Ölkə turizminin bitməyən problemləri – inzibati yolla tənzimlənsinmi...


 
 İllərdir Azərbaycanın turizm sahəsində problemlər olmasından danışılır, yazılır. Bunu rəsmilər də etiraf edir. Son illərdə ölkə xaricinə çıxışın məhdud olduğu, quru yolla gediş olmaması, təyyarə biletlərinin bahalığı fonunda başqa ölkələrə tətilə gedənlərin sayında kəskin azalma var. Əksəriyyət bölgələrimizə axışır. Bu o deməkdir ki, obyektlərin müştəri problemi yoxdur. 
Ancaq əksər turistik məkanlarda vəziyyət düzəlmək- xidməti yaxşılaşdırmaq, münasib qiymətlər təklif etmək əvəzinə, “yol,burax” siyasəti davam edir.  Bu, həmçinin, əcnəbi turistlərə münasibətdə də belədir. Hətta dünən sosial şəbəkələrdə dənizkənarı restoranlardan birində yemək-içmək menyusunun sonuna “dənizə girmək -20 manat” hesablanıb. Beləliklə, Azərbaycanın turizm ölkəsinə çevrilməsinə ciddi zərbələr vurulur.  Bölgələrdə də vəziyyət pisdir. Rayonlara gedən vətəndaşların əksəriyyəti bahalıqdan və xidmətin aşağılığından gileylənir. 

Ekspert: “Dövlət müdaxiləsi olmalıdır, amma sərt cəzaların tətbiq edilməsinin tərəfdarı deyiləm”
 Turizm bloggeri Rəna Kərimova “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda ödənişsiz, yaxud girişi ucuz olan çimərliklərdə hərc-mərclik, xaos çox olur: “Belə çimərliklərdə maşınlar sahildə saxlayırlar. Amma İDEA İctimai Birliyinin dəstəyi ilə yaradılan ictimai çimərliklərdə isə vəziyyət qənaətbəxşdir: parkinq, çətirlər, şezlonqların olması, girişin ödənişsiz olması, nəzarətçilərin müşahidəsi və s. baxımdan hər şərait var. Dünya ölkələrində çimərliklər şəhər mərkəzlərinə yaxın yerləşir. Bu, turistlər üçün çox əlverişlidir. Gəzintidən sonra istənilən çimərlikdə sərinləmək imkanını turistlər üçün hər baxımdan  üstünlük hesab edirlər. Bu çimərliklərin əksəriyyəti ödənişsiz xalq çimərlikləridir.  Sadəcə əlavə xidmət üçün yaxud lazımi vasitələr üçün ödəniş tələb oluna bilər. Eyni zamanda bəzi restoran və kafelərin qarşısında yerləşən çimərliklərdə də istirahət etmək olar. Türkiyə təcrübəsinə nəzər salsaq, orada turistlər sadəcə iaşə obyektindən qida yaxud içki almaqla bu çimərliklərdə, istirahət edə, eyni zamanda çətir, şezlonq və s. istifadə edə bilərlər”.
Ekspert bildirir ki, regionlarda qiymətlərin günü-gündən artmasına baxmayaraq, keyfiyyət aşağıdır: “Xüsusilə, menyu məsələsində kifayət qədər problemlər var. Müştəri menyuya baxıb sifarişini verir, lakin hesabda tamam başqa rəqəmlər qeyd olunur. Etiraz edəndə isə “menyu yenilənib” cavabını eşidirik”.
 Kərimova turizm sektorundakı problemlərin aradan qaldırılması üçün dövlətin müdaxiləsini dəstəkləyir: “İstənilən halda özəl sektor özünü tənzimləməyəcək. Tələbat olduğu müddətdə qiymət artımı labüddür. İstər Bakıda, istərsə də regionlarda istirahət mərkəzlərində boş yer tapmaq qeyri-mümkündür. Çünki insanlar ildə bir dəfə istirahət üçün öncədən hazırlıq görürlər. Dövlət müdaxiləsi olmalıdır, amma sərt cəzaların tətbiq edilməsinin tərəfdarı deyiləm. Çünki turizm inkişaf mərhələsində olan sahədir”.
Tarix: 8-08-2022, 22:07
Xəbəri paylaş





Xəbər lenti