Ali Attestasiya Komissiyasinda şəxsi maraqların tüğyanı: “Bu, nə dostbazlıq, nə tanışbazlıqdır, Famil müəllim?!”
“Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev sosial mikrofona güc verib şəffaflıqdan danışır, reallıqda isə dövlət qurumunda şəxsi istəklərinin diktəsi ilə hərəkət edir. Xeyir ola, bu, nə dostbazlıq, nə tanışbazlıqdır, Famil müəllim?! Yenə də adamı olanı xoş qarşılayır, qısa müddətdə dərəcələndirir, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək adamı olmayan faydalı Azərbaycan övladlarını sürünüdürür, “texniki qüsur” axtarır, təzyiq altında saxlamağa çalışırsınız?! Dəyişin davranışlarınızı və iş prinsipinizi!” Pravda.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, professor İdris Abbasov deyib.
O bildirib ki, Azərbaycan dövlətinin elm potensialını möhkəmləndirmək naminə quruma dəvət olunan iddiaçı özünü düşmən əsirliyində hiss etməməlidir: “Unutmayın ki, oturduğunuz kürsü Azərbaycan dövlətinə məxsusdur. Orada yalana, iftiraya, bəhanəyə yer olmamalıdır! Famil müəllim, görün, AAK-da vəziyyət nə dərəcədə acınacaqlıdırsa, hazırda 2 ildir ki, sizi ifşa edən statuslarını sildirib (və ya onun vasitəsilə yüzə yaxın doktorant və dissertantın təcrübəsizliyini istismar edib), ekspert qismində yanınıza apardığınız ADU-nun əməkdaşı, elmlər doktoru, professor Həbib Zərbəliyev qurumun ləğvi üçün petisiya hazırlayıb, ölkə Prezidentinə ünvanlamağın zəruriliyi üzərində dayanıb. H.Zərbəliyev belə qənaətə gəlir ki, AAK kimi ləğv olunmalı bir qurum mənfi halların qarşısını ala bilməz. Sitat: “AAK lüzumsuz bir qurumdur... Kimsə bu orqanın guya mənfi halların qarşısını aldığını düşünürsə, yanlış düşünür...” H.Zərbəliyevin AAK haqqında “orqanın işgəncələrinə dözmək” ifadəsini işlətməsi dərhal erməni canilərinin günahsız övladlarımıza tutduqları divanı beynimizdə canlandırır. H.Zərbəliyev davam edir: “Əks halda alim olmaq, dərəcə almaq istəyənlər bu orqanın işgəncələrinə dözməli olacaqlar. Bu orqanın ləğv olunması tələbi ilə petisiya hazırlayıb, Prezidentə ünvanlamaq lazımdır” Sitatın sonu...”
İ.Abbasov əlavə edib: “H.Zərbəliyev 2021-ci ildə Famil Mustafayevlə görüş əsnasında AAK-da arzuladığı işə nail olduqdan sonra AAK-ı tənqid edən "zərərli vərdişləri"nə son qoyub…”
Tarix: 14-04-2023, 18:45