Mirvari Qəhrəmanlı: “Belə görünür ki, köhnə işçilərə imtahan keçirilməsi adı ilə təzyiq olunur” SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu, “SOCAR Methanol”, “SOCAR Karbamide”, “SOCAR Polymer” Qaz Emalı Zavodu və “Azərkimya” kimi istehsal müəssisələri “SOCAR Downstream Management” MMC şirkətinin idarəçiliyi altında birləşir. Bu barədə neft üzrə ekspert İlham Şaban yazıb. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə bildirib ki, SOCAR-da ixtisarlar başlanıla bilər. Bir neçə müəssisənin bir idarəçilik altında birləşdirilməsi ixtisarlara səbəb olur: “Qərar imzalanıb, amma onun SOCAR Müşahidə Şürası tərəfindən təsdiqi sentyabrda olmalıdır”. Hüquq müdafiəçisi deyib ki, SOCAR-ın yanacaq satan şirkətində də dəyişikliklər var. Şirkətin 100 faizlik törəmə müəssisəsi olan “SOCAR Petroleum” QSC-də bu ilin iyunun 1-də işçi ştatının optimallaşması ilə əlaqədar əməkdaşlara bildirişlər paylanılıb. Bu bildirişlər vasitəsilə işçilərə xüsusi imtahan olunduqdan sonra onların vəzifələrində qalıb-qalmayacağı haqqında qərarın verilməsinə dair məlumat çatdırılıb. “Bildiriş təqdim edilən tarixə qədər, QSC-də 2 min 250 nəfər çalışıb. İşçilərə eyni zamanda bildirilib ki, onlara 1 ay müddətinə öz istəkləri ilə tutduqları vəzifəni tərk etmə imkanı verilir. Maraqlı odur ki, heç bir xüsusi imtahan aparılmadan kənardan işçilər cəlb edilir. Belə görünür ki, köhnə işçilərə imtahan keçirilməsi adı ilə təzyiq olunur”,- Qəhrəmanlı əlavə edib. Onun sözlərinə görə, QSC-yə rəhbərlik 3 aydan çoxdur ki, SOCAR prezidenti Rövşən Nəcəfin müşaviri vəzifəsində çalışan Abdulla Tağıyevə tapşırılıb. Cəmiyyətin gündəlik işlərini Tağıyevin qohumları və yaxınları aparırlar. Belə ki, işçilərə bildirişlər verən Abdulla Tağıyevin bacanağıdır. ASC-nin digər rəhbəri İmran İmranov cəmiyyətdə ümumiyyətlə heç bir vəzifə tutmur və Bakı Neft Emalı Zavodunda vəzifədədir: “Təşkilatımıza daxil olan məlumatda deyilir ki, yeni işə cəlb edilənlərin bu sahədə təcrübələri yoxdur. Amma nədənsə təcrübəli işçilər işdən uzaqlaşdırılır”. Qəhrəmanlı qeyd edib ki, məsələni daha bir tərəfi odur ki, QSC-nin rəsmi baş direktorunun bütün səlahiyyətləri əlindən alınıb: “4 aydır işdən çıxma ərizəsi təsdiqlənmir, çünki baş verənləri yeni rəhbərliyin adına yazmaq istəmirlər. Bu cür kadr siyasəti nəticəsində QSC-nin yüzlərlə aparıcı mühəndis, mütəxəssisləri, o cümlədən rəhbər işçiləri iş yerlərini itiriblər”. “SOCAR Petrolium” şirkəti 2008-ci ilin yanvar ayında yaradılıb. Azərbaycanda neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olur. Hazırda şirkətin 42 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Şirkət həmçinin 11 neft doldurma bazasına malikdir. Şirkətin Bakıda 1 ÇNG (sıxılmış qaz) terminalı var. Qubadlı rayonunun Eyvazlı kəndindən keçən hissəsində yanacaqdoldurma məntəqəsi isə ötən ilin dekabrında açılıb. Həmin il Şuşa və Ağdamda da səyyar yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb. “SOCAR PETROLEUM” QSC məsələyə münasibət bildirib. Açıqlamada deyilir ki, “SOCAR PETROLEUM” QSC-nin İdarə Heyəti Cəmiyyətin strukturunun təkmilləşdirilməsi və optimallaşdırılması prosesini həyata keçirilməsi ilə bağlı qərar qəbul edib. Cəmiyyətin idarə heyətinin bu qərarı verməsinə səbəb ayrı-ayrı bölmələrdə çoxsaylı pozuntular, maliyyə intizamsızlığı, işin effektivliyinin aşağı səviyyədə olması əsas olub. “Yoxlamalar zamanı məlum olub ki, Cəmiyyətin bir sıra struktur bölmələrində çalışmış bəzi əməkdaşların təhsilləri peşələri ilə uzlaşmır. Bundan əlavə, Cəmiyyətin ayrı-ayrı bölmələrində çalışan bir sıra şəxslərin fəaliyyətləri audit yoxlamalardan keçirilib və bu yoxlamalar nəticəsində ciddi maliyyə və inzibati nöqsənlar aşkara çıxarılıb”. “Cəmiyyət rəhbərliyinin qərarına uyğun olaraq, aparılan işlər çərçivəsində struktur və bölmələrin əməkdaşları qiymətləndirilmə prosesinə cəlb olunub. Qiymətləndirilmə ilk əvvəl elektron formada- test sualları vasitəsiylə həyata keçirilir və prosesin şəffaflığı tam təmin edilir. Qiymətləndirmə üzrə imtahandan iştirakdan imtina edən “SOCAR PETROLEUM”-un bəzi əməkdaşları öz xahişləri ilə işdən azad edilib və həmin şəxslərə orta əməkhaqqının beş misli dəyərində kompensasiya ödənilib”, – açıqlamada vurğulanır. Daha sonra qeyd olunur ki, “SOCAR rəhbərliyinin humanist addımı” nəticəsində sərbəstləşən bütün işçilərə qeyd edilən ödənişlər həyata keçirilir. Bundan əlavə, qiymətləndirilmədən keçməyən işçilərin də bəziləri gələcəkdə Cəmiyyətin strukturlarında boş vakansiya yerlərində yerləşdirilməsi nəzərdə tutulur. Məlumatda qeyd olunan kadrlar şöbəsinin rəis müavini bundan öncə də eyni şöbədə, eyni vazifədə uzun müddətdir çalışır və hazırda da yeni strukturda həmin vəzifədə işini davam etdirir. Maliyyə bölməsinə isə SOCAR -ın müxtəlif strukturlarında 32 illik iş təcrübəsi olan şəxs rəhbərlik edir: “Təəssüf hissi ilə bildiririk ki, bəzi sosial şəbəkələrdə “SOCAR PETROLEUM”-un strukturunda aparılan optimallaşdırma işləri və işin effektivliyini artırılması fonunda həqiqətə uyğun olmayan məlumatlar yayılıb”.