Köçkünlərə verilən evlərin aqibəti - “Həmin evdə köçkün yaşamırsa...”


 

Böyük Qayıdışın doğurduğu suala özəl cavablar

Bir neçə gün öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının qarşısında dövlət tərəfindən onlara verilən evlərin əllərindən alındığını deyən məcburi köçkünlər etiraz aksiyası keçiriblər.
Komitənin Mətbuat xidmətindən bildirilib ki, həmin şəxslərin müraciətləri ilə əlaqədar araşdırma aparılıb. Məlum olub ki, narazılıq edən şəxslər həmin evlərdə yaşamayıblar. Yaşayış sahəsinin təqdim edildiyi 2021-ci ilin may ayından bu günədək qeyd edilən mənzilin sayğac göstəriciləri (elektrik, qaz və su üzrə) sıfır olub. Mövcud qanunvericiliyə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda kirayə müqaviləsinə Dövlət Komitəsi tərəfindən xitam verilir. Bu səbəbdən, əvvəlcədən xəbərdarlıq edilməklə, G.Sədrizadə ilə imzalanmış müqaviləyə xitam verilib və ona məxsus mənzil məcburi köçkün şəhid ailəsinə təqdim edilib.
Məlumdur ki, Azərbaycan dövləti Qarabağa Böyük Qayıdış proqramını həyata keçirir. Artıq Şuşanın özündə 15 ədəd 3-5 mərtəbəli yaşayış binasının inşasına başlanılıb. Eləcə də işğaldan azad edilən digər rayonlarımızda sürətli tikinti-quruculuq işləri gedir. Həmin evlər hazırda dövlətin verdiyi binalarda yaşayan köçkünlərə də təklif olunacaqmı? Köçkün ailəsi Bakıda qalmaq istəsə necə olacaq? Yəni bu, könüllülük prinsipi əsasındamı olacaq? Məcburi köçkün ailəsi Bakını (məsələn, Ramananı) üstün tutsa, mənzil həmin ailənin mülkiyyətinə veriləcəkmi?

Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Məmmədov da məsələyə diqqət çəkərək bildirib ki, məcburi köçkünlərin müvəqqəti yaşadığı evlərdən çıxarılması kütləvi hal alıb: “Məcburi köçkün müraciət edir ki, 30 ilə yaxındır ki, müvəqqəti yaşadığı evdən məhkəmə qərarı ilə çıxarılması tələbi qoyulub. Ulu öndər bildirmişdi ki, məcburi köçkünü evlə təmin etmədən o, müvəqqəti yaşadığı yerdən çıxarıla bilməz. Bu gün torpaqlarımız işğaldan azad olunub. Lakin məcburi köçkünlər hələ öz yurd-yuvasına qayıtmayıb. Məcburi köçkünlər evlə təmin edilmədən məhkəmə qərarı ilə onların müvəqqəti yaşadığı evlərdən çıxarılması tələb edilir. Təklif edirəm ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə bu məsələ müzakirə edilsin. Məhkəmə qərarları qəbul edilən zaman Dövlət Komitəsindən nümayəndə çağırılsın. Artıq onların müvəqqəti yaşadığı evlərdən çıxarılması kütləvi hal alıb. Onlar evlə təmin olunmadan yaşadığı müvəqqəti yerdən çıxarılsa, harada yaşayacaq?! Məcburi köçkün evlə təmin olunmayana qədər müvəqqəti yaşadığı yerdən çıxarıla bilməz”.

Ağ Partiyanın sədri Tural Abbaslı da məsələyə münasibət bildirərək bunları deyib: “Məcburi köçkünlərin, yaxud jurnalistlərin evlərinin əllərindən alınaraq şəhid ailələrinə verilməsinin əleyhinəyəm. Düşünürəm, dövlət bu seqmentdəki insanları, sosial təbəqələri qarşı-qarşıya qoymamalıdır. Hər iki tərəfin özünün haqlı izahı var. Şəhid ailələrinə, qazilərə ev verilməlidir, çünki onlar bu Vətən, millət uğrunda əziz canlarından, sağlamlıqlarından keçiblər. Dövlət onlara qayğı göstərməlidir. Məcburi köçkünlər isə erməni işğalına, dövlətin onların torpaqlarını zamanında bu işğaldan azad edə bilməməsinə görə yurd-yuvalarından didərgin düşüblər. Dövlət onları evlə təmin etməlidir. Kimsə dövlətin verdiyi evdə qalar, ya qalmaz, bu, onun şəxsi işidir.
Dövlət məsləhət bilib, məcburi köçkün ailəsinə ev veribsə, bu evi hansı formada istifadə edəcəyini ailə özü müəyyən edir. İşğaldan azad olunmuş ərazilərdə yaşayış tam bərpa olunmayıbsa, məcburi köçkünlərə “artıq torpaqlar azaddır və sizə yaşayış üçün ev verilməyəcək” demək doğru deyil. İşğaldan azad edilmiş ərazilərdə insanların tam olaraq nə vaxt yaşamağa başlayacağını bilmirik. Bəs bu insanlar o müddətə qədər harada yaşasınlar? Hər şeyi qanunla etməkdənsə, özlərini bu insanların yerinə qoymalıdırlar. Ev növbəsində olan məcburi köçkünlər var idi ki, indi onlara deyiblər “sizə ev verilmir, çünki torpaqlar azaddır”. Həmin torpaqlarda evlər tikilib, bu adamlara ora köçənə qədər illər keçəcək. O illəri bu insanlar harada keçirəcəklər? Bu məsələdə məmurların maraqları var. Ona görə də məcburi köçkün və şəhid ailələrini qarşı-qarşıya qoyurlar. Əminəm ki, bir məcburi köçkünün əlindən evini alıb şəhid ailəsinə verəndə iki-üçünü də satırlar. Bunun həlli yolu tapılmalıdır. Belə yanaşma doğru deyil".

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirdi ki, məcburi köçkünlərin qayıdışı könüllülük prinsipi ilə həyata keçirilir: “Sorğunuza cavab olaraq bildiririk ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurda qayıdışına imkan yaradıb. Onların köçürülməsi beynəlxalq hüquq normalarına uyğun olaraq, könüllü, təhlükəsiz və ləyaqətlilik prinsipləri əsasında həyata keçirilir. İlk növbədə tikintisi yarımçıq qalmış bina, yataqxana, sanatoriya və digər inzibati binalarda hələ də ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin köçürülməsi planlaşdırılır. Nəzərinizə çatdırırıq ki, Böyük Qayıdışın ilk qədəmləri olan Zəngilan rayonunun Ağalı kəndinə köçürülmüş 66 ailədən üçü Abşeron rayonu ərazisində yerləşən, dövlət tərəfindən inşa edilmiş yaşayış kompleksindən köçürülüb. Həmin üç məcburi köçkün ailəsinin mənzilləri isə məcburi köçkün şəhid ailələri və müharibə veteranlarına verilib. Məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədi ilə inşa edilmiş yaşayış kompleksləri və qəsəbələr isə dövlətin xüsusi təyinatlı yaşayış sahələrinə aiddir”.
Tarix: 15-10-2022, 09:36
Xəbəri paylaş





Xəbər lenti