Tələbələr təhsil aldıqları ölkəyə gedə bilmir - AZAL vəziyyətdən istifadə edir?
Avqustun sonunadək tələbələr təhsil aldıqları xarici ölkəyə getməlidirlər. Amma aviabiletlərin baha olması onların oxuduqları ölkəyə getməsinə mane olur. Artıq sosial platformada valideynlərin aviabiletlərin baha olması ilə bağlı narazılıqları da artıb. Onlar təyyarə biletinə xaricdə övladlarının bir illik təhsil haqqı qədər xərc çəkdiklərindən şikayətlənirlər. Biletin qiyməti təhsil haqqından bahadır DİA.AZ_ın məlumatına görə, valideyn Fatma Hüseynova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iki övladı xaricdə təhsil alacaq. Onun sözlərinə görə, övladlarının bir illik təhsil haqqı biletin qiymətindən ucuzdur. Ona görə həmsöhbətimiz biletləri qiymətlər aşağı olduqda, əvvəldən alırlar. Amma F. Hüseynova deyir ki, digər övladı da xaricdə universitetə qəbul olduğundan, bu il xərci daha da artıb. Bunun üzərinə bilet xərcini də gəldikdə valideyn iki övladına aldığı biletin pulunun illik təhsil haqqından baha başa gəldiyini söyləyir. F. Hüseynova deyir ki, dünyanın əksər ölkələrində xaricdə təhsil alan tələbələrə müəyyən güzəştlər edilir. Çünki, xaricdə təhsil alan tələbələrə ölkənin gələcəyi kimi yanaşılır. Azərbyacanda isə təyyarə biletləri günü-gündən bahalaşır. Quru sərhədlər bağlı olduğundan, valideynlərin öz övladını xaricə göndərmək üçün baha qiymətə avia bilet almaqdan başqa çarəsi qalmır. AZAL vəziyyətdən istifadə edir? Ekspertlər də AZAL-ın valideynlərin çarəsizliyindən sui-istifadə etdiyini söyləyir. DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, AZAL tələbələrdən pul soymaq üçün aviabiletlərin qiymətini hər gün bahalaşdırır. Onun sözlərinə görə, valideynlərin və tələbələrin çıxılmaz vəziyyətdə qalması isə heç kəsi narahat etmir: "Təyyarə biletlərinin baha olması səbəbindən yüzlərlə tələbə xaricə gedib təhsilini davam etdirə bilmir. Amma çox təəssüf ki, bu heç kəsi narahat etmir. Dövlət qurumları da problemdən xəbərdardır. Amma vətəndaşlıq missiyası göstərib problemdən çıxış yolu göstərən yoxdur". Deputat deyir ki, tələbələrə uçuş qiymətlərində 50 faiz güzəşt olmaldıır. Onun sözlərinə görə, dövlət fond yaratmalı, Azərbaycanın gələcəyi naminə xaricdə təhsil alan tələbələrin təhsil xərclərinin bir hissəsini qarşılamalıdır: "Amma dövlət qurumları buna elə yanaşır ki, bu sanki bunların problemi deyil. Halbuki, tələbələrin təyinat nöqtəsinə getməsi təmin olunmalıdır.Çarter reysləri açılamalıdır. Bu gün avia biletlərin qiymətləri 700-800 manatdır. Bu məbləği ödəyərək xaricdə təhsil almaq əksər tələbənin imkanı xaricindədir. Nəzərə almaq lazımdır ki, tələbənin xərci yol haqqı ilə bitmir. Tələbəyə təhsil aldığı ölkədə yaşamaq üçün də müəyyən vəsait lazımdır. Valideynlər bunun hansını qarşılasınlar? Ona görə də, hökumət bunu etməli, konkret addım atmalıdır. AZAL-ın boynuna qoymaq lazımdır ki, tələbəyə güzəşt etsin. Hökumət bu barədə qərar qəbul edərsə, bu zaman AZAL- da məcbur olub bu qaydanı icra edəcək". "Bu, tələbələrə gələcəkdə problem yaradacaq" DİA.AZ-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bilet qiymətlərinin baha olması tələbələrin xaricdə təhsil almaq imkanlarını məhdudlaşdırır. Ekspert bildirir ki, bu gələcəkdə onların aldıqları diplomların tanınmasında da problemlər yaradır. Həmsöhbətimiz deyir ki, Elm və Təhsil Nazirliyinin müvafiq qurumu diplomları nostifikasiyadan keçirdikdə tələbənin təhsil aldığı müddətdə həmin ölkənin ərazisində olub-olmadığını yoxlayır". K. Əsədov qeyd edir ki, Türkiyədə tələbələr "Yaşıl kart"dan istifadə edirlər. Tələbələr biletin qiymətinin 15-20 faizini ödəyirlər. Onlara il ərizində iki dəfə bu güzəştdən istifadə etmək limiti verilir: "Bu da çox ədalətli yanaşmadır. Tələbələr tətil müddətində öz ölkələrinə gəlib-gedirlər. Biz də inkişaf istəyiriksə, tələbələrə bu güzəştlər yaradılmalıdır. Çünki, xaricdə oxuyan tələbə mütəxəsis olduqdan sonra öz ölkəmizə qayıdıb işləyir. Ona görə də hökumət tələbələrə bilet xərclərində güzəştlər tətbiq etməlidir". Bilet qiymətləri 600 manata çatır AZAL-dan isə Sputnik Azərbaycan-a bildirdilər ki, tələbələrə bilet qimətlərində güzəştlərin edilməsi ilə bağlı müraciət və təkliflərin olub-olmadığı araşdırılacaq. Apardığımız araşdırma zamanı məlum oldu ki, hazırda AZAL vasitəsilə Türkiyəyə avqust ayı üçün ən ucuz biletin birtərəfli qiyməti 570 manatdan ucuz deyil. Qeyd edək ki, hazırda təqribən 41 min gənc Azərbaycandan kənarda təhsil alır ki, onların da 22 minə qədəri Türkiyənin payına düşür. Deputatın təklifinə hələlik cavab yoxdur Xatırladaq ki, bir müddət əvvəl millət vəkili Ceyhun Məmmədov tələbələrə bilet qiymətlərində güzəşt edilməsi təklifini irəli sürmüşdü. Deputat bildirmişdi ki, qonşu Türkiyə də daxil olmaqla dünyanın bir çox ölkələrində nəqliyyat vasitələrindən istifadədə tələbələrə güzəştlər edilir. Burada məqsəd tələbələrin bir çox sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də dövlətin qayğısını hiss etmələridir. Millət vəkili hesab edir ki, bu sahədə ölkəmizdə tələbələrə cuzi də olsa güzəştlər edilməlidir. Bundan əlavə, Ceyhun Məmmədov ölkə ərazisində də tələbələrin ictimai nəqliyyatdan istifadəsində güzəştlərin edilməsini təklif edib. Millət vəkili qeyd olunan təkliflərin tezliklə reallaşdırılacağına ümid etdiyini bildirib. Bir yol var, onu da bağlayıblar Məlumat üçün bildirək ki, Türkiyədə təhsl alan tələbələr əvvəllər Naxçıvan yolu ilə də avtobusla gedib-gələ bilirdilər. Pandemiyadan sonra tələbələr bu imkandan məhrum olublar. Qarşıdan gələn aylarda bütün xaricdə təhsil alan tələbələrin təhsil aldıqları ölkələrə getmələri üçün yalnız bir yol var – hava yolu. Bu yolu isə AZAL tələbələrin üzünə bağlayıb.