“Bəlkə, Cahangir Əsgərovun beyninə nəsə batdı”


“Bu təklifi edən deputatlara təşəkkür düşür. Kaş, təkcə, o deputatlar yox, 10-15 deputat da bu məsələ ilə bağlı müraciət eləsin. Bəlkə, Cahangir Əsgərovun beyninə nəsə batdı”.
Bu sözləri Yenisabah.az-a əməkdar jurnalist Ləman Ələşrəfqızı Türkiyədə təhsil alan tələbələrin bilet qiymətlərində güzəştlərin edilməsi ilə bağlı deputatlar Ceyhun Məmmədov və Fazil Mustafanın AZAL rəhbəri Cahangir Əsgərova müraciətlərinə münasibət bildirərkən deyib.
Qeyd edək ki, jurnalistin övladı Türkiyədə təhsil alır. L. Ələşrəfqızı deyib ki, 
dərslər oktyabrda başlayacaq və görünən budur ki, təyyarə biletlərinin qiyməti dəyişməyəcək:
“Samsunda təhsil alan övladımın yolu əsas Gürcüstandan idi. Gürcüstan da pandemiyaya görə hazırda iflic vəziyyətdədir. Bundan başqa, Naxçıvan yolu vardı. Onun da aqibəti göz qabağındadır. İndi isə Samsuna getmək üçün əvvəlcə, Türkiyənin hansısa bir şəhərinə oradan da Samsuna getməlidir. Bu da artıq xərcdir. 
Hər dəfə də  bu mövzuda danışmağımıza baxmayaraq, divara dəyib bumeranq effektiylə dediklərimiz özümüzə qayıdır. Heç bir müsbət nəticə yoxdur. Bu məsələnin müsbət həlli üçün xüsusilə deputatlar dəfələrlə müzakirələrə çıxarmalıdırlar”.
Əməkdar jurnalist hələlik bu haqda AZAL-a müraciət etmədiyini bildirib: “Müraciət edəndə də baxmayacaqlar. Bu o demək deyil ki, şikayətimizə baxılmayacaq deyə insanlar qurumlara müraciət eləməsin. Mən özüm də jurnalistəm. Biz ömür boyu şikayətlərlə işləmişik. “İç xəbər”də həm çalışmış, həm də həmin proqram rəhbəri olmuşam. Təsəvvür edin, adamlar bəzən on  illərlə yazdıqları qalaq-qalaq məktubları gətirirdilər. Azərbaycanda kim kimin kitabını, məktubunu oxuyur?! Mənim yazmağımla nə dəyişəcək?! Mən elə bir təcrübəni görmüşəm. Müraciətləri oxumadıqlarına  görə, heç müraciət etmək niyyətində də deyiləm. Bunun yeganə yolu məsələni ictimailəşməyi hər gün deputatların müzakirələrə çıxarmasıdır”.
Tarix: 29-08-2022, 16:50
Xəbəri paylaş





Xəbər lenti