“70 hektar sahədə pambıq əkmişəm. Su vaxtında verilmədiyindən məhsuldarlıq aşağı olacaq. Heç olmasa çəkdiyim xərci götürə bilsəydim zavoda borcumu qaytarardım. Ancaq belə görünür builki mövsümdə qazancım olmayacaq”.
DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə dövlət idarəsində çalışdığı üçün adının mətbuatda çəkilməsini istəməyən sabirabadlı fermerlərdən biri deyib. Onun sözlərinə görə, bu il gübrənin bahalaşması xərclərə ciddi şəkildə təsir edib, sahələrə çəkilən xərc təxminən 2-3 dəfə artıb.
Nazir: “100 min hektar ərazidə taxıl əkinləri məhv olub”
Son illər Azərbaycanın müxtəlif bölgələrində suvarma, su çatışmazlığı ilə bağlı şikayətlər çoxalıb. Xüsusilə Kür və Araz sahillində yerləşən rayonlarda su problemi yaranıb. Hər iki çayda suyun səviyyəsi azalıb. Fermerlər bildiriblər ki, təkcə pambığın deyil, taxıl da daxil olmaqla əksər sahələrdə suvarma su çatışmazlığı onlar üçün çətinlik yaradıb. Sahələrin ən çox suya ehtiyac olduğu vaxt su tapa bilməyiblər. Bir tərəfdən də quraqlıq və yağıntının qeyri-bərabər paylanması məhsuldarlığa təsir edir.
Kənd təsərrüfatı naziri İnam Kərimov da Real TV-yə müsahibəsində bildirib ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda müşahidə edilmiş kəskin quraqlığa görə, təqribən, 100 min hektar ərazidə taxıl əkinləri məhv olub:
“Eyni halı 2020-ci ildə də yaşamışıq və gələcəkdə quraqlığa görə bu kimi halların yaşanması gözlənilir”.
Azərbaycanın su resursu 32 milyard kubmetrdir. Bunun 70 faizi qonşu ölkələrdən gələn suyun hesabına, 30 faizi isə ölkə daxilində formalaşır.
Ekspert: “Su problemi get-gedə daha da dərinləşir“
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli Meydan TV-yə bildirib ki, son vaxtlar Saatlı, Sabirabad, Şəkidən suvarma ilə bağlı çoxsaylı şikayətlər səsləndirilir. Ümumiyyətlə, ölkədə suvarma, su problemi get-gedə daha da dərinləşir.
“Bu il ötən ilə nisbətən havalar demək olar ki, sərin keçdi. Kürdə suyun səviyyəsi də bir qədər artdı. Ancaq bu il narazılıqlar ötən illə müqayisədə daha çoxdur”,-Vahid Məhərrəmli deyib.
Onun sözlərinə görə, suvarma, su problemi ilə bağlı sorğu edib. Bəlli olub ki, bu il demək olar ki əksər bölgədə problem müşahidə edilib:
“Kənd təsərrüfatı naziri deyir ki, bu il susuzluqdan 100 min hektar taxıl sahəsi məhv olub. Necə olur ki, bu il su probleminin ötən ilə nisbətən az olmasına baxmayaraq məhv olan sahələrin həcmi artıb? Çünki ölkədə mövcud olan su resursu düzgün idarə edilmir”.
Məhərrəmli qeyd edib ki, suvarma problemi yaşanan ərazilərdən biri də Şəkidir. Onun fikrincə, su çatışmazlığı bəzən səhlənkarlıqdan da yaranır:
“Şəkidə son iki ildə yolun bir tərəfindən sahələr suvarılır, digər tərəfində isə sahələr susuzluqdan batıb. Məlum olub ki, iki il əvvəl yolu çəkəndə su boruları unudulub. Əvvəl ərazidə körpü olub, körpü vasitəsilə su gedib. Körpü ləğv ediləndə su çəkmək yaddan çıxıb. Çoxsaylı şikayətlərdən sonra nəhayət, problemin səbəbini tapıblar. Ancaq nə qədər sahə susuzluqdan məhv olub, insanlar qazanclarından olublar”.
Ekspert deyib ki, bu sahəyə məsul olanlar öz vəzifələrini icra edə bilmirlər, bu səbəbdən də problem yaranır.
“Digər bir hadisə ilə Saatlıda rastlaşdım. Bir neçə sahə suvarılır, digər əkin sahələri isə susuzluqdan batıb gedir. Kəndlilər dedilər ki, o su “Pasha Holding”in əkin ərazilərinə gedir, onların o sudan istifadə etməyə cürəti çatmır”,-Məhərrəmli qeyd edib. Bildirib ki, ölkədə su resurslarından səmərəli istifadə olunmur və belə halda suvarılan sahələrin genişləndirilməsi daha çox su itkisinə yol açır:
“Ölkədə su itkisi 28 faizdir. Azərbaycan mövcud su resurslarından səmərəli istifadə edə bilmir. Ölkədə yağış sularının yığılması təşkil olunmur. Yağan yağış sularını və çaylarda su bolluğu yaranan zaman onun bir hissəsini xüsusi anbarlara yığıb yayda ondan suvarmada, yaxud içməli su kimi istifadə etmək olar. Mövcud olan su anbarlarını və gölləri oliqarx məmurlar ələ keçirib”.
Vəzifəli şəxslər məsuliyyətə cəlb olunub
Baş Prokurorluğun avqustun 15-də yaydığı məlumatda deyilir ki, regionlarda torpaq istifadəçilərinin suvarma suyu ilə təminatını qanunsuz məhdudlaşdıran vəzifəli şəxslər barəsində cinayət işləri başlanıb.
“Ayrı-ayrı regionlardan Baş Prokurorluğa daxil olmuş çoxsaylı vətəndaş müraciətlərinin əlaqəli şəkildə təhlili nəticəsində müəyyən edilmiş qanunsuz hallarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib”, – məlumatda deyilir. Bildirilir ki, keçirilmiş tədbirlərlə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi -“Acı arx” Sudan İstifadəedənlər Birliyinin İdarə heyətinin sədri Elçin İsmayıl oğlu Abbasovun təsərrüfatlara qəsdən ziyan vurduğu müəyyənləşib. Belə ki, onun 2021-2022-ci illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin qəsəbə ərazisində yaşayan ayrı-ayrı şəxslərdən istifadələrində olan əkin sahələrinin suvarılmasının təşkil edilməsi üçün kütləvi şəkildə hər hektar torpaq sahəsinə görə 500 manat olmaqla müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına, eləcə də torpaq istifadəçilərinə suvarma üçün suyun verilməsini qismən həyata keçirib təsərrüfatlarına qəsdən ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən hallarla bağlı cinayət işi başlanmaqla toplanmış ilkin sübutlar əsasında Elçin Abbasova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, eyni xarakterli əməllərə görə torpaq istifadəçilərindən pul vəsaitinin alınması və təsərrüfatlara ziyan vurulması xüsusatları üzrə Neftçala rayon “Bərəkət”, “Qaravəlli” və digər sudan istifadəedənlər birliklərinin, habelə Neftçala Suvarma Sistemləri idarəsinin vəzifəli şəxsləri barəsində də cinayət işi başlanıb.
Hazırda hər iki cinayət işi üzrə təqsirləndirilən şəxslərin, onların əlbir olduğu digər şəxslərin və zərərçəkmişlərin dəqiq dairəsinin, habelə təsərrüfatlara vurulmuş ziyan məbləğinin müəyyən olunması istiqamətində istintaq davam etdirildiyi bildirilir.
Melorasiya və Su Təsərrüfatı ASC-dən bildiriblər ki, pambıq sahələrinə növbə prinsipi ilə su verilib və artıq sahələrin suvarılması başa çatmaq üzrədir. Mövsümün əvvəlindən bu məsələ nəzarətə götürülüb və ASC-nin əlaqəli şəxslərinə tapşırıqlar verilib.
“Azərbaycanda yaxın 5 ildə əhalinin içməli su ilə təminatı 70 faizdən 85 faizə, suvarma suyu ilə təminatı 80 faizdən 90 faizə çatdırılacaq”, – bu isə Prezident İlham Əliyevin təsdiqlədiyi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb.