İran prezidenti Azərbaycan səhiyyəsini HƏDƏFƏ ALDI - Deputat razılaşdı
“Qonşu ölkələrdən İrana müalicə almaq üçün gələn xəstələrin sayı artıb”.
DİA.AZ xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib.
Onun sözlərinə görə, İran tibbi xidmətlər üçün regional mərkəz hesab olunur. Rəisi deyib ki, İranın bir çox şəhərləri səhiyyə mərkəzləri hesab edildiyi üçün tibb elmləri baxımından ölkə regionda və dünyada ideal mövqeyə malikdir.
“Qonşu ölkələrin vətəndaşları deyirlər ki, əvvəllər müalicə üçün Avropaya gedirdilərsə, indi tibbi xidmət üçün İrana gəlməyə üstünlük verirlər. İranda istifadə olunan dərmanların 90 faizindən çoxu yerli istehsaldır və İran hazırda əczaçılıq məhsullarının əsas ixracatçısıdır”.
Qeyd edək ki, son illər həqiqətən də müalicə üçün xarici ölkələrə gedən vətəndaşların sayı xeyli artıb. Həmin ölkələrin sırasında İran da var.
Doğurdanmı ölkəmizdə səhiyyə sistemi bu qədər acınacaqlıdır ki, vətəndaşlarımız ancaq xarici ölkələrin səhiyyəsi sayəsində ömürlərini uzada bilir? Dia.az-ın məlumatına görə, millət vəkili Fazil Mustafa Cebhe.info-ya bildirdi ki, Azərbaycanda səhiyyə çox ağır vəziyyətdədir:
“Əvvəllər Avropaya gedən vətəndaşlar pulu olmadığına görə, kasıbçılıqdan İrana gedir. İndi də yollar bağlanıb, insanlar zülm çəkir. Bu İran səhiyyəsinin keyfiyyəti ilə bağlı deyil. Sadəcə bizdən üstün olması ilə bağlıdır.Türkiyə də bahalaşıb, gediş-gəliş çətinləşib. Ona görə də əhali oraya gedə bilmir. Biz səhiyyə ilə bağlı xeyli gerilədik. Hesab edirəm geriliyi də aradan qaldırmaq da mümkün deyil. Çünki bizim səhiyyə siyasətimizdə bir az daha fərqli yol izlənməliydi. Təəssüf ki, bu sahədə problemlər olduğu kimi qalır.
Fikrimcə, bu İran səhiyyəsinin inkişafı ilə deyil, bizim səhiyyənin hədsiz geriləməsi və yolların bağlı olması ilə bağlıdır. Yol açıq olsaydı vətəndaşlarımızın üz tutacağı əsas ölkə Türkiyə olacaqdı. Əhalinin bir qismi əvvəllər Naxçıvan üzərindən Ərzuruma, İğdıra da gedirdi, indi yol bağlı olduğundan heç ora da gedə bilmir, elə evlərində ölürlər. Ona görə bu məsələ hamımızı düşündürməlidir”.
Millət vəkili onu da qeyd etdi ki, ölkəmizdə kadr yoxdur:
“Bizim tibb kadrı yetişdirəcək heç bir müəssisəmiz yoxdur. Hamısı gedib Türkiyədə 1-2 il işləməsə, gəlib burda hansısa bir xəstəxanada çalışa bilməz. Bu gün həm ATU-da dərs deyən kadr yoxdur, həm də bütövlükdə problem böyükdür. Biz bu sahəyə fikir vermirik. Ancaq kim harada gəldi, şəxslərə görə yer müəyyənləşdirirk ki, sən burada işləyəcəksən. Vətəndaş, cəmiyyət, gələcək haqqında düşüncələrimiz məhduddur. Biz sabahı düşünən cəmiyyət deyilik, bununla heç yana gedib çıxa bilmərik”.