Göyçaylı ANA Mehriban xanım Əliyevaya müraciət etdi: "2 uşaqla sosial müavinətimi kəsiblər.."
Göyçay rayon Çərəkə kənd sakini Abdullayeva Xatirə Soltan qızı tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlanıb. Bir nüsxəsi də SİAM.AZ-a daxil olan müraciətdə deyilir:
"Çox hörmətli Mehriban xanım, bu mənim Sizə ikinci müraciətimdir ki, edirəm. Belə ki, ünvanlı sosial yardım almaq üçün beş dəfə rəsmi qaydada etdiyim elektron müraciətlərə əsassız və qanunsuz olaraq imtinalara verilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən əngəllər yaradılır. Beş dəfə müraciət etmişəm. Beşinədə əsasız imtina verilib.Əvvəlki üç müraciətimdə imtinanın səbəb, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun informasiya sistemində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi qeydiyyatda olamdığımız göstərilirdi. Mənim Sizə mətbuat vasitəsi ilə etdiyim müraciətimdən sonra nazirliyin əməkdaşları tərəfindən mənimlə əlaqə saxladılar və dedilər ki, belə əsassız imtina verilməyəcək
Lakin bundan sonra etdiyim iki müraciətlər sistemdə uyğunsuzluq olmasada bu dəfə nazirliyin əməkdaşları tərəfindən ailəmin maddi-məişət şəraitinin müayinəsini aparan zaman yenədə «qulp qoyularaq» əsasız imtinalar verilir. Belə ki, hər iki imtinada səbəb kimi göstərilib ki, ailənin torpağı mülkiyyəti barədə məlumat düzgün göstərilməyib.Halbu ki, mənim 0,25 hektar pay torpağım var. Eyni zamanda 0,09 hektarda fərdi yaşayış üçün həyətyanı torpağım var. Hər iki torpaq sahəsini qeyd etmişəm. Həmin həyətyanı torpaq sahəsində evim tikilib. Dördüncü dəfə mənə imtina veriləndə ( torpaq sahəsinin düzgün göstərilməməsi ilə bağlı birinci imtinada) evimdə ailəmin maddi-məişət şəraitinin müayinəsini aparan Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı mənə bildirdi ki, həyətyanı torpaq sahəsini düzgün qeyd etməmişik. Onun bunu deməsinə səbəb mənim torpaq sahəmlə qonşu olan digər torpaq sahəsinin arasında əlqapısının olmasıdır. Mənə dedi ki, təkrar elektron qaydada ünvanlı sosial yardım üçün müraciət edəndə həyətyanı torpaq sahəsini 0,25 hektar qeyd edək. Mən belədə etdim. Beşinci müraciətimizdə fondun əməkdaşının dediyi kimi torpaq sahəsini 0,25 hektar qeyd etdik. Bu müraciətimizdən sonra qapımıza gələn fondun digər əməkdaşı bizə dedi ki, iki dənə həyətyanı torpaq sahəsi qeyd olunmalıdır. Biri 0,09 hektar digəri isə 0,25 hektar. Mən ona etiraz edərək dedim ki, qonşunun həyətyanı torpaq sahəsini öz adıma niyə qeyd etməliyəm ki?
Həyat yoldaşım dünyasını dəyişib. ailə başçısını itirməyə görə hər uşağa 100 manat olmaqla cəmi 200 manat sosial müavinət alıram. 0,25 hektar pay torpaq sahəmiz var. Gəlir yerimiz ancaq bunlardır.Başqa gəlirimiz yoxdur. Sentyabrın 15-də məktəblər başlayacaq.Mənim bu iki övladıma paltar və dərs ləvazimatları alıb məktəbə göndərməyə imkanım yoxdur. Həyat yoldaşım dünyasını dəyişəndən ünvanlı sosial yardım almışıq. Artıq 3 aydır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsassız və qanunsuz imtinalarına görə bu yardımımız kəsilib. Nəyə görə qonşunun həyətyanı torpaq sahəsini səbəb kimi göstərib mənə imtina verilməlidir? Belə imtinalar nə vaxta kimi veriləcək?. Nəyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müxtəlif əsassız bəhanələrlə bizim ünvanlı sosial yardım almağımıza əngəllər yaradırlar?
Çox hörmətli Mehriban xanım, yuxarıda qeyd etdiyim suallara cavab tapmaq üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə elektron və onlayn qaydada müraciətlər etmişəm ki, şəxsən məni qəbul etsin.Lakin mənim bu müraciətlərimə cavab verilməyib.. Ona görədə Sizdən xahiş edirəm məni Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevlə birlikdə şəxsən özünüz qəbul edəsiniz".
Məsələ ilə əlaqədar SİAM.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...