Rəşad Həsənov: “Biz yoxlamaları qadağan etmək deyil, məmurların fəaliyyətini şəffaflaşdırmaq yolunu seçməliyik”
Prezident sahibkarlıq sahəsində yoxlamaları dayandıran qanuna növbəti dəyişikliyi nəzərdə tutan qanunu təsdiqləyib. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlara edilən dəyişikliyə əsasən istilik təchizatı şəbəkələri də sahibkarlıq subyektlərində yoxlama aparmaq səlahiyyəti əldə edirlər.
Xatırladaq ki, 2015-ci il noyabrın 1-də qəbul edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun müxtəlif dövlət qurumlarının sahibkarlıq subyektlərində apardıqları çoxsaylı yoxlamaları (Baş Prokurorluğun korrupsiya cinayətlərinin araşdırılması üzrə apardığı yoxlamalar istisna olmaqla) dayandırmışdı. Ötən müddət ərzində qanuna çoxsaylı dəyişikliklər edilərək, yoxlamalarına icazə verilən qurumların sayı xeyli artırılıb.
Onu da qeyd edək ki, qanun qəbul edildiyi ərəfələrdə Azərbaycanda sahibkarların əsas narazılıq mənbəyi müxtəlif dövlət qurumlarının əsassız yoxlamalarla onların fəaliyyətinə yaratdıqları maneələr idi. Faktiki olaraq, çoxsaylı məmurların qazanc mənbəyinə çevrilən yoxlamalarla bağlı problem ölkə prezidentinə qədər gedib çatmışdı. Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bu barədə danışan Prezident İlham Əliyev açıq bildirmişdi ki, yoxlamaların böyük əksəriyyətinin arxasında maddi təmənna dayanır: “Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”.
Prezidentin çıxışından qısa müddət sonra qanun qəbul edildi və bir neçə aydan sonra açıqlanan məlumatdan aydın oldu ki, qanunun tətbiqi nəticəsində minlərlə yoxlamanın qarşısı alınıb. Lakin ötən 7 ildən yuxarı müddətdə əldə olunan müsbət nəticələri kölgədə qoyan bəzi mənfi tendensiyalar da müşahidə olunur: bir sıra sahibkarlar nəzarət edən dövlət qurumunun yoxlama səlahiyyətinin olmamasından istifadə edərək keyfiyyət amilini unudur, işçilərin əmək hüquqlarını kobudcasına pozurlar. Eyni zamanda fəaliyyətləri zamanı ətraf mühitə, təbiətə zərər vuran sahibkarlar da az deyil. Bu günlərdə yeni təyin olunan icra başçıları ilə görüşdə Prezident İlham Əliyev belə məsələlərə də toxunub. “Sahibkarlıq inkişaf edir, mən bunu dəstəkləyirəm və bunun üçün bir çox addımlar atılır. Ancaq burada da bütün qaydalara riayət edilməlidir, xüsusilə həm inşaatda, həm kənd təsərrüfatı sahəsində, turizm sahəsində. Baxmaq lazımdır, yaradılan obyekt nə dərəcədə bu və ya digər bölgənin memarlıq üslubuna cavab verir, nə dərəcədə müasir normalara cavab verir, bunun inşaat zamanı əmsalı normalara uyğundur, yoxsa yox”.
İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun qəbulunu zəruri edən əsas amil məmurların geniş korrupsiya mexanizminin qarşısını almaq olub: “Bir çox dövlət qurumlarında çalışan məmurlar yoxlamaları açıq korrupsiya mexanizminə çevirmişdilər. Bu isə sahibkarlar arasında kütləvi narazılığa səbəb olmuşdu. Bu mexanizm mikro, kiçik və orta sahibkarlığın inkişafı qarşısında başlıca maneə idi. Biz neynədik: bütün məsələlərdə olduğu kimi, bu məsələdə də problemi kökündən həll edib, korrupsiyanı aradan qaldırmaq, dövlət məmurlarının fəaliyyətində şəffaflığı təmin etməyi deyil, inzibati qaydada yoxlamaları qadağan etməyi üstün tutduq. Yəni yenə də sistemi dəyişmədən, bəlli qaydada inzibati rıçaqlarla sahibkarlıq sahəsində korrupsiya alətinə çevrilən yoxlamaların qarşısını müəyyən müddət üçün aldıq, bir növ, problemi dondurduq”.
Ekspert bildirir ki, tənzimləyici qurumların sahibkarlıq subyektlərində yoxlama aparması yalnız Azərbaycanda rast gəlinən hal deyil: “Requlyatorun bu fəaliyyəti dünya praktikasında geniş tətbiq olunur və tənzimləmənin əsas aləti hesab edilir. Biz bu imkanın qarşısını aldıq və nəticədə gördük ki, tənzimləyici öz qanuni funksiyasını da icra edə bilmir, sui-istifadə halları getdikcə artır. Yenidən başladıq yoxlamaların sayını artırmağa, daha çox quruma sahibkarlara münasibətdə yoxlama alətindən icazə verməyə. Böyük ehtimalla, 2023-cü ilin 1 yanvarından sonra qanunun müddəti artırılmayacaq, bütün tənzimləyici qurumların yoxlamaları bərpa olunacaq. Biz problemi kökündən həll etmədiyimiz, dövlət qurumlarının fəaliyyətinin şəffaf qurulmasını təmin etmədiyimiz üçün yenidən problemlərin yaranacağı, korrupsiya mexanizminin işə düşəcəyi qaçılmazdır. Problemi kökündən həll etmək üçün sistem dəyişikliyinə gedilməlidir. Dövlət məmuru sahibkara yem, qurban, əlavə qazanc mənbəyi kimi baxmamalıdır. Onların əlindəki mexanizmlər şəffaf olmalı, korrupsiyanın qarşısını almalıdır. Elə bir sistem qurulmalıdır ki, sahibkar dövlət qurumunu düşmən, dövlət məmurunu soyğunçu kimi görməsin. Düzünü deyim, indiki şərtlər daxilində belə bir dəyişikliyi real görmürəm. Bu günlərdə qəbul edilən Azərbaycanın ”2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və onun icrası üçün hazırlanan tədbirlər planında da bu istiqamətdə ciddi bir fəaliyyət, vəzifə qoyulmayıb qarşıya. Buna görə də yaxınmüddətli dövrdə Azərbaycanda məmurların sahibkarlara münasibətinin köklü dəyişməsini gözləməyə dəyməz".“Yeni Müsavat”
Tarix: 29-07-2022, 08:54