"Bu nə sənaye şəhəridir ki, hamı oxumaq, işləmək, bazarlıq üçün Bakıya gəlir" - HƏQİQƏTƏN DƏ...
Son zamanlar Bakıda dəhşətli tıxaclar yaşanır. Hamı şikayətçidir. Bakı Nəqliyyat Agentliyinin səmərəsiz fəaliyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yol siyasəti, Bakı Şəhər İcra Hakimiyyətinin yeni tikilən binalar üçün verdiyi sərəncamlar fonunda Bakı boğulur. Deyirlər ki, səbəb avtomobillərin çox olmasıdır, əhali axınıdır. Amma heç kim bu iki səbəbin kökünü araşdırmır. Bakıda avtomobillər niyə çoxdur? Əhali niyə Bakıya axın edir? DİA.AZ-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, bu gün şəhərdə yaranmış əsas problem yollarda sıxlığın olmasıdır. Bu problem isə, hər kəsi narahat edir. Bir müddət əvvəl insanların hardasa 30-40 dəqiqəyə getdiyi yolu bu gün saat yarıma, iki saata getməsi əlbəttə qıcıq yaradır.
“Burada insanları qınamaq olmaz. İnsanlar rahat şəkildə hərəkət istəyir. Aidiyyatı qurumların gördüyü səmərəsiz işlər zamanla öz mənfi effektini verməkdədir. Mənfi effekt, dəhşətli tıxaclar və hərəkətin təşkili ilə bağlı yaranmış problemlərdir. Bəzən bu, avtomobilləşmənin sürətlə getməsi ilə əsaslandırılır. Amma belə deyil, avtomobilləşmə sürətlə getmir. Dünya təcrübəsinə nəzər salsaq, hətta cənubi Qafqazla müqayisə etsək, Azərbaycan hər yüz min nəfərə düşən avtomobil sayına görə çox aşağı göstəriciyə malikdir. Bu problemlərin ortaya çıxmasının avtomobilləşmə ilə heç bir əlaqəsi yoxdur”,- deyən ekspert bildirir ki, problemin kökündə yol hərəkəti təhlükəsizliyinin düzgün təşkil olunmaması durur.
“Yollarımız düzgün qurulmur, yol şəbəkəsi düzgün şəkildə inkişaf etdirilmir, sürücü mədəniyyəti üzrə təbliğat düzgün aparılmır. Ən böyük problem isə, ictimai nəqliyyatın inkişafıdır. İctimai nəqliyyat bu şəkildə inkişaf edəcəksə, təbii ki, irəliləyiş əvəzinə geriləmə olacaq.
Bu gün avtobusların sayının artırılması vacib şərt kimi ortaya çıxırsa, biz nəticəyə baxanda son illərdə avtobusların sayında azalma var. Çünki istismar dövrünü başa vuran avtobuslar istismardan çıxarılır. Yenisini də almaq çətindir. Pandemiyanın təsiri və müharibədən sonrakı vəziyyət avtomatik təsir göstərib. İnsanların, o cümlədən şirkətlərin maddi vəziyyəti yaxşı deyil. Daşıyıcı şirkətlərlə maraqlanmışam, əksəriyyəti borc içindədir. Dövlət onlara dəstək göstərməlidir. Dövlətin daşıyıcı şirkətlər yaradıb, onlara milyonlar ayırması lazım deyil. Dövlət, daşıyıcı şirkətlərə müəyyən qədər yardım etsə, vəziyyət öz həllini tapar” - deyə ekspert qeyd edib.
Elməddin Muradlı bildirib ki, metro ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Metro şəbəkəsi çox zəif inkişaf edir. Metro, Tağı Əhmədovun dövründə ən pis dövrünü yaşadı. Hətta sovet dövründən qalma yarım tikilmiş stansiyalar var idi, onları belə tamamlaya bilmədilər. İndiki rəhbərliyin dövründə ən azı 1-2 stansiya istifadəyə verilib.
“Bu, çox aşağı göstəricidir. Yəni Bakı kimi böyük meqapolis bir şəhərdə 30 metro stansiyasının olması gülünc bir vəziyyətdir. 5 milyona yaxın əhali Bakıdadır. Dövlət tərəfindən təcili strateji planlar hazırlanmalıdır. Bölgələrdə iş yerləri açılmalıdır. İnsanlar bölgələrdən Bakıya axın etməməlidirlər. Sumqayıtın işləyən əhalisinin 30 faizi Bakıya gəlib-gedir. Hər gün 150 minə yaxın avtomobil Sumqayıt ərazisindən Bakıya daxil olur.
Eyni zamanda Qaradağ, Lökbatan, Hacıqabul və Şirvan istiqamətindən gələnlər də var. Bu yaxşı hal deyil. Bunu qarşısı alınamalıdır. İnsanlara “Bakıya gəlmə” qadağası qoyula bilməz. İnsanlar üçün elə bir şərait yaratmaq lazımdır ki, onlar Bakıya gəlməsin.
Sumqayıt sənaye şəhəridir. Bunun harası sənaye şəhəridir ki, insnalar oxumaq üçün Bakıya gəlir, işləmək üçün Bakıya gəlir, bazarlıq etmək üçün Bakıya gəlir. Bu problemin qarşısını almaq üçün bütün qurumları əlaqəli şəkildə işə salmaq lazımdır. Nəqliyyat elə bir sistemdir ki, burada bu və ya digər qurumların rolu olmalıdır. İqtisadi baxımdan, sosial baxımdan, nəqliyyat infrastrukturu baxımından əlaqəli olmalıdır” - deyə ekspert əlavə edib.
Ekspert bildirib ki, dəmiryol şəbəkəsinin inkişafı da çox zəif gedir. Onun fikrincə, dəmiryolunun inkişafı elə metronun inkişafı qədər zəifdir.
“Yalnız son günlər işğaldan azad olunmuş ərazilərdə dəmiryolunun bərpası ilə bağlı işlər sürətlənib. Qalan digər hallarda inkişafdan danışmaa ümumiyyətlə dəyməz. Sürət qatarı adı ilə Bakı-Sumqayıt qatarını işə saldılar. Bu, yaxşı göstəricidir. Amma baxın, Bakı-Sumqayıt üzrə hərəkət edən insanlar avtomobillə Dəmiryol stansiyasının ərazisinə gəlir, orada qatara minib Bakıya gəlir. Amma məsələnin digər tərəfinə baxın. Dəmiryol ərazisində parklama yerləri pulludur. Yəni bura maşınla da gəlmək çətinləşir. Bu, artıq düzgün deyil. O da düşünür ki, parklamaya verdiyim pula benzin alıb, elə maşınla gəlib gedərəm Bakıya. Beləliklə Bakıya gələn insanları məcbur edirik ki, maşınla gəlin. Bu kiminsə gözünə xırda element kimi görünə bilər, amma xırda element deyil. Bu barədə düşünmək, ciddi tədbirlər görmək lazımdır. Hər addımda 20-30 avtomobilin şəhərə girməsinin qarşısını ala bilsək, get-gedə rəqəmlər böyüyə və inkiaf gedə bilər” - deyə Elməddin Muradlı qeyd edib.
Ekspert hesab edir ki, aidiyyatı qurumlar bir-birilə səməri şəkildə əməkdaşlıq etmir. Hamının öz iddiası, düşüncəsi var. Bir-birini səhv etməklə günahlandırırlar. Belə problemlər inkişafa mane olur.
“Dövlət üçün işləmək lazımdır, şəxsi mənafe üçün deyil. Bakı şəhərində tıxacı-sıxlığı aradan qaldırmaq üçün ictimai nəqliyyatı inkişaf etdirmək lazımdır. Avtobusların sayı artırılmalı, sürücü peşəkarlığı artırılmalı, metro şəbəkəsi artırılmalıdır. Bu sahədə ciddi işlər görülməlidir”,- deyə Elməddin Muradlı əlavə edib.