NAXÇIVAN PROKURORLUĞU KEÇMİŞ PENSİYAÇILARDAN PUL TƏLƏB EDİR – “Qanun buna yol vermir”
Azərbaycanda pensiya və müavinətləri kəsilən vətəndaşların bir qismi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Audit yoxlamaları şöbəsi tərəfindən hüquq-mühafizə orqanlarına və məhkəmlərə müraciətlər edilib. Haqqında şikayət edilənlərin arasında vaxtı ilə bu qurumda vəzifə tutmuş şəxslər də var. Dövlət qurumu onlardan saxta yolla əldə olunmuş büdcə vəsaitlərinin geri qaytarılmasını tələb edir. Bununla bağlı xeyli sayda məhkəmə prosesləri keçirilib.Naxçıvan Muxtar Respublikasında (NMR) isə bu iş bir qədər fərqli və "özünəməxsus" qaydada aparılır.
"AzPolitika.info"-ya daxil olan məlumata görə, yerli prokurorluğun əməkdaşları barəsində müraciətlər edilmiş vətəndaşları dəvət edərək, onlardan pul tələb edir. Habelə sosial qurumlarda vaxtı ilə çalışmış məmurlardan da dövlətə vurduqları zərərin vətəndaşla müştərək qaydada ödənilməsi tələb olunur.
Pensiyası kəsilmiş bəzi vətəndaşlar bildirirlər ki, dövlət məmurları ilə cinayət əlaqəsinə girərək hər hansı qanun pozuntusu törətməyiblər.
"Səhhətimdə problem olub, müraciət etmişəm, pensiya təyin olunub. 10-15 il dövlətin kəsdiyi təqaüdü almışam, xərcləmişəm. Pensiyamı kəsəndən sonra məni çağırıb deyirlər ki, sənədin saxtadır, dövlətdən aldığını geri ödə. Mən niyə ödəməliyəm? Əgər vaxtilə hansısa sənədləri düzgün yazmayıblarsa, bu, həmin sistemdə çalışan məmurların günahıdır, onlardan tələb etsinlər", - adının çəkilməsini istəməyən bir sakin belə deyir. Bu sakindən Naxçıvan MR Prokurorluğunda külli miqdarda pul tələb edir, əks halda həbs olunacağı ilə hədələyirlər.
Hüquqşünas Hafiz Həsənov yaranmış durumu "AzPolitika.info"-ya şərh edərkən bildirib ki, hər hansı istintaq və məhkəmə prosesi aparmadan vətəndaşdan və ya keçmiş məmurdan pul tələb olunması qanunsuzdur:
"Prosedur belədir ki, müvafiq dövlət qurumu iddia etdiyi saxtakarlıq faktı ilə bağlı ya prokurorluğa şikayət edir, ya da mülki qaydada məhkəmədə iddia qaldırır. Bu zaman dələduzluq maddəsi ilə cinayət işi açılır, hüquq-mühafizə orqanı istintaq aparır və dövlət ittihamını məhkəmədə müdafiə edir. Əgər cavabdehlərin təqsiri sübut olunarsa, bu zaman onlardan sözügedən vəsaitin dövlət büdəcsinə ödənilməsi tələb oluna bilər. Vəsaitin alınması isə yenə də mütləq qaydada hüquqi prosedurlar çərçivəsində aparılmalıdır. Əgər müvafiq dövlət orqanı mülki qaydada məhkəmədə iddia qaldırıbsa, araşdırma aparılır, bu zaman vətəndaş dövlət məmurlarının da cavabdeh kimi işə cəlb olunmasını tələb edə bilər. Yaxud pulu tələb edən dövlət orqanı özü keçmiş və ya indiki işçilərinin cavabdeh kimi prosesə cəlb olunmasını təmin edə bilər. Əgər, məhkəmədə vətəndaşın saxta yolla dövlətdən pul vəsaitləri əldə etdiyi sübut olunarsa, bu qətnamədə əksini tapır. Məhkəmə icraçıları vəsaitin geri ödənilməsi üçün vətəndaşa və ya digər cavabdehə 10 gün vaxt verir, bu müddətdə pulun ödənişi həyata keçirilməzsə, o zaman onların gəlirlərinə yönəldilə bilər. Burada maddi, mülki məsuliyyət nəzərdə tutulduğuna görə hər hansı cinayət təqibi, həbs ola bilməz".
Tarix: 24-08-2022, 13:58