"Pul var deyə, vahid taksi sistemi ilə monopoliya yaratmaq istəyirlər?" — AÇIQLAMA


Bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov deyib ki, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd hazırlanıb. Onun sözlərinə görə, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd var: "Bununla cənab nazir məşğul olur. Metro, avtobus, taksi vahid olsa, daha yaxşı olar".

Mövzu ilə bağlı Ağ partiyanın sədri Tural Abbaslı Demokrat.az-la fikirlərini bölüşüb:


“Maraqlıdır ki, vahid taksi sistemi deyiləndə nə nəzərdə tutulur? Mahiyyət nədir? Bu nə olacaq? Vahid qiymət tarifimi deyilir, yoxsa bir taksi xidməti olacaq və hər şey oradamı cəmləşdiriləcək? Elə olarsa, rəqabət prinsipi nə olacaq, yaxud da ki, bu vahid taksi xidməti deyilən anlayışdan sonra taksi xidmətinin qiyməti artacaqmı, azalacaqmı? Bu hansı kriteriyalardan ölçüləcək? Bilirisiniz, bu ümumi  bir sözdür və sənəd var.  Nə sənədi var? Nə istiqamətində iş görüləcək? Bu gün heç kəsə sirr deyil ki, əsasən taksi fəaliyyəti Bakı şəhərindədir. Bakı şəhərində əsasən Bolt, Uber kimi beynəlxalq şirkətlərin tətbiqləri üzərindən taksi fəaliyyəti görülür. Burada biraz sərbəstlik var, sənədləşmə rahatdır, insanlar istədiyi vaxt qoşula bilir, istədiyi vaxt ayrıla bilir. Vətəndaşlar da müştəri kimi bundan rahat şəkildə istifadə edirlər.

Əgər bu yeni qanun, nə bilim yeni təklif bu vəziyyəti daha ağırlaşdıracaqsa,  elə qalıb da. Nə ehtiyac var ki? O qədər qanun qəbul olunmalı sahələr var ki,  indi taksi fəaliyyəti özü-özünü tənzibləyib zatən. Uber, Boltun rəqabəti var və qiymətlər də çox uyğundur, müştəri baxımından real uyğun qiymətlərdir. Bilmirəm  bunlar nə etmək istəyir? Burada da monopoliya yaratmaq istəyirlər? O baxımdan mən daha geniş məlumata ehtiyac olduğunu düşünürəm. Hələ bir məlumat verilsin görək bunlar nəyi nəzərdə tuturlar? Mən nə vahid taksi və ya vahid nəyə ehtiyac olduğunu hesab etmirəm. Zatən bazar özü-özünü tənzimləyir, kifayət qədər də taksi xidməti göstərən şirkətlər də var, insanlar da var, hamıda razıdırlar. Bu sahə ən son müdaxilə olunmalı olan sahələrdən biridir. Elə məşğul olmaq istəyirlərsə, avtobusların intervalını düzəltsinlər, avtobusların sayını artırsınlar. Bakının kəndlərindəki, daxilindəki avtobus marşrutların fəaliyyətini yaxşılaşdırsınlar. Metroların, qatarların sayını artırsınlar. İnsanların sıxlığını tənzimləməyə çalışsınlar. Yəni, bu sahədə boşluqlar daha çoxdur, nəinki taksi sahəsində. Ola bilsin ki, taksi sahəsində biraz pul var deyə, ora meyilləniblər. Amma, mən ehtiyac görmürəm”.  
Tarix: 6-10-2022, 08:21
Xəbəri paylaş





Xəbər lenti