Süleyman Mikayılovun icra başçısı olduğu Qaradağ rayonunda dənizi görmək mümkün deyil... - Cənablar, Xəzər dənizi heç kimin dədəsinin mülkü deyil ki, onu hasarlayasınız...Xəzəri hasarlayan məmurları 2-3 min manat cərimələmək gülüncdür...problemdən çıxış yolu deyil...
DƏRYA kənarında yaşayan insanlar dənizə həsrət qalıb...
Günümüzün acı reallıqlarından biri budur ki, hansısa məmur çayı, dağı hasarlayır, özü üçün qum-çınqıl, daş karxanası açır və milyonlar qazanır. Başqa bir məmur meşəni, başqa biri isə Xəzər dənizini hasarlayaraq özü üçün istirahət mərkəzi açır, ya da villa tikir… Və bu məmurlar ən pis halda az bir miqdarda cərimə ilə canlarını qurtarırlar. Başa düşmək lazımdır ki, nəzərdə tutulan cərimələr həmin obyekt sahiblərinin uzağı 1 günlük gəliri deməkdir.
Deməli, birincisi, qanunvericiliyimizdə ciddi boşluqlar var. Belə ki, 1 günlük gəlirindən keçən məmur-biznesmen öz qanunsuz fəaliyyətini davam etdirir. İkincisi, dənizin sahilini hasarlayaraq tikilən villalarda aylarla yaşayan olmur, yəni qapısı bağlı qalır. Üçüncüsü, bu qapısı aylarla boş qalan mülklərə, villalara əgər yüksək əmlak vergisi tətbiq olunsaydı, belə neqativ halların sayı xeyli azalardı. Bu səbəblərin sayını kifayət qədər uzatmaq da olar. Yeri gəlmişkən, onu da qeyd edək ki, meşəni, dağı, dənizi hasarlamaq məsələsi yeni deyil. Hətta illər öncə Ulu Öndər Heydər Əliyev müşavirələrdə dəfələrlə bu məsələ ilə bağlı çox kəskin və sərt mövqeyini bildirmişdi. Bəli, Azərbaycanda Xəzər dənizinin sahilboyu mühafizə zolağında olan torpaqlardan qanunsuz istifadə halları barədə ölkə mediası neçə illərdir ki, yazır. Bir daha təkrar etməyə məcburuq ki, görülən tədbirlər ancaq CƏRİMƏ ilə yekunlaşır. Hansı ki, o cərimlər obyekt sahibləri üçün sadəcə, “qəpik-quruş”dur. Xəzər dənizinin sahillərinin qanunsuz hasarlayanların hansı biri bu günədək 3-4 il həbs olunub..? Yaxud ciddi cəza alıb..?
Təsəvvür edirsiniz, Bakının cənub istiqamətindən, yəni Səngəçaldan başlayaraq, Bayıla qədər dəniz hasarlanıb. Bakıya gələn-gedən insanlar dəniz mənzərəsini seyr etmək əvəzinə hasarlara və onların arxasında inşa olunmuş, illərdir qapısı bağlı qalan, əksəriyyətində yaşayış olmayan yöndəmsiz tikililərə tamaşa edirlər. Bəli, insanlar hətta dənizi görə bilmirlər. Beləcə məmurlar Xəzərin sahillərini zəbt etməklə məşğuldurlar. Hər dəfə oxuyuruq ki, Xəzər dənizinin sahilboyu ərazilərini qanunsuz hasara alan fiziki şəxslər üçün cərimələr 4 min manata qaldırıldı. Eyni xətalar təkrar törədildikdə isə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimə edilir.
Cənablar ! Siz başa düşmürsünüz ki, biznesmen-məmurlar üçün CƏRİMƏ problemdən çıxış yolu deyil. Axı, yuxarıda qeyd etdik ki, korrupsioner məmur üçün bu çox cüzi məbləğdir. Sözün qısası, bu istiqamətdə atılan addımlar bu günədək effekt verməyib. Hətta problem uzun illər o həddə gəlib çatmışdır ki, Xəzər dənizinin sahillərinin hasarlanması problemi ilə bağlı 2003-cü ildə prezident Heydər Əliyev xüsusi sərəncam imzalamışdı. “Azərbaycan Respublikasında Xəzər dənizinin sahilindən istifadəyə dair bir sıra tədbirlər haqqında” həmin sərəncamla Xəzər sahilində şəxsi evlərin və obyektlərin tikintisi qadağan edilmişdi. Cənablar, başa düşdünüzmü...? QADAĞAN EDİLMİŞDİR... Bəs Ulu Öndərin bu sərəncamı niyə icra olunmadı..? Düzdür, obyektivlik naminə qeyd edək ki, son illərdə Buzovnada dənizin sahilini, qayalıqları hasarlayanlar cəzalandırıldı, sədlər, hasarlar söküldü. Hətta “Torpaq məcəlləsi”nə edilən dəyişikliklərdən sonra Xəzər dənizinin görüntüsü heç bir halda məhdudlaşdırıla bilməz. Amma, bir çox ərazilərdə bu problem həll olunmur. Məsələn, Qaradağ rayonu ərazisində Xəzərin sahili ilə bağlı hasarlanma problemi həll olunmayıb. Görəsən, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov cənab Prezidentin xəbərdarlıqlarını nəzərə almır..? Görəsən cənab Süleyman Mikayılov bilmir ki, Qaradağ rayonu paytaxt Bakıya aid olan inzibati rayondur. Və ən dəhşətlisi odur ki, Süleyman Mikayılovun icra başçısı olduğu Qaradağ rayonunda dənizi kilometrlərlə məsafə boyu görmək mümkün deyil. Bir daha bəzi məmurlara səslənirik ki, çaylar, dağlar, göllər, Xəzər dənizi milli sərvətdir, onu satmağa, özəlləşdirməyə, kiməsə hədiyyə etməyə kimsənin haqqı yoxdur. Ona görə də Xəzər dənizinin sahil boyu əraziləri məmurlardan məhkəmə yolu ilə geri alınmalı və vətəndaşların ümumi istifadəsinə verilməlidir. Bəli, obrazlı dildə desək, DƏRYA kənarında yaşayanlar dənizə həsrət qalıb.
Bu mövzunu gündəmdə saxlamağa çalışacağıq.
Bizi izləyin.
Gündəlik-Bakı
Tarix: 8-09-2022, 10:24