Məhkəmə İsa Qəmbərə təyin edilmiş 180 manat pensiyanı HAQLI SAYDI
Sentyabrın 12-si Bakı İnzibati Məhkəməsində İsa Qəmbərin şikayəti üzrə proses keçirilib.
Vəkil Nemət Kərimli deyib ki, şikayət ərizəsində İsa Qəmbərin əmək pensiyası hüququnun pozulduğu qeyd edilmiş, bildirilmişdi ki, ona xüsusi şərtlərlə əmək pensiyası düşür:
“Məhkəmədən Dövlət Sosial Müdafiə Fondunun boynuna “Əmək pensiyaları haqqında” qanuna riayət etməyi, Milli Məclisin sədri olmuş İsa Qəmbərə sədrin əməkhaqqının 80 faizi qədər əmək pensiyası kəsmək öhdəliyi qoyulmasını istəmişdik. Təəssüf ki, Bakı İnzibati Məhkəməsinin 12 sentyabr iclasında istəyimiz reallaşmadı, Dövlət Sosial Müdafiə Fondunun İsa Qəmbərə yaşa görə 180 manat müavinət kəsmək qərarı haqlı sayıldı. Biz bununla barışmırıq və Bakı Apellyasiya Məhkəməsinə üz tutacağıq”.
Parlament sədrinin aylıq vəzifə maaşı 3550 manatdır. Bu məbləğin 80 faizi 2840 manat edir.
Mayın 11-də İsa Qəmbərə yaşa görə 180 manat müavinət kəsilib. Dövlət Sosial Müdafiə Fondu bəyan edib ki, qanun pensiya hüququ üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) şərti qoyur, İsa Qəmbərin sənədləri bu şərtlərə uyğun gəlməyib.
İsa Qəmbər pensiya yaşına – 65 yaşa 2022-ci il fevralın 24-də çatıb.
1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
İsa Qəmbər 1992-2014-cü illərdə Müsavatın başqanı olub, hazırda partiya Məclisinin üzvü, Milli Strateji Düşüncə Mərkəzinin sədridir. / Novator
Tarix: 12-09-2022, 21:55