Deputat Turizm Agentliyini tənqid etdi: - “Xoş sözlərlə baş qatırlar”


Deputat Turizm Agentliyini tənqid etdi:
Xəbər verdiyimiz kimi, bu il martın 7-də Dövlət Turizm Agentliyi turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsini həyata keçirmək üçün müsabiqə elan edib. Layihə qəbulu aprelin 7-də yekunlaşsa da, 5 aydır nəticələr elan edilməyib. Buna görə də layihə təqdim edən bəzi təşkilatlar artıq təkliflərinin qəbul edilmədiyi qənaətinə gəliblər.

Xüsusilə diqqət çəkən məqamlardan biri “Göygöl rayonundakı turizm istirahət mərkəzində Şərqi Zəngəzur mətbəxi və etnoqrafiyasına dair mini açıq hava muzeyinin yaradılması” adlı layihənin Agentliyin diqqətini cəlb etməməsidir.

Şərqi Zəngəzurun adət-ənənələrini, qədim tarixini əks etdirəcək bu layihənin diqqət cəlb etməməsi təəssüflə qarşılanıb. Nədənsə Turizm Agentliyi müsabiqənin məqsədinin turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması, turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmənin həyata keçirilməsi olduğunu bəyan etsə də, qeyd olunan şərtlərə cavab verən bu layihəni maliyyələşdirməyi görünür, lazım bilməyib.

Siam.az-ın məlumatına görə, qurumun laqeydliyi haqqında Modern.az-a danışan Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa söyləyib ki, turizm sahəsində fərdi layihələrin həyata keçirilməsinə dəstək üçün Agentliyə müraciət etmək sadəlövhlükdür.

“Milli Məclisdə çıxışım zamanı qeyd etmişdim ki, turizm sektoru inhisardadır. İdman turizmi ilə bağlı ciddi bir layihəyə dəstək üçün mənə müraciət etmişdilər. Uşaq idmanının inkişafına təkan verəcək, maraqlı və perspektivli plandan söhbət gedirdi. Bütün sənədlərlə birlikdə agentliyə müraciət etdik, amma heç bir faydası olmadı. Dəstək ala bilmədik. Ona görə də boşuna elanlara aldanıb, müraciət etməsinlər. Hamısı mənasız addımlardır, statistika üçün verilən elanlardır. Turizmi inkişaf etdirmək barədə məmurların, vəzifəlilərin marağı yoxdur. Atılan addımlar isə statistika xatirinədir. Azərbaycanda turizmin inkişafına həqiqətən maraq olarsa, böyük gəlir əlmək etmək mümkündür. Süni şəkildə maneçilik var. Ona görə, insanlar gözləsinlər, əgər iş görmək fikirləri olarsa, təkcə vətəndaşların təşəbbüsü ilə böyük addımlar atılacaq”, - deyə deputat Dövlət Turizm Agentliyinin fəaliyyətini tənqid edib.

Problemin Milli Məclisdə qaldırılması məsələsinə gəlincə, F.Mustafa belə bir addımın xeyri olacağına inanmır:

“Əhaliyə pul qazanmaq üçün imkan yaratmaq lazımdır. Gözəl sözlərlə baş qatmaq lazım deyil. “Azərbaycanda 11 iqlim qurşağının 9-u var” deyə-deyə, az qalırlar, havaya görə də haqq alsınlar”.
Tarix: 12-09-2022, 12:04
Xəbəri paylaş





Xəbər lenti