“Sıfır” və “iki”yə layiq olanları 100-150 bal ilə ali məktəblərə qəbul etdik” - Təhsil eksperti
Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır. Qruplar üzrə gərgin mübarizə gedir. I ixtisas qrupu üzrə 16419 plan yeri uğrunda 19030, II ixtisas qrupu üzrə 12232 plan yeri uğrunda 9804, III ixtisas qrupu üzrə 15157 plan yeri uğrunda 16572, IV ixtisas qrupu üzrə 3980 plan yeri uğrunda 4130, V ixtisas qrupu üzrə 4093 plan yeri uğrunda 8000-dən çox abituriyent mübarizə aparır.Bu il ali məktəblərə qəbul imtahanında 31 893 nəfər abituriyent 0-150 arası bal toplayıb. Bunu təhsil sisteminin səviyyəsinin aşağı olması ilə əlaqələndirənlər var.
Bəs görəsən, belə nəticə nəyin göstəricisidir? Burada kim günahkar hesab olunur?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, təhsilin keyfiyyəti abituriyentin az və ya çox bal toplaması ilə ölçülmür: “Statistika, rəqəmlər insanlarda pessimist əhval-ruhiyyə yaradır. Məsələnin mahiyyəti kənarda qalır. Sovet dövründə hər sinifdə iki əlaçı, üç zərbəçi olurdu. Sinifdə saxlama var idi. İndi isə uşağı sinifdə saxlamaq yoxdur. Bu statistika sovet dönəmində qabardılmayıb. İndi qabardıldığı üçün təəccüb doğurur. Həmişə pis oxuyanlar yaxşılardan çox olublar. Təhsilin keyfiyyəti kimsənin 0 və ya 700 bal toplaması ilə ölçülmür. Test imtahanı tətbiq olunduqdan sonra 700 ballıq sistem dəbə mindi. İxtisas qrupları ilə test tətbiq olunandan sonra belə fərqlər əmələ gəldi”.
N.İsrafilov qeyd edib ki, “sıfır” və “iki”yə layiq olanları 100-150 bal ilə ali məktəblərə qəbul etdik: “Univeristetlərin plan yerlərini doldurmaq üçün 100-150 balla ali məktəblərə abituriyentləri qəbul etdik. Biz həmişə yüksək göstəriciləri əsas götürmüşük.
Bu il 700 bal toplayan olmayan kimi haray salırıq. Bal nisbi bir anlayışdır. Bununla ölçülməməlidir. Statistika qabardıldı. 32 min nəfərə yaxın şəxsin 0-150 bal toplaması savadsızlıqla əlaqələndirilməməlidir. Təhsilin keyfiyyətini balla ölçmək yanlışdır”.
Ekspert əlavə edib ki, ümumtəhsil məktəblərinin işi ali təhsil müəssisələrinə tələbə hazırlamaq deyil: “Kurikulum ünsiyyət yönümlüdür. Kurikulumun vəzifəsi şəristəyə əsaslanan şəxsiyyət yönümlüdür. Biz vətəndaş hazırlamalıyıq.
Bizim 44 günlük müharibəmizi 700 bal toplayanlar qazanmadılar. Xalqla bağlı olanlar oldu. Günahkar bizik. Bu məsələnin üzərinə yetərincə getməməliyik. Həmişə aşağı nəticələrə görə pislər unudulurlar. O balı toplayanların hamısı bizim övladlarımızdır. Vətənə xidmət edəcəklər. Məsələnin üstünə bu qədər getmək olmaz. Bu balla təhsil dağılmır, çökmür. Aşağıları yuxarıların səviyyəsinə çatdırmaq lazımdır. Bu, düşünmək üçün siqnal oldu”.
Tarix: 28-08-2022, 22:38