz olmasıdır. Belə məhsulların keyfiyyətsiz olması mexaniki hissələrdə özünü daha tez büruzə verir. Yanacağın, istifadə edilən yağların keyfiyyətinin aşağı olması mühərrik sistemində nasazlıqların artmasına şərait yaradır. Son illərdə yolların vəziyyəti yaxşılaşdırılıb. Lakin Bakının kənar hissələrində, bölgələrdə hələ də təmirə ehtiyacı olan yollar çoxdur. Bu amil də avtomobillərin tez sıradan çıxmasına gətirib çıxarır. Avtomobil ehtiyat hissələrinin bir çoxunun istehsalının Azərbaycanda təşkil etmək üçün təcili addımlar atılmalıdır.
Elə hissələr var ki, onlar tez-tez xarab olmur, eyni zamanda onların istehsalı yüksək texnologiya, böyük sərmayə tələb edir. Lakin elə ehtiyat hissələri var ki, onlar tez-tez sıradan çıxır və bu cür məhsulların istehsalını təşkil etmək çətin deyil. Məsələn, rezindən, plastikdən hazırlanan məmulatların istehsalını təşkil etmək çətin deyil. Yaxud metaldan olan kiçik hissələr var, onları da idxal edirik və bu məhsulların idxalına milyonlar xərclənir. Niyə belə hissələrdən ötrü xaricə böyük məbləğdə valyuta daşınmalıdır? Yanacaq və yağ filtri mütəmadi dəyişdirilən ehtiyat hissəsidir. Bunları da idxal edirik. Bu hissələri də ölkədə istehsal etmək olar. Bəzi xırda istehsalçılar var, amma bu, bazardakı tələbi ödəmir. Ehtiyat hissələrinə xərclənən vəsaitlərin həcmi böyükdür və avtomobil parkı köhnə olduğuna görə davamlı artacaq. Buna görə də hökmən daha çox ehtiyac duyulan hissələrin istehsalı təşkil edilməlidir. Bunun üçün dövlət də sənaye parklarında imkanlar yaradıb. İş adamları bu sahəyə həvəs göstərmirlər və belə istehsal təşviq olunmur. Halbuki bu sahədə böyük pullar dövr edir. İstehsalı təşkil etməklə həmin vəsaitin ölkədən çıxmasının qarşısı alınar və yeni iş yerləri açılar. Hökumət bu məsələyə diqqət etməlidir".“Yeni Müsavat” 
Tarix: 21-07-2022, 08:53
Xəbəri paylaş





Xəbər lenti