"Azərişıq" ASC və sədri Vüqar Əhmədov ölkədə sosial vəziyyətin çətinləşdiyi bir dövrdə əhalini işıqla imtahana çəkir. Qurum vətəndaşları incitməklə, aqressivləşdirməklə əhalini hakimiyyətin üzərinə qaldırır. Belə ki, paytaxtın Yeni Günəşli ərazisində yerləşən “Sahil İnşaat” MTK-nın sakinləri oktyabrın 1-də Prezident Administrasiyası qarşısında "Azərişıq" ASC-nin qanunsuz əməllərinə etiraz olaraq aksiya keçirmək qərarına gəlib. Bu haqda Anaxeber.info-ya sakinlər məlumat verib. Onların sözlərinə görə, sözügedən tikinti şirkətinin rəhbərliyi dələduz əməllərinə görə həbs edilib, onlardan canları qurtarıb, indi də "Azərişıq" sakinlərə "gün verib, işıq vermir".
Sakinlərin dediyinə görə, MTK rəhbəri həbsdədir, istintaqı gedir, mənzil sahibləri isə öz təşəbbüsləri ilə binada yarımçıq qalan işləri davam etdirirlər. Amma...
Amma sakinlərin öz vəsaiti hesabına tikintini başa çatdırmağa çalışdığı zamanda "Azərişıq" onların işığını kəsir, tikintinin gedişinə kobud şəkildə mane olur, necə deyərlər, əsl yezidlik edir. Ona görə də Vüqar Əhmədovun bu hərəkətlərindən cana doyan sakinlər Prezident administrasiyası önünə gedərək etiraz səsini ucaldacaq. Sakinlər deyirırə ki, “Azərişıq” ASC-nin əməkdaşları binaya elektrik enerjisinin verilməsini yenə dayandırıb. Amma buna heç bir əsas yoxdur.
Əhali işıq pulu borcunu vaxtı-vaxtında ödədiyi halda “Azərişıq” qeyri-qanuni addım atmaqdadır. Sanki qurumun həbs edilən dələduz MTK rəhbərliyi ilə maraqları üst-üstə düşür. Sakinlərin sözlərinə görə istintaq başa çatmalıdır ki, texniki şərt alınsın: “Buna qədər isə işıq kəsilməsi qanunsuz hərəkətdir. Üstəlik, bina sakinləri olaraq tikinti işlərinin getməsi üçün pul toplayıb müvəqqəti işıq aldıq, ödəniş etmişik, hətta ”Azərişıq”a 200 manat əlavə də vermişik ki, işimiz dayanmasın. Amma yenə gəlib heç bir əsas olmadan işığı kəsiblər. Biz istəyirdik ki, müvəqqəti bu işıqla yarımçıq işləri başa vuraq, sonra texniki şərt alaq. Ancaq ”Azərişıq” 165 ailəni işıqsız qoyub".
"Sahil - S İnşaat" sakinləri deyirlər ki, sayğac qoyulub və göstərilən borcu da ödəyirlər: “Bu özbaşına addıma görə 165 sakin Prezident Administrasiyası qarşısına gedəcək və ”Azərişıq” rəhbərliyindən şikayətini bildirəcək. Artıq xalqı boğaza yığıblar. Tək biz deyilik, Bakıxanovda "Akkord" sakinlərindən kimin 10, kimin 8 manat borcu varsa, onun da işığını kəsirlər. Yəni ölkə boyu "Azərişıq"dan narazılıq var və biz cənab prezidentə müraciətimizdə yalnız özümüzün deyil, bu qurumun qəddar fəaliyyətindən təngə gələn bütün insanların haqq səsini çatdıracağıq. Bu cür qanunsuzluq olmaz. Biz bilmirik ki, üzləşdiyimiz fırıldaqdan sonra binamızı tikib evlərimizə köçək, yoxsa işığımızı kəsənlərlə mübarizə aparaq. Onsuz da sosial vəziyyət ağırdı, hamı gərgindir, bahalaşma insanları çətin duruma salıb, bir də dövlət orqanları belə özbaşınalıq edəndə əsəblər tarıma çəkilir. Biz cənab prezidentdən də xahiş edirik ki, bu məsələ ilə bağlı müvafiq tapşırıq versin, haqq səsimiz eşidilsin. Biz xoşniyyətli addım atırıq, bina tikirik, evsiz insanların problemi həll olunacaq, amma "Azərişıq" bizə "qan uddurur". Oktyabrın 1-nə qədər məsələ həll olmasa məcbur qalıb aksiya keçirəcəyik".
Tarix: 29-09-2022, 10:04