Tısbağa sürətli internetimiz: “Yaxın 2 ildə...”


Tısbağa sürətli internetimiz: “Yaxın 2 ildə...”



Ötən ayın nəticələrinə görə, Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 121-ci yerdədir.
Bu da iyun ayı ilə müqayisədə 3 pillə geriləmədir. İyulda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 20,89 MB/s (Megabyte second”) olub.
Bu barədə “Speedtest Global Index”ə istinadən xəbər verilir. 
Bundan başqa, ölkəmiz bu ilin iyul ayında mobil internetin sürətinə görə digər ölkələr arasında 2 pillə geriləyib və 31,21 MB/s sürətlə 60-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparılıb.
Birinci yerdə Çili (212,98 MB/s), sonuncu yerdə isə Əfqanıstan (1,85 MB/s) qərarlaşıb.
Mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 120,35 MB/s sürətlə birinci, Kuba isə 4,15 MB/s sürətlə sonuncu 140-cı yerdə qərarlaşıb.
Ölkəmizdə internet sürətinin azalmasına səbəb nədir? Ümumiyyətlə, hər gün müzakirə edilən internetin sürəti nə zaman düzələcək?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bizdə son zamanlarda internetin sürətinin yaxşılaşdırılmasında irəliləyişlər var:

“Çox güman ki, siyahıda olan ölkələrin bəzilərində vəziyyət yaxşılığa doğru dəyişdiyi üçün bizdə geriləmə olub. Əslində, bizdə sürət həmin sürətdə qalıb.
Çünki bizdə son dövrlərdə internetin sürətində müsbətə doğru xeyli addımlar atılıb. İstəyir “Aztelecom”, istərsə də “Baktelecom” aşağı sürətlərin dayandırılması, yuxarı sürətə keçdiklərini açıqlayıblar. Hətta bununla bağlı problem də yaşanmışdı.
Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi özəl provayderlərlə iş birliyi ilə həm Bakı ətrafında, həm də regionlarda artıq fiber optik (FTTx) infrastruktur qurulur. Yəni ADSL-dən (Assimmetrik Rəqəmsal Abunəçi Xətti) imtina olunur və GPON (“Gigabit Passive Optical Network” – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası vasitəsilə şəbəkə çəkilir. Həmin GPON-la çəkilən infrastruktur bəzi yerlərdə tamamlandığına görə, qurumlar daha sürətli internet təqdim edirlər”.
Osman Gündüz hesab edir ki, indi daha çox problem regionlarda, xüsusilə, kəndlərdədir:
“Region mərkəzlərində bu istiqamətdə işlər görülsə də bütövlükdə, əhalinin böyük əksəriyyətinin yaşadığı kəndlərdə fiber optik internetlə bağlı problem var. Burada yüksək sürət əldə etmək mümkün deyil.
Kəndlərin əksəriyyətində normal 3G və 4G mobil internet xidməti göstərilmir. Yəni yüksək sürətli nə mobil internet, nə də fiber optika yoxdur. Kəndlərdə vəziyyət belə olduğuna görə, toplam ölkə üzrə internetin orta statistik göstəricinə təsir edir. Bununla bağlı nazirlik 2 illik proqram elan edib. Həmin müddətin artıq yarısı gedib. Nazirlik bütün ölkə üzrə yeni bir fiber optik internet infrastrukturun yaradılmasını hədəfləyir. Bu istiqamətdə müəyyən işlər aparılır.
Amma müşahidə edirik ki, bu işlər ləng gedir. Elə rayon var ki, kəndlərində infrastruktur qurmağa başlayıblar, dirəkləri yerləşdirib, kabelləri çəkiblər, amma internet verə bilmirlər. Hesab edirəm ki, nazirlik özü monitorinq aparmalıdır ki, kimlərlə işləyir, hansı podratçılarla iş qurur. Bu podratçılara nəzarət işi yetərli deyil. Açıq-aşkar müşahidə edirik ki, yarım ildir bir podratçı bir kənddə ilişib qalıb, infrastrukturu başa çatdıra bilmir”.
Ekspert bildirb ki, yaxın 2 ildə qarşıya müəyyən hədəf qoyulub və bu hədəfə çatmaq üçün müsbət addımlar atılıb:
“Bizdə hələlik 25-30 MB/s hədəf qoyulub. Hər bir sürət həmin inkişafa adekvat olmalıdır. Bu dəqiqə kənddəki istifadəçinin 50-100 MB/s-ə ehtiyacı varmı, əlbəttə, yox. İnkişaf parallel getməlidir. Gərək orada böyük rəqəmsal biznes olsun. İndi bizdə koorperativ sektorlar yavaş-yavaş inkişaf etdiyinə görə, şəhərlərdə böyük sürətə ehtiyac yaranır. Hələlik regionlarda elə böyük sürətdən başlamaq da yetərli deyil. İnsanlara seçim imkanı verilməlidir, 10, 20, 30, 40 MB/s bunlar arasında seçim edilməlidir”.
Tarix: 18-08-2022, 18:05
Xəbəri paylaş





Xəbər lenti