“Ölkəmizdə qiymətlər baha deyil…”- Deputat


“Bizim ölkəmizdə ən böyük problem turistlərin çox olduğu yerlərdə və Bakının mərkəzində kafe və restoranların qiymətlərinin çox baha olmasıdır”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib.
 
Deputat qeyd edib ki, ölkəmizdə çox gözəl istirahət yerləri var:
“Hətta, bizdə olan restoran və kafelərdə keyfiyyət daha üstündür, müştəriyə münasibət daha insanidir. Mən bunu dünyanın hər nöqtəsində olan şəxs kimi deyirəm. O əvvəllər idi ki, bizdə hotel, restoran qonşu ölkələrə münasibətdə daha baha idi, hotel və istirahət mərkəzlərimiz daha aşağı səviyyəli idi. Artıq vəziyət dəyişib, başqa ölkələr də çox bahadır. Sadəcə, bizim insanlarımızın qazancı zəifdir, pulları çox azdır deyə bizim hotel və kafelər onlara baha görünür. Gözümlə görüb şahidlik etdim ki, bir çox ölkələr də bahadır. Bizim ölkəmizdə ən böyük problem turistlərin çox olduğu yerlərdə və Bakının mərkəzində kafe və restoranların qiymətlərinin çox baha olmasıdır. Amma, ucuz yerlər də tapmaq olar”.
R. Nurullayev bildirib ki, lakin, deməliyik ki, bəzi restoran və kafelər əsaslandırılmamış və məntiqdən uzaq qiymət təklif edirlər:
“Başqa ölkələrə gəldikdə demək istəyirəm ki, əvvəl Türkiyədə bir həftə istirahət 3-4 ailə üzvünlə bərabər normal yerdə 3000 manata başa gəlirdisə, indi 10 000 manata başa gəlir. Mən turizm şirkətləri ilə danışdım və qiymətləri eşidəndə şok yaşadım. Artıq köhnə dünya yoxdur, təzə dünya var və bu dünyada hər şey çox bahadır. Əmin olmuşam ki, orta səviyyə qazanc malik insanlar da istirahətə gedə bilməyəcəklər. Çünki, təyyarə biletləri də bütün dünyada bahadır, Azərbaycanda isə lap bahadır, əsaslandırılmamış bahaçılıqdır”.
Parlamentari qeyd edib ki, xarici səfərlərim və tədbirlərdə iştirakım olduğundan dəvət üzrə bir neçə gün xaricdə oldum:
“Türkiyədə olan qiymətlər və bahaçılıqdan narahat oldum. Əvvəllər çox ucuz idi, indi isə bizdən çox bahaçılıqdır. İstanbulda turist kimi olmaq belə stresdir.  Ölkəmiz, Vallah çox gözəldir, sakitdir, əmin-amanlıqdır. Ölkəmizi daha gözəl və firavan etmək üçün çalışmalıyıq. Gərək insanlarımızın qazancını artıraq ki, hər bir ailə üzvünün cibinə aylıq pul daxil olsun. Daha gözəl, münbit iş şəraiti yaradılsın, kreditlər əlçatan olsun və məmurlar da ilk növbədə özünü yox, xalqı düşünsünlər. Bu cür düşünənlərin də sayı, İnşallah artan xətt üzrə getsin. Vacib olan xalqın qazancını artırmaqdır”.
Tarix: 2-09-2022, 09:58
Xəbəri paylaş





Xəbər lenti