Baş həkimlə FHN məmuru uşaq poliklinikasının binasını necə satdı... - İLGİNC FAKTLAR


Bakı şəhəri, Xətai rayonu 2 nömrəli uşaq poliklinikasının baş həkimi İradə Əliyeva təqaüdə çıxmaq ərəfəsində ömrünə-gününə yazılacaq faydalı sövdələşməyə imza atıb. Etibarlı mənbədən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərindən birinin poliklinikanın binasının yerləşdiyi Xocalı prospekti – 35 ünvanına (“Xətai” metro stansiyasının yanı) gözü düşüb və həmin şəxs İradə həkimlə sövdələşərək, binanı ona satmağı təklif edib.

Sevda baş tutub, xislətcə pulgir biri olan İradə Əliyeva poliklinikanın təsərrüfat şöbəsinin müdiri Bikə xanıma akt tərtib etdirib ki, guya bina qəzalı vəziyyətdədir. Həmin əsasla Fövqəladə Hallar Nazirliyinə müraciət olunub və bununla da prosesi sürətləndirən mexanizm işə düşüb. FHN poliklinika binasının qəzalı vəziyyətdə olduğunu təsdiqləyən rəy verib. Sonra da uşaq poliklinikasının personalı Xətai rayonu, M. Mehdizadə küçəsi, 48 ünvandakı 28 saylı poliklinikaya köçürülüb.

Bildirilir ki, qonşuluğunda hündürmərtəbəli binalar olan uşaq poliklinikasının əvvəlki binası təzəcə təmirdən çıxıbmış və qəzalı vəziyyətdə deyildi, əksinə 28 saylı poliklinikadakı vəziyyət ona baxanda qeyri-qənaətbəxşdir. Uşaq həkimləri və 2 saylı poliklinikanın kollektiv üzvləri yer-yurdlarından, öyrənişdikləri şəraitdən aralanaraq böyüklər üçün olan 28 saylı poliklinikanın binasında bir növ sığınacaq tapmışlar kimi birtəhər uyğunlaşmaq məcburiyyətində qalıblar. Bu hal onları əsla məmnun etmir. Darısqallıq səbəbindən ortaya çıxan çətinliklər, üstəgəl, ələlxüsus da yoluxucu xəstəliklərin cövlan etdiyi indiki vaxtda uşaqlarının böyük xəstələrdən (28 saylı poliklinikanın pasientlərindən) yoluxa biləcəklərindən ehtiyatlanan valideynlərin haqlı narazılıqları barədə İradə Əliyevaya bir söz dedikləri an isə baş həkim onların üstünə çəmkirir, sanki kölə ilə rəftar edirmiş kimi kobud davranır.

Qeyd olunur ki, uşaq poliklinikasının çemodan əhval — ruhiyyəsində olan baş həkimi İradə Əliyeva əvvəldən rüşvətə, korrupsiyaya meylli səhiyyə məmuru kimi tanınıb: Gözü uşaqların valideynlərinin əlində olub, işçiləri rüşvətlə işə götürüb, hər məsələdə şəxsi maraq güdüb, poliklinikanın inventar və avadanlıqlarını da silib satıb və s.

P.S. Məsələ ilə bağlı 2 saylı uşaq poliklinikasının baş həkimi İradə xanım Əliyevaya zəng edib mövqeyini öyrəndik. O, bildirdi ki, poliklinika qəzalı vəziyyətdə deyil. FHN- nin də heç bir qərarı da yoxdur. Biz də bu qərarı gözləyirik. Baş həkimdən soruşduq ki, əcaba, poliklinikada heç bir qəzalı vəziyyət yoxdursa nə əcəb sizi tez-tələsik darısqal yerə köçürüblər. Cavabı o oldu ki, «siz bu sualı TƏBİB-ə verin».

Deməli, nə isə torbada pişik var.

Mövzuya qayıdacağıq. 
//deryaz.az//
Tarix: 30-08-2022, 17:14
Xəbəri paylaş





Xəbər lenti