"Yaşıl bazar" niyə ərəblərin ümidinə qalıb? - VİDEOREPORTAJ


Yayın ikinci ayının bitməsinə sayılı günlər qalıb, buna baxmayaraq, bazarlarda meyvə-tərəvəzin qiyməti   ucuzlaşmaqdansa, daha da bahalaşıb. Əhali isə tərəvəzin xüsusilə, pomidorun bahalaşmasından gileylənir.
"TV Musavat"ın reportyor qrupu olaraq bazarlarda olub, mövcud vəziyyəti öyrənməyə çalışdıq. Üz tutduğumuz "Yaşıl bazar"da isə gördüklərimiz bizi çox təəccübləndirdi. Bazar suyu qurumuş dəyirman kimi sükut içində idi. Halbuki bir vaxtlar burada iynə atsaydın, yerə düşməzdi. Piştaxtaların üzəri meyvə-tərəvəzlə bol olsa da, alıcı yox idi. Elə o səbəbdəndir ki, satıcıların bəziləri yuxuya  getmiş, bəziləri də qanı-qara vəziyyətdə oturmuşdu.
Satıcılar deyir ki, ötən həftəyə nisbətən bəzi məhsulların qiyməti ensə də, meyvələr yenə də bahadır. Bazarda diqqətimizi çəkən daha bir məqam isə piştaxtaların üzərində məhsulların qiymətinin yazılmaması oldu. Satıcılar onu da dedi ki, son dövrlər bazara yalnız əcnəbilər gəlir. Bizimlə söhbətdə də ərəb turistləri qiymətlərin baha olmasından şikayətləndilər.
Müşahidələrimizi yaxınlıqda yerləşən "Şərq bazarı"nda  davam etdirdik. İçəri-daxil olar-olmaz tam başqa bir ab-hava ilə üzləşdik, bura daha çox bazar deyil, modern üslubda olan ticarət mərkəzini xatırlatdı. Burada meyvə-tərəvəz satıldığını da  görmədik. "Şərq bazarı"nın rəsmi nümayəndəsi Fuad İbrahimov məsələ ilə bağlı suallarımızı cavablandırıb.

Musavat.com həmin videoreportajı təqdim edir.


Tarix: 27-07-2022, 09:34
Xəbəri paylaş





Xəbər lenti