PENSİYAÇLAR YANVAR AYINI GÖZLƏYİRLƏR... - Yeni ildə nə qədər artım olacaq?




Prezidentin bu il fevralın 8-də imzaladığı sərəncam ilə qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər...) pensiyalarının indeksləşdirilmə mexanizminə dair təkliflər Milli Məclisdə müzakirəyə çıxarılacaq.
"Əmək pensiyaları haqqında" Qanununa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) hazırladığı dəyişiklik layihəsinə əsasən, 2023-cü il yanvarın 1-dən bütün növ pensiyaların indeksləşdirilməsi mexanizmi tətbiq ediləcək. Yəni, vahid indeksləşdirmə aparılacaq.
Bəs bunda fərq nədir və artımlar hazırkı bahalaşmaya uyğun olacaqmı?
ƏƏSMN-dən "Turan"a bildirilib ki, qanuna dəyişiklik pensiyaçıların rifahına növbəti dəstəkdir:"Xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10 faiz, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarına daxil edildikdən sonra yekun məbləğ orta aylıq əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək. Məsələn, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alanların məbləği yeni ildən 416.7 manat (400+200/12) qəbul edilərək üzərinə indeksasiya faizi qədər artımla hesablanacaq".
Nazirlikdən vurğulanıb ki, vahid indeksasiya mexanizmi xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyalarında davamlı artımı şərtləndirəcək: "Son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyası maksimum 70 faiz artıb. Ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyaları isə bu müddətdə indeksasiya nəticəsində 98 faiz artıb".
Nazirlikdən əlavə olunub ki, layihə qəbul ediləndən sonra qulluq əlavəsi alan şəxslərin pensiyası hazırkı mexanizmlə müqayisədə daha çox artacaq: "Həmçinin, indeksasiya bütün pensiya məbləğlərinə - həm qulluq əlavəsinə, həm də sığorta hissəsinə şamil ediləcək".
Nazirlikdən o da bildirilib ki, bu layihə xüsusi şərtlərlə pensiyaya çıxma şərtlərinə və təyinatına şamil edilmir.
Ekspertlər bildirirlər ki, bu pensiyaların artırılması demək deyil. 2022-ci ildə pensiyalara üç ayda bir dəfə ödənilən 50 manatı 2023-cü ildə aylara bölməklə hər ay 16 manat 66 qəpik ödəniləcək.

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, 2022-ci ildə inflyasiyanın artım tempini əks etdirən rəsmi rəqəmlərə baxsaq, bu rəqəmlərin orta aylıq əməkhaqqının artım tempindən aşağı olduğunu görərik: "Bu da o deməkdir ki, pensiyalar inflyasiyadan 1-2 faiz çox arta bilər. Rəsmi rəqəmlərə görə, inflyasiya 13 faizdir, orta əməkhaqqı isə rəsmi olaraq 14.1 faiz artdı. Amma reallıqda inflyasiyanın 30 faizdən artıq olduğunu güman edirik. Bu aspektdən məsələyə baxanda indeksləşdirmə pensiyaçıları yoxsullaşmadan qorumayacaq".
Deputat Vüqar Bayramov isə bildirir ki, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşların pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur.
Onun sözlərinə görə, qanunvericilik əvvəlki illərdə bütün əmək pensiyalarının indeksasiyasını nəzərdə tutmadığı üçün belə dəyişikliklərə ehtiyac var idi.
"Digər tərəfdən, pensiyaları indeksasiyaya cəlb olunmayan şəxslərin əməkhaqqıları isə 3-5 ildən bir artırılırdı ki, nəticədə qulluq əlavəsi alan şəxslərin pensiyasında artımlar hiss olunmurdu. Onların pensiyaları indeksasiya olunmadığı üçün bu həmin vətəndaşlarımızın bu imkandan da faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər qəbul olunandan sonra həmin vətəndaşlarımız bu hüquqdan istifadə edə biləcəklər", iqtisadçı əlavə edib.

Deputat ötən illlərdən misallar gətirib: "Məsələn, 2001-2011-ci illərdə on illik indeksasiya faizi 98.0 faiz olub. Bu müddətdə dövlət qulluqçusunun pensiyasında 69.0, hakimlərdə 25, hərbi qulluqçularda 59, xüsusi rütbəlilərdə 81, ədliyyə işçilərində 69 faiz artım qeydə alınıb. Göründüyü kimi, əgər həmin vətəndaşlarımız da bu müddətdə vahid indeksasiya sistemindən istifadə etsəydilər pensiya məbləğlərində daha çox artım qeydə alınardı. Yeni dəyişikliklər məhz həmin vətəndaşlarımıza bu imkandan faydalanmağa şərait yaradacaq. Bu baxımdan, yeni dəyişikliklər ilə qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyası əvvəlki metoda nisbətən indi daha çox artacaq, onların sosial rifahına müsbət təsir göstərəcək".
Deputat vurğulayıb ki, indeksasiya hər il yanvar ayında aparılır: "Bu o deməkdir ki, yeni dəyişikliklər qəbul olunandan sonra 2023-cü ilin ilk ayında bütün növ əmək pensiya məbləğlərində artımlar olacaq. Bu il minimum əmək haqqı məbləğində artım olduğu üçün orta aylıq əmək haqqında əvvəlki illərə nisbətən daha yüksək faizli artım qeydə alınacaq. Bu ilin ilk 7 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar 14-15 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2023-cü ilin yanvar ayında elan olunacaq. Məsələn, əgər 2022-ci ildə orta aylıq əmək haqqı 15 faiz artarsa o zaman 500 manat pensiya alan vətəndaşımızın pensiyasında 75 manat artım olacaq".
İqtisadçı əlavə edib ki, 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın da (200 manat və ya qulluq əlavəsi alan şəxslərə ödənilən pensiya məbləğinin 10 %-i miqdarında) 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilərək indeksasiya olunması nəzərdə tutulur. 
"Bu da pensiya məbləğlərindəki artıma müsbət təsir göstərəcək", - deputat vurğulayıb.

"AzPolitika.info"
Tarix: 3-10-2022, 17:41
Xəbəri paylaş





Xəbər lenti