Vəzifəsi `kəsmək` olan DÖVLƏT QURUMU... - yaxud pensiyaları kəsməyin yüz yolu



Əmək Nazirliyi rəsmilərinin təfsir, tərcümə və izahat gərəkdirən yanıltmac janrlı açıqlamaları davam edir. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov belə bir açıqlama ilə çıxış edib: “Əlillik müddəti bitmiş vətəndaşların əlilliyi 6 ayı keçdikdən sonra bərpa edilirsə, həmin vətəndaşların pensiyası əlilliyin yeni təyin olunduğu vaxtdan hesablanır. Bu, 2021-ci ilin 24 iyulunda qanuna edilmiş dəyişiklikdə öz əksini tapıb. Lakin əlillik müddətinin bitməsindən 6 ay keçməmiş yenidən əlillik təyin edilibsə, vətəndaşın pensiyası əlilliyin dayandırıldığı tarixdən bərpa olunur”.
Departament müdirinin bu qarmaşıq açıqlamasının təfsiri isə belədir: əlilliyinin bərpası 6 aydan çox çəkən şəxslərə əvvəlki ayların pensiyası ödənilməyəcək.

Təsəvvür edin, 1-ci qrup əlilsiniz və 6 aydan çoxdur ki, Əmək Nazirliyinin qurumları arasında yol ölçüb, haqqınız olan əlillik dərəcəsini almaq istəyirsiniz. Nəhayət, bir möcüzə nəticəsində haqqınız olan əlillik dərəcəsi sizə verilir, ancaq qurumdan deyirlər ki, əlilliyiniz bərpa olunanadək keçən ayların pensiyası sizə verilməyəcək. Ona görə ki, siz həmin müddət Nazirliyin gözündə "ideal" dərəcədə sağlam şəxs olmusunuz.

Əlillik dərəcəsinin, pensiyanın verilməsi üçün canının yarısını səngərdə qoyub, digər yarısı ilə evinə dönə bilmiş qaziyə “100 faiz sağlamlığını itirsəydin, sənə pensiya kəsər, əlillik təyin edərdik” deyən qurumun indi bu cür ucuz açıqlamalar verməsi, heç də nadir hadisə deyil.

Bu qurumda əzəldən qayda belədir: istəyirsən doğram-doğram ol, bədəninin 90 faizi yansın, əgər əlillik dərəcəsi almaq istəyirsənsə, gərək gedib hansısa xəstəxanada, hospitalda yatasan. Ya “yatmalısan”, ya da “ənənəvi” yollarla haqqın olanı almalısan. Bu, nəinki sıravi vətəndaşlar, hətta qazilər üçün də belədir.

Nazirliyin, onun fondlarının sağlamlığı məhdud şəxslərə verəcəyi pensiya, əlillik dərəcəsi ən ucuz bəhanələrlə, ən kiçik “qanun dəyişiklikləri” ilə ləğv edilə bilir. Bu səbəbdən də Əmək Nazirliyinin qarşısı heç zaman boş qalmır, nə vaxt ordan keçsəniz, etiraz edən, haqqını tələb edən neçə-neçə əlil, ahıl, qazi görə bilərsiniz.

Əlilliyi olan şəxslərin hüquqları haqqında qanunun 1-ci fəslinin 3.3-1-ci maddəsində bildirilir: “Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir”.

Nazirlik və onun istinad kimi göstərdiyi qanunda bildirilir ki, əgər 6 ay ərzində əlillik dərəcəsi bərpa olunsa, həmin şəxs ötürülmüş müddət də (yəni 6 ay) daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bu zaman isə o şəxslərə həmin altı ayın müavinəti ödənilməlidir.

Ancaq təəssüf ki, ölkənin reallığı qanunda yazılandan çox daha fərqlidir. Altı ay ərzində əlilliyi bərpa olunan şəxslər ümumi əlilliyi bərpa olunan şəxslərə nisbətdə çox daha azdır. İkinci Qarabağ Müharibəsindən artıq iki il ötməsinə baxmayaraq, hələ də əlilliyi verilməmiş yüzlərlə qazimiz var. Hələ beş-on il Nazirlik qarşısında əlillik dərəcəsi tələb edən fiziki məhdudiyyətli vətəndaşlarımızın sayı minləri ötüb.
Bizimyol.info
Tarix: 28-07-2022, 17:38
Xəbəri paylaş





Xəbər lenti