“Məşğulluq Mərkəzi heyvan verilməsi üçün 500 manat istəyir” - NARAZILIQ VAR!
Füzuli rayonu, Qayıdış qəsəbəsi, ev 132 ünvanında yaşayan Hüseynov Elmir Rəşid oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, qəsəbədə iş yerləri pulnan satılır, pulu olmayan işlə təmin olunmur:
“Mən, Hüseynov Elmir Rəşid oğlu, yazaraq sizə bildirirəm ki, 2018-ci ildən bu günə kimi dəfələrlə Fizuli Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Qəbulda şikayətimi bildirərək, iş tapa bilmədiyimi demişəm. İş yerlərinə girmək üçün fərqli məbləğlərdə pul istənilir.
Məşğulluq İdarəsində də qeydiyyata düşmüşəm. Mənə məşğulluq heyvan vermir. İcra Hakimiyyətinə bu şikayətlərimi dedikdən sonra Fizuli rayonunun prokuroru Elnur müəllim məni həmin gündən hədələməyə başladı.
Cənab prezidentə və Mehriban xanıma ünvanladığım məktublardan sonra məni İcra Hakimiyyətinə çağırıb bildirdilər ki, Məşğulluq Mərkəzi heyvan verənə kimi sənə hər ay 250 manat pul veriləcək və ərzaqla təmin ediləcəksən. Amma onu da vermədilər. Heç düşünmədilər ki, himayəmdə 2 azyaşlı körpə uşağım ac qalacaq.
Su idarəsində işləmək üçün 4 min, baxçada bağban işləmək üçün 3 min, Məşğulluq Mərkəzinin heyvan verməsi üçün isə 500 manat verməliyəm. İmkanım olmadığından pul verə bilmirəm, onlar da məni işlə təmin etmirlər”.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Füzuli Şəhər Şöbəsi ilə əlaqə saxladıq. Aydınlaşdırıb, şikayətçi ilə əlaqə saxlanılacağı deyildi.
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.