Natiq Cəfərli: “Bakı buna görə yağış yağarkən ciddi problemlərlə üzləşir”
“Bakı şəhərinin infrastrukturla, kommunal xidmətlərlə, yağış suyunun yaratdığı problemlərlə bağlı və digər bütün məsələlər daha çox bir-biri ilə əlaqəli problemlərdən asılıdır. Bakının həddindən artıq yüklənməsi, məntiqsiz, şəhərin arxitekturasını pozan tikililər, kanalizasiya xətlərinin, yol infrastrukturunun artıq dərəcədə yüklənməsi, bütün bunlar təbii olaraq Bakıda böyük infrastruktur problemi yaşadır”. Bu sözləri
Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert
Natiq Cəfərli deyib.
O bildirib ki, Bakı şəhəri təbii hadisələr zamanı, o cümlədən yağış yağarkən kifayət qədər ciddi problemlərlə üzləşir: “Bu, Bakının həddindən çox yüklənməsindən əlavə, həm də idarəetmə ilə əlaqəlidir. Bakının böyük şəhər bələdiyyəsi artıq yaradılmalıdır. Çünki bütün infrastruktur istiqamətləri pərakəndə idarə olunur. Hər bir sahə, istər su, kanalizasiya, avtomobil yollarının təminatı, nəqliyyat infrastrukturu və s. hər biri ayrı-ayrı dövlət qurumlarının əlindədir. Çox zaman pərakəndəlik var və bu da kifayət qədər ciddi problemlərə gətirib çıxarır. Böyük şəhər bələdiyyəsinin yaradılması, mer seçkilərinin keçirilməsi, seçilmiş və hesabatlı merin, onun şəhər hökumətinin olması, vətəndaşlar qarşısında məsuliyyətinin olması bütün şəhər infrastrukturunun bir mərkəzdə cəmlənməsinə və bir mərkəzdən idarə olunmasına səbəb ola bilər. Avropa Şurasına daxil olan ölkələr arasında yeganə ölkə Azərbaycandır ki, hələ də böyük şəhər bələdiyyə institutunu və mer seçkiləri öhdəliyini yerinə yetirməyib. Problemlərin kökünə, dərinliyinə getsək, əsas məsələ idarəetmədən qaynaqlanır, ona görə də bu idarətetmədə mütləq ciddi dəyişikliklərə ehtiyac var”.
Tarix: 7-09-2022, 22:20