BNA-nın qərarına ekspertdən TƏNQİD – “Kimsə kabinetdə oturub parodiya ilə məşğuldur”

BNA-nın qərarına ekspertdən TƏNQİD
Sentyabrın 20-də Bakı Nəqliyyat Agentliyi ilk dəfə olaraq paytaxtda 30 km/saat sürət limitli zona təşkil edilib. Zonaya paytaxtın mərkəzi hissəsini əhatə edən 33 küçə daxildir. BNA bu addımın atılmasının təhlükəsizliyin artırılması, səs kirliliyinin azaldılması, eləcə də piyada hərəkəti, velosipeddən istifadənin stimullaşdırılması kimi üstünlüklərinin olduğunu qeyd edib.

Lakin BNA-nın bu addımı ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb. Belə ki, əksəriyyət bu qərarın Bakının mərkəzində hərəkəti tamamilə iflic edəcəyi qənaətindədir.

SİAM.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd edib ki, hər ilin sentyabrında Avropa İttifaqı ölkələrində “Avropa mobilliyi” həftəsi qeyd olunur:

“Burada əsas məqsəd ictimai nəqliyyatdan istifadəni stimullaşdırmaq, ətraf mühitin yaşıllaşdırılması, havaya buraxılan zərərli qazların miqdarının azaldılmasıdır. Bu dönəmdə şəhərlərdə sürət həddi 60 km/saat olan yollarda, sürət həddi 30 km/saata qədər azaldılır, lakin bu, müvəqqəti xarakter daşıyır.

BNA da yəqin ki, “Avropa mobilliyi” həftəsinə dəstək olaraq bu addımı atıb və bunu dəstəkləyirəm. Lakin həftəliyin məqsədləri də doğru qeyd olunmalı, ictimai rəy nəzərə alınmalıdır. Sadəcə bir gün ərzində kimsə kabinetdə qərara gəlir ki, sürət həddini azaldıram, parodiya ilə məşğul olurlar. Belə qərarlar uzunömürlü olmur və təbii ki, cəmiyyət tərəfindən tənqidlərlə qarşılanır”.

Ekspert qeyd edib ki, sözügedən 33 küçədən bəzilərində sürət həddi müəyyən olunmasa belə, 20 km/saat sürətdən artıq hərəkət etmək mümkün deyil:

“Amma nədənsə həmin küçələrdə də 30 km/saat sürəti müəyyən edilib. Düşünürəm ki, bu qərar qəbul olunarkən Dövlət Yol Polisi ilə əlaqələndirmə aparılmalıdır. Eyni zamanda şəhər sakinlərinin, ekspertlərin fikirləri də nəzərə alınmalıdır.

Lakin bu qərarın şəhər mərkəzində hərəkəti iflic edəcəyini düşünmürəm. Çünki bu küçələr mərkəzdə yerləşsə belə, əsas yollar sayılmır. Eyni zamanda səs kirliliyinin azaldılması, eləcə də piyada hərəkəti, velosipeddən istifadənin stimullaşdırılması kimi üstünlüklərinin olacağını da düşünmürəm. Bakı şəhərində velospedin nəqliyyat vasitəsi kimi populyarlaşmasının qarşısını alıblar.

Paytaxtda velosiped yollarının vəziyyəti məlumdur. Velosiped yolu adı ilə səkilərin üzərində, hansı standartlara uyğun olduğu bilinməyən zolaqlar salınıb. Kim həmin yolla velosiped idarə edir?

Ümumilikdə, Bakıda nə piyada, nə velosipedlə, nə fərdi avtomobillə, nə də ictimai nəqliyyatla hərəkət etmək mümkündür”.

Eldəniz Cəfərov “mobillik həftəsi”nin piyadayönümlülüyü məsələsinə də münasibət bildirib:

“Bakı şəhərində piyadayönümlülük, 40 il öncə, Ümumilli liderin təşəbbüsü ilə Fəvvarələr meydanı yaradılıb. Həmin ərazi bütövlükdə piyada yönümlü olub, meydanla kəsişən küçələrdə də hərəkət tamamilə məhdudlaşdırılıb.

Həmin dövrdə bu məsələdə Azərbaycan heç də Avropa ölkələrindən geri qalmırdı. Sadəcə sonrakı dövrdə, tikintilərin nizamsız aparıldığı, parklanma yerlərinin dağıdıldığı, eyni zamanda piyada səkilərinin velosiped yollarına çevrildiyi bir vaxtda biz, piyadayönümlülüyü təmin edə bilmirik”.
Tarix: 21-09-2022, 22:47
Xəbəri paylaş





Xəbər lenti