Əilliyin təyinatı ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət edən l Qarabağ müharibəsi qazisi çarəsiz durumdadır. SİAM.AZ xəbər verir ki, Bərdə rayon sakini, Qarabağ müharibəsi iştirakçısı Şəmail Mustafayev Cebhe.info-nun redaksiyasına gələrək vəziyyəti barədə danışıb.
O, 2016-cı ildə ll qrup əlillik təyinatı aldığını, lakin 5 il sonra həkimlərin rəyinə baxmayaraq, təkrar əlilliyin təyin olunmadığını bildirib:
"Mənə Bakı Sağlamlıq Mərkəzinin diaqnozu ilə əlillik təyin edilib. Bunlarsa Bərdə rayon xəstəxanasının həkimini məhkəməyə verirlər. Mənim əlilliyim ləğv olunandan sonra müalicə ala bilmirəm, bir ayda 16 dəfə epilepsiya tutur. Xeyrə-şərə getməyə utanıram. Qazilər haqsızlığa dözməyib,özlərini yandırırlar, məni də o həddə çatdırırlar. Hara müraciət edim, dərdimi kimə danışım, bilmirəm ".
Qazi bildirib ki, əlilliyin təyinatı ilə bağlı təsdiq olunmuş yeni meyarlarla əlavə yoxlanışın getdiyi cavabını alıb:
"Bir neçə xəstəxanada yatmışam. Bütün sənədlərim hazırdır, əlimdədir. Hətta həbsxanaya düşdüm ,orda da hər gün epilepsiya keçirirdim,orda da mənə rəy verdilər. Epilepsiya xəstəsi kimi qeydiyyatdan keçmişəm, dərmanları dövlət verir. Amma mən müharibədə kəllə-beyin travması aldığım üçün xəstəyəm. Azərbaycanın hər yerində mənim igid əsgərlərim var. Mayor kimi ehtiyata buraxılmışam. Oğlum Laçında hərbçidir. Bir oğlum var, minaya düşdü, əməliyyat oldu, amma geri dönmədi. Mən vətən üçün elə oğul yetişdirmişəm. Suqovuşan döyüşlərində iştirak edib. Öz həyətimdən şəhid ailəsinə torpaq vermişəm, su vermişəm. İndi niyə mənə belə münasibət göstərilir, bilmirəm. Kaş şəhid olaydım, belə məmurların əlinə düşməzdim. Yaşamağıma peşmanam, ya bizi yığıb güllələsinlər, ya da biz bilək kimik, nəyik".
Şəmail Mustafayev bildirib ki, bütün həkim rəyləri və keçirilən məhkəmələr onun kəllə-beyin travması aldığını təsdiqləyib:
"Bütün sənədləri sistemlə göndərirəm. İmtina yazıb, vaxtı uzadırlar, əlavə yoxlanış yazırlar. Bakı Sağlamlıq Mərkəzində, 3 saylı xəstəxanada, Maştağakı xəstəxanada yatmışam, hamısının sənədləri var".
Əlillərin Bərpa Mərkəzində qadın həkimə əl qaldırmasına görə 1 il həbs olunan qazi orada da haqsızlığa uğradığını qeyd edib:
"Mən qadına əl qaldırmaram, o, yanlış addım idi. Amma məni son həddə çatdırdılar, həm də mənə dərman vermirdilər, uzun müddət dərman qəbul eləmirdim. Səhhətim, sağlamlığım yerində deyildi. Mən kənddə örüş torpaqlarını zəbt elədiklərinə görə səs-küy salmışdım, kənd camaatı mal-qara saxlaya bilmirdi, o da mənə qurulmuş bir tələ oldu ".