Tahir Kərimli: “Rəşad Nəbiyevin AZAL-la bağlı açıqladığı rəqəm çox ciddi narahatlıq yaradır”
“Zaman-zaman Milli Məclisdə də səsləndirmişik, AZAL-ın işindən çox narazılıq etmişik. AZAL dövlət büdcəsindən maliyyələşir və xeyli ziyanla işləyir. Həmişə belə demişik. Çünki dəfələrlə bu şirkətə külli miqdarda pullar ayrılıb. İndi isə nazir Rəşad Nəbiyev elan edir ki, AZAL-ın 1 milyarddan yuxarı illik gəliri var. Bəlkə, nazir ümumi AZAL-ın dövriyyəsini nəzərdə tutur? Dövriyyədirsə, bu, yenə də başa düşüləndir. Amma 1 milyarddan yuxarı gəliri olmaq nə deməkdir? Hədsiz yüksək rəqəmdir…” Bu sözləri
Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı
Tahir Kərimli deyib.
“Belə olan halda, AZAL nə üçün biletləri xalqa hədsiz baha satır? Qonşu dövlətlərlə, ümumiyyətlə, beynəlxalq müqayisədə yüksək fərq var, AZAL biletləri çox baha satır. Eyni zamanda monopoliyaya malikdir. Ona görə də Rəşad Nəbiyevin açıqladığı rəqəm çox ciddi narahatlıq yaradır. Ya nazir səhv deyib, dövriyyə anlamında işlədib, ya da belə gəliri varsa, AZAL dəfələrlə dövlətdən niyə bu qədər dotasiyalar alıb ki, guya ziyanla işləyir? Mən bunu başa düşə bilmirəm..." - T.Kərimli deyib.
Tarix: 11-04-2023, 11:50