Deputatların “ucuz taksi” ŞİVƏNİ: “Ramiz Mehdiyevin mandat verdiyi o adamlar...”
“Ancaq o adamlara sual vermək lazımdır ki, sizin bu millətin vəziyyətindən xəbəriniz varmı?!”Bu fikirləri Milli Məclisin deputatları Rüfət Quliyev və Müşfiq Cəfərovun Azərbaycanda taksi xidmətinin ucuz olması ilə bağlı “narahatlıqlarına” münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri
Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
Partiya sədrinin sözlərinə görə, Ramiz Mehdiyevin təyin etdiyi bu deputatlardan sadə vətəndaşların xeyrinə nəsə iş gözləmək yersizdir:
“Əvvəla, onları deputat yox, təyin edilmiş deputat adlandırmaq daha doğrudur. Onlar xalqdan, millətdən xəbəri olmayan insanlardır. Görünür, imkanları o qədər genişdir ki, üç-beş manata əhəmiyyət vermirlər. Çünki bu adamlar ölkəni talan edənlərlə bir sıradadırlar.
Təyin edilmiş deputatlar belə danışmalıdırlar da, onlardan başqa nə gözləmək olar? Ancaq o adamlara sual vermək lazımdır ki, sizin bu millətin vəziyyətindən xəbəriniz varmı? Elə bilirsiniz, həmişə belə olacaq? Sabah bu millət sizi daş-qalaq edəcək axı…
Əlbəttə ki, mənəviyyatını itirmiş belə insanların parlamentdə olması Azərbaycan xalqına təhqirdir, onun günü-gündən uçuruma yaxınlaşdırılmasıdır. Ramiz Mehdiyevin deputat təyin etdiyi bu adamların bir məqsədi var ki, hər şeyin bahalaşdığı bu şəraitdə millət qalxıb üsyan eləsin, ara qarışsın. Onların məqsədi budur.
Çalışırlar ki, qarşıdakı payız aylarında ölkədə qarışıqlıq düşsün. Bu işlərin başında hakimiyyətin daxilindəki müəyyən dəstələr, “beşinci kolon”un üzvləri və Ramiz Mehdiyevin mandat verdiyi deputatlar dayanır. Yəni tapşırıq alıblar və onu icra edirlər. Siz də görürsünüz ki, onlar ancaq millətin əleyhinə fəaliyyət göstərirlər. Onlar deputat yox, bu xalqın düşmənləridir”.
Tarix: 22-08-2022, 21:39