Sabunçu İcra Hakimiyyəti "şirkətə aiddir" dedi... - şirkət isə İNKAR ETDİ


Son günlər Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən (Qara Qarayev metrostansiyasının yaxınlığı) gölün süni olaraq qurudulması ilə bağlı sosial şəbəkələrdə bir sıra iddialar səsləndirilir. Hətta ötən illər ərzində gölün qurudulan hissəsi də xəritədə qeyd olunub:

Həmçinin gölə çirkab suların axıdıldığı, məişət tullantılarının atıldığı deyilir.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamandar Zeynalov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, həmin torpaq “Azpetrol Ltd” MMC-nin balansındadır və xüsusi mühafizə olunan yerdir:

“Həmin mühafizə Ekologiya Nazirliyi, İcra Hakimiyyəti və digər qurumlardan gələn nümayəndələri həmin əraziyə buraxmır. Rayon rəhbərinin məlumatı var. Yəqin ki, “Azpetrol” rəhbərliyi həmin ərazi ilə bağlı qərar verəcək, çünki həmin ərazinin xüsusi mülkiyyətləri olduğunu bildirirlər”.

Qurum nümayəndəsinin sözlərinə görə, həmin şəxslər nə gölün qurudulması, nə də çirkləndirilməsi ilə bağlı məlumat vermirlər.

“Bu ərazi çirkləndirildiyi halda sözügedən şəxslər ya həmin ərazinin sahə polisinə, ya icra hakimiyyətinə rəsmi müraciət edə bilər. Yaxud da kommunal-təsərrüfatla müqavilə bağlayaraq buranın təmizlənməsinə nail ola bilər”, - deyə K. Zeynalov əlavə edib.

“Azpetrol Ltd” MMC-nin mətbuat katibi Ülviyyə Hüseynova “Ölkə.Az”a açıqlamasında bildirdi ki, həmin ərazinin sözügedən şirkətə aidiyyəti yoxdur.

Tarix: 2-08-2022, 13:33
Xəbəri paylaş





Xəbər lenti