“Şəhər təsərrüfatı idarəolunmaz hala gəlib” - Bakı meriyası niyə fəaliyyətsizdir?
Paytaxtın sərnişindaşıma sahəsində ciddi gərginlik müşahidə edilir. Sərnişinlər ictimai nəqliyyatda xidmət göstərən avtobusların sayının az olmasından, avtobusların gecikməsindən, vaxtında ünvana çata bilməmələrindən, yollarda tez-tez tıxacların yaranmasından şikayətlənirlər. İctimai nəqliyyatda qeyd edilən problemlər ali və orta məktəblərdə tədrisin başlamasından sonra özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Düzdür, əvvəlki illərdə də tədris dövründə müəyyən gərginlik olurdu. Amma builki kimi ağır vəziyyət ilk dəfədir müşahidə edilir.
İqtisadçı-ekspert Natıq Cəfərli hesab edir ki, problemin kökündə Bakı şəhərində nəqliyyatın vahid idarəetməsi sisteminin qurulmaması dayanır. Sfera.az-a danışan ekspertin sözlərinə görə, digər ölkələrin böyük şəhərlərində nəqliyyat təsərrüfatı şəhər bələdiyyəsinin nəzarətində olur.
“Amma bizdə metropoliten ayrı, “BakuBus” və Bakı Nəqliyyat Agentliyi ayrı bir qurumdur”, - deyən N.Cəfərli bu qurumların hamısının öz maraqları çərçivəsində davranış qaydalarının olduğunu söyləyib. Onun qənaətincə, Bakı şəhərinin vahid nəqliyyat sistemi və idarəetməsi yaradılarsa, problem öz həllini tapacaq. Ekspert yaranmış arzuolunmaz duruma görə Bakı Şəhər İcra Hakimiyyətinin də məsuliyyət daşıdığını düşünür:
“Sərnişindaşıma xidməti paytaxtın inzibati ərazisində həyata keçirildiyindən buradakı idarəetmənin keyfiyyətinə, səmərəliliyinə görə ayrı-ayrı qurumlarla bərabər Bakı Şəhər İcra Hakimiyyəti də cavabdehdir. Bu məsələləri tənzimləmək üçün icra hakimiyyətinin nəqliyyat departamenti var. Ən azından özəl müəssisələrə məxsus avtobus xətlərində marşurutların seçilməsində və idarə edilməsində Bakı Şəhər İcra Hakimiyyətinin müəyyən rolu var. Bu ilin fevralından Bakı Nəqliyyat Agentliyi də icra hakimiyyətinin tabeliyinə verilib”. N.Cəfərli şəhərin ictimai nəqliyyatında yaranan problemə görə Bakı icra hakimiyyətinin fəaliyyətinin dolayı təsirlərinin olduğunu hesab edir: “Xaotik vəziyyətin yaranması təkcə yollardakı sıxlıqla bağlı deyil. Bakı Şəhər İcra Hakimiyyətinin məsuliyyətində olan elə məqamlar var ki, onlar da yollarda sıxlıq yaradır. Şəhərdə xaotik tikintilərin aparılması, ticarət və digər xidmət müəssisələrinin fəaliyyətinə icazə verilən zaman avtomobillərin dayanma, durma yerlərinin olub-olmamasına diqqət yetirilməməsi, piyada səkilərinin düzgün çəkilməməsi də mühüm amillər kimi çıxış edir. Bu məsələlərin hamısı Bakı Şəhər İcra Hakimiyyətinin məsuliyyət dairəsindədir”.
Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfər də hesab edir ki, Bakı icra hakimiyyətinin sərnişindaşıma sahəsində yaranan gərginliyə müdaxilə imkanı var. E.Cəfər hesab edir ki, marşrut xətlərinə lazımı qədər avtobus buraxmayan şirkətlərə qarşı Bakı şəhər icra hakimiyyəti müəyyən sanksiyalar tətbiq edə bilər:
“Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində ictimai nəqliyyatın avtobusla sərnişindaşıma hissəsini tənzimləyir ki, bu qurum da şəhər icra hakimiyyətinin tabeliyinə verilib. Bu səbəbdən şəhər icra hakimiyyətinin tam hüququ var ki, bilərəkdən ictimai nəqliyyatda gərginlik yaradan şirkətlərə qarşı sanksiyalar tətbiq etsin və onları xidmətdən uzaqlaşdırsın. Amma nəqliyyat agentliyi qısa müddət öncə şəhər icra hakimiyyətinin tabeliyinə verilib. Qısa müddətdə agentliyin strukturunda hər hansı dəyişiklik aparmaq, yeni nizamnamə qəbul etmək mümkün olmayıb”.
Ekspert hesab edir ki, sərnişindaşımada yaranan problemlərə görə məsuliyyət bölgüsü yalnız xidmət müəssisələri ilə məhdudlaşa bilməz: “Şəhər icra hakimiyyəti sərnişindaşıma sahəsində yaranan problemlərə görə cavabdeh olmadığını ictimaiyyətə sırımağa çalışsa da, şəhərin təsərrüfat sisteminin idarə edilməsində yaranan istənilən çatışmazlığa görə yerli icra qurumları məsuliyyət daşıyır. Şəhər ərazisində nəqliyyat və yol infrastrukturunun inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsini məhz icra hakimiyyəti təmin etməlidir. Bakıda zəruri olan infrastrukturun yaradılması işini təşkil etmək, həmçinin sərnişin nəqliyyatı vasitələri üçün dayanacaqların yerləşdirilməsi sxemlərini təsdiq etmək və nəzarəti həyata keçirmək kimi məsələlərdə də şəhər rəhbərliyi cavabdehdir.
Yaranmış vəziyyət göstərir ki, Bakı icra hakimiyyəti əhalisi 4 milyon nəfəri keçən şəhərin təsərrüfatını idarə edə bilmir, paytaxtda şəhər rəhbərliyinin fəaliyyəti görünmür. Yeni icra başçısı 4 ildir ki, vəzifəsinə təyin edilməsinə baxmayaraq, hələ də onun müavin vəzifələri boşdur. Bakı şəhər icra başçısının 4 müavini olmalıdır və onları bu vəzifəyə məhz icra başçısı təyin etməlidir. Lakin indiyə qədər müavin vəzifəsinə təyinat yoxdur. Faktiki olaraq Bakı başsız qalıb, icra hakimiyyəti şəhərin problemləri ilə məşğul ola bilmir”. Tıxacların aradan qaldırılması ilə bağlı vacib tədbirlərdən biri kimi də Bakı Metropoliteninin iş qrafikinin pik saatlara uyğunlaşdırılması və xətlərə əlavə qatarların çıxarılmasıdır. Bu, metro qatarlarının hərəkət intensivliyinə, qatarlararası intervala müsbət təsir etməklə yanaşı paytaxt küçələrinin əlavə yüklənməsinin də qarşısını alar.
Şahin
Tarix: 3-10-2022, 15:38