Azərbaycanda oliqarxlar hələ də dövlət torpaqlarını zəbt etməkdə davam edirlər. Dövlət strukturları isə (Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyətləri) bu zəbt prosesini sadəcə olaraq seyr edir. Paytaxtın mərkəzi küçələrinin birində NTO – naməlum tikinti obyekti peyda olandan sonra bu qənaət təsdiqlənir.
Bu günlərdə “ALTES PARK” yaşayış massivində - Cəlil Məmmədquluzadə küçəsi, 998-ci məhəllədə yaşayan Bakı şəhər sakini Rüfət Novruzov AYNA-ya müraciət edib. Müraciətdə deyilir:
“2022-ci ilin mart-aprel aylarında yaşayış massivimizdən iki-üç metr aralıda doqquzmərtəbəli bina tikilməyə başladı. Sahibinin adını, həmçinin, tikinti işlərini aparan şirkətin adını bilmirik. Müxtəlif adlar çəkirlər - o cümlədən keçmiş deputat Əsabil Qasımovun adını da. İnşaatçıların hərəkətləri Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli qərarı ilə qəbul edilmiş “Zəruri məsafənin saxlanmasına dair müfəssəl Qaydalar”a ziddir. Biz Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə şikayət etmişik. Oradan 16 may 2022-ci il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məktub göndərilərək, həmin tikinti işlərinin qanunsuz aparılması barədə məlumat verilib. Bundan sonra şirkət məcbur olub tikinti işlərini... gecə vaxtı aparır”.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Ramiz Həsənov AYNA-ya açıqlamasında Rüfət Novruzovun dediklərini təsdiqləyib: “Biz həqiqətən də, tikinti işlərinin qanunsuz aparılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və Nəsimi Rayon İcra Hakimiyyətinə məktublar göndərmişik. 2022-ci il avqustun 31-də Fövqəladə Hallar Nazirliyi tikinti işlərinin qadağan edilməsi ilə bağlı qərar qəbul edib”.
Bəs, Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) qanunsuz tikinti işlərinin qarşısını niyə almayıb?Nəsimi RİH başçısının müavini Ramiz Quliyev AYNA-nın sualına cavabında deyib ki, onlar bütün lazımi tədbirləri görüblər: “Biz bu tikintinin qanunsuz olması ilə bağlı akt tərtib etmişik. Amma biz artıq tikilənləri sökə bilmərik. Bununla bağlı qərarı Fövqəladə Hallar Nazirliyi verməlidir”.
RİH rəsmisi tikinti işlərini aparan şirkətin adını bilmədiyini qeyd edib.
Maraqlıdır, Fövqəladə Hallar Nazirliyi (FHN) qanunsuz tikilini niyə sökməyib?Bu sualla FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva ilə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, cəhdimiz uğursuz oldu.
Daha sonra nazirliyin “qaynar xətt”i ilə əlaqə saxlamağa çalışdıq. Lakin təəssüf ki, bu cəhdimiz də baş tutmadı.
Sonra FHN-in Nəsimi rayon şöbəsinə üz tutduq. Oranın əməkdaşı, kapitan Həsənovun bizə verdiyi məlumata görə, hadisə ilə bağlı Nazirliyin “qaynar xətt”inə özü məlumat verəcək.
“Bir saatdan sonra mənə zəng edin”, - deyə kapitan Həsənov bizə bildirdi.
Bir saatdan sonra yenidən kapitan Həsənovla əlaqə saxladıq. Və belə cavab aldıq: “Mən “qaynar xətt”lə əlaqə saxlamağa çalışdım. Amma təəssüf ki, zənglərimə cavab verən olmadı”.
Qanunsuz tikinti işləri aparan şirkətin sahibinin keçmiş deputat Əsabil Qasımov olub-olmamasını da yoxlamaq qərarına gəlib. Əsabil Qasımovun köməkçisi AYNA-dan gələn zəngi eşidər-eşitməz telefonu qapatdı...Bir sözlə, qarşımızda daha bir Azərbaycan kuryoz halı yaşanır. Şəhərin mərkəzində, elit yaşayış massivinin düz yanında, anlaşılmaz bir şəxsə məxsus obyekt tikilir və dövlət qurumları sahibinin adını və tikən şirkətin adını bilmir.
Ümidvarıq, dövlət qurumları başa düşür ki, heç kim şirkətin sahibi haqqında məlumatı olmadan belə tikintiyə icazə verəcəyinə inanmır. Və tikilməkdə olan binanın təhlükəli yaxınlığı da narahatlıq doğurur. Həm də bu, təkcə “ALTES PARK” sakinlərinin narahatlığı deyil. Heç kim zəlzələ təhlükəsini aradan qaldırmayıb. Axı, Bakı seysmik aktiv zonada yerləşir...
Bakıda NTO peyda olub -">