Qəpiklə milyonçu olanlar - gediş haqqını artırmaq istəyinin arxasında nə dayanır?


 
Dövlət və özəl şirkətlərdə şəffaflıq yoxdur; cəmiyyət daşıyıcılardan narazıdır
Bakı və ətraf qəsəbələrdə sərnişindaşıma sahəsində fəaliyyət göstərən 19 özəl şirkət Tarif Şurasına birgə müraciət göndərib. “Xaliq Faiqoğlu” MMC-nin mətbuat katibi Nizam Rzayev açıqlamasında bildirib ki, onlar Tarif Şurasından avtobusda gediş haqqının artırılmasını istəyiblər. O, gediş haqqı üçün təklif etdikləri qiyməti açıqlamayıb.
Sərnişindaşıma şirkətləri avtobusların ehtiyat hissələrinin 50 faiz, dizel yanacağının qiymətinin 33 faiz artdığını əsas gətirərək qiymət artımını istədiklərini bildiriblər. Müraciətdə qeyd olunub ki, son 3 il ərzində pandemiya əhalinin sosial-iqtisadi aktivliyinin düşməsinə və sərnişin axınının kəskin azalmasına səbəb olub. Bu, şirkətlərin ciddi zərərlə üzləşməsini şərtləndirsə də, onlara dövlət yardımı ayrılmayıb. Belə ki, daşıyıcı şirkətlər həmçinin Prezident İlham Əliyevə, iqtisadiyyat naziri Mikayıl Cabbarova da müraciət ediblər. Onlar pandemiya ilə əlaqədar 2020-ci ildə dövlətin sərnişindaşıma şirkətlərinə yardım məqsədilə ayırdığı 280 milyon manat vəsaitdən onlara hər hansı bir yardım verilmədiyini bildirirlər: “Pandemiya dövründə bu vəsaitin ayrılması dövlətimizin sərnişindaşıma sahəsinə diqqətini əks etdirir. Şübhəsiz ki, vəsaitin ödənilməsi ağır vəziyyətdə olan şirkətlərin fəaliyyətinə kifayət qədər müsbət təsir göstərərdi. İctimai nəqliyyatda mövcud olan vahid tariflə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb”.
Müraciətdən aydın olur ki, Bakı şəhərində ictimai nəqliyyatın 81 faizi özəl daşıyıcı şirkətlər tərəfindən icra edilir. 2021-ci ildə ölkə ərazisində dizel yanacağının qiyməti 33 faiz bahalaşaraq 80 qəpik müəyyən edilib. Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün ayrılan subsidiyanın məbləği isə yanacağın bahalaşması səbəbindən yaranan əlavə vəsait itkisinin cüzi hissəsini əhatə edir: “Avtobus nəqliyyat vasitəsinə zəruri olan sürtkü yağları, şin və sair bütün növ ehtiyat hissələrinin qiyməti 50 faizədək bahalaşıb. Bu hallar şirkətlərin gəlirlərinin kəskin azalmasına, xidmət keyfiyyətinin aşağı düşməsinə və ümumilikdə ictimai nəqliyyatın cəmiyyətdə nüfuzunun azalmasına səbəb olur. Nəticədə bu günün bazar reallığından dəfələrlə aşağı olan gediş haqqı şirkətləri ciddi maliyyə itkilərinə məruz qoyub, borclanmanı daha da artırıb, fəaliyyət imkanlarımızı risk altına salıb”.
Daşıyıcı şirkətlər həmçinin hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5 faizini “BakıKart”a ödədiklərini və bunun kifayət qədər böyük faiz olduğunu bildirərək, həmin rüsumun azaldılmasını da xahiş ediblər, həmçinin ictimai nəqliyyatda alternativ ödəniş sistemlərinin tətbiq edilməsini, kartla ödənişə keçidin başa çatdırılmasının vacib olduğunu vurğulayıblar.
Maraqlıdır ki, daşıyıcı şirkətlər hazırda 1 nəfər sərnişinin daşınma xərcinə dair hər hansı məlumat açıqlamaq istəməyiblər. Bu haqda bir neçə şirkətdən məlumat almaq istəsək də, suallarımız cavabsız qaldı.
Rəsmi statistikaya əsasən, avtomobillə (avtobus və minik taksiləri) sərnişin daşınmasından əldə olunan gəlir 2019-cu ildə 1 milyard 844 milyon 202 min manat, 2020-ci ildə 1 milyard 181 milyon 960 min manat, 2021-ci ildə isə 1 milyard 274 milyon 573 min manat təşkil edib. Bu nəqliyyat növü ilə sərnişin daşımaya çəkilən xərclər isə müvafiq olaraq 674 milyon 780 min manat, 426 milyon 435 min manat və 479 milyon 978 min manat olub. Təəssüf ki, statistika sərnişin daşınmasından əldə olunan gəlirləri və çəkilən xərcləri avtobus və taksilər üzrə ayrılıqda vermir. Lakin daşınan sərnişin sayını nəzərə almaqla müəyyən nəticəyə gəlmək olar. Belə ki, 2019-cu ildə avtobuslarla ölkə daxilində 1 milyard 740 milyon 159 min nəfər, taksi ilə 71 milyon 893 min nəfər, 2020-ci ildə avtobusla 1 milyard 54 milyon 980 min nəfər, taksi ilə 44 milyon 933 min nəfər , 2021-ci ildə isə avtobusla 1 milyard 33 milyon nəfər, taksi ilə 86 milyon 944 min nəfər daşınıb. Bu statistikadan çıxan nəticə avtobusla sərnişin daşıyanların çəkdikləri xərclərin müqabilində külli miqdarda gəlir əldə etmələridir. Lakin daşıyıcı şirkətlərin müraciətində bunun tam əksi iddia olunur.
Qeyd edək ki, sərnişin daşımaçıları üçün pandemiyaya görə nəzərdə tutulan vəsaitin hamısı xərclənməyib. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyindən aydın olur ki, ümumilikdə “həyati vacib sərnişindaşıma və digər sərnişindaşıma fəaliyyəti göstərən hüquqi şəxslərə maliyyə dəstəyinin verilməsi”nə 2020-ci ildə 267,3 milyon manat xərclənib. Bu məbləğin 230,9 milyon manatı AZAL üçün nəzərdə tutulsa da, 215,5 milyon manatı ona, 15 milyon manatı isə Milli Aviasiya Akademiyasına ödənilib.
Bundan əlavə, 27 milyon 679 min manat Bakı Metropoliteninə, daha 7,5 milyon manat Bakı Nəqliyyat Agentliyi tərəfindən “BakuBus” MMC-yə köçürülüb. Hər üç dövlət qurumu aldıqları yardımın bir hissəsini təyinatından kənar istiqamətlərə xərcləyib...

Tarif Şurasının ölkədə Aİ-92 markalı avtomobil benzini və dizel yanacağının qiymətinin artırılmasına dair 6 yanvar 2021-ci il tarixli qərarında dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəyi, kompensasiyanın verilməsi mexanizminin yanvar ayının sonunadək açıqlanacağı qeyd olunurdu. Lakin subsidiyanın verilməsi qaydası artım qərarından 11 ay sonra - 2021-ci ilin dekabrında Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Subsidiya dizel yanacağı ilə çalışan avtomobil nəqliyyatı ilə dövlət tərəfindən tənzimlənən tariflərə uyğun müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara şamil edilir. Subsidiyanın ödənilməsi prosesini İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti həyata keçirir. Şirkətlər ayrılan subsidiyanın onların qiymət artımlarına görə çoxalan xərclərinin cüzi bir hissəsini qarşıladığını deyirlər.
Nazirlər Kabinetinin qərarından aydın olur ki, subsidiya Tarif Şurası sərnişindaşıma tariflərində hər hansı dəyişiklik edəcəyi dövrə qədər veriləcək. Və daşıyıcı şirkətlər onu yalnız 2022-ci ilin 1 yanvarına qədər balanslarına qəbul etdikləri avtobuslara görə ala biləcəklər. Çünki Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli qərarı ilə təsdiqlənən “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”inə əsasən həmin tarixdən sonra Azərbaycanda benzin və dizellə işləyən avtobusların istismara qəbulu dayandırılıb. Məlumat üçün bildirək ki, 2021-ci ildə ölkədə 30815 ədəd avtobus olub ki, onun da 12505 ədədi benzinlə, 18109 ədədi dizellə, cəmi 201 ədədi qazla işləyib. Halbuki Bakı Nəqliyyat Agentliyi son illərdə ölkəyə gətirdiyi 720-yə yaxın avtobusun hamısının maye qazla işlədiyini bəyan edir.

Qeyd edək ki, hazırda sərnişindaşıma sahəsində dünyada müşahidə olunan əsas trend gedişin minimum ödənişli, yaxud ödənişsizliyinin təmin olunması yönündədir. İnkişaf etmiş ölkələrdə getdikcə daha çox yerlərdə gediş haqqını minimum səviyyədə müəyyənləşdirir, yaxud çoxsaylı əhali qrupları üçün ödənşsiz edirlər. Burada əsas məqsəd əhalinin şəxsi avtomobillərdən ictimai nəqliyyata yönləndirməklə həm tıxacların qarşısını alıb nəqliyyatın hərəkətini tənzimləmək, həm havaya atılan zərərli maddələrin miqdarını azaltmaq, həm də aztəminatlı əhaliyə dəstək olmaqdır. Buna görə də əksər ölkələrdə ictimai nəqliyyat dövlətin və ya bələdiyyələrin himayəsi altında  fəaliyyət göstərir. Lakin bu, onların zərərlə işləməsinə gətirib çıxarmır: tam şəffaf mexanizmlə işləyən daşıyıcılar dövlət və ya bələdiyyədən güzəştli kateqoriyalara görə ödəniş alırlar. Qalan fəaliyyətlərini özləri maliyyələşdirə bilirlər.

Azərbaycanda dövlətə məxsus yeganə sərnişindaşıma müəssisəsi “BakıBus”dur və bu şirkət indiyədək bir ili də olsa zərərsiz başa vurmayıb. Bu baxımdan, ictimai nəqliyyatın dövlətin əlində cəmləşməsindən daha çox əhalinin aztəminatlı təbəqələrinə güzəştli, yaxud pulsuz gediş imkanı yaradılması daha məqsədəuyğun olardı. Həmin imtiyazlı təbəqələrin gediş haqqı tamamilə, yaxud qismən dövlət tərəfindən maliyyələşdirilə bilər. Bir çox ölkələr bu təcrübədən geniş istifadə edirlər. Məsələn, qardaş Türkiyədə pensiyaçılar, tələbələr üçün pulsuz aylıq gediş sayı var və onun dəyərini bələdiyyələr qarşılayır. Belə bir sistemin oturuşması üçün həm tənzimləyici dövlət qurumunun, həm də özəl daşıyıcıların fəaliyyətində şəffaflıq olmalıdır.
Hazırda Azərbaycandakı özəl daşıyıcıların fəaliyyətində isə şəffaflıq və hesabatlılıq demək olar ki, mövcud deyil. Maliyyə və fəaliyyət hesabatlarını açıqlamadıqlarına görə cəmiyyətdə onların illik sərnişin dövriyyələri, əldə olunan gəlir və xərclərinə dair hər hansı təsəvvür yoxdur. Bu səbəbdən də ictimaiyyət onların gediş haqqının artırılması tələbinə birmənalı yanaşmır. Əksəriyyət xidmət keyfiyyətinin çox aşağı olmasını şəxsi nümunələrində hiss etdiyinə görə tarif artımı tələbini narazılıqla qarşılayır.
Proseslərin gedişi göstərir ki, Tarif Şurasının daşıyıcıların təklifinə müsbət cavab verməsi ehtimalı böyükdür. Bu halda hökumət aztəminatlı əhalini qorumaq üçün onlara güzəştli, yaxud ödənişsiz gediş imkanı yaratmalıdır.//“Yeni Müsavat” //
Tarix: 28-09-2022, 11:23
Xəbəri paylaş





Xəbər lenti