Milləti pozan TV-ləri niyə tənzimləmək olmur - sərt qaydalar tətbiq edilsin, yoxsa...


Ekspert: ““Bayağı, şou verilişlərinin çəkisi çoxdur” deməklə, əslində televiziyanın daha ciddi xəstəliyini, “xərçəngini” ört-basdır etməyə çalışırlar”

Uzun illərdir ki, Azərbaycan televiziyaları tənqid olunur, efir mədəniyyətinin formalaşdırılmasının vacibliyindən danışılır, ancaq ortada ciddi bir nəticə yoxdur. Əksinə, son vaxtlar bayağı, cəmiyyətə aqressiv və xas olmayan davranşlar təbliğ edən verilişlər, aparıcılar artıb.
Millət vəkilləri də bununla bağlı etirazlarını bildirib.
“Televiziyalarda cəmiyyəti pozan verilişlər verilir”. Bunu Milli Məclisin ötən gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
 Deputat bildirib ki, bu verilişlər milləti millət olmaqdan çıxarır: “Hər şey millətin mədəniyyətinə uyğun olmalıdır, xalqın, dövlətin, gələcəyini düşünməlidir. Aktyorlar və başqaları çıxırlar efirə, yarı Azərbaycan, yarı rus dilində danışırlar. Onlara kim imkan verir ki, xalqa belə müraciət edirlər?! Bu məsələlərə diqqət artırılmalıdır”.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc  isə qeyd edib ki, araşdırmalara görə, yerli televiziya kanallarına baxanların sayı 5-6 il öncəki tamaşaçıların sayı ilə müqayisədə ən azı 10 dəfə azalıb ki, bunun da səbəbləri dərin və çoxşaxəlidir".
Deputatın sözlərinə görə, artıq 10 illərdir davam edən bayağı məzmunlu, heç bir sosial funksiya daşımayan şou-proqramların televiziya kanallarının əsas simasına çevrildiyi görünür:
“Onlar tədricən öz qarşılarına qoyduğu məqsədlərə nail olur. Artıq 3-cü onillikdir ki, Azərbaycan tamaşaçısının sosial portreti, onun maraq və istəkləri tamamilə təhrif edilməkdə, dünyagörüşü, mədəniyyəti və dəyərləri ciddi deformasiyaya uğramaqdadır. Bayağı şou proqramlarının ekranlarda getdikcə çoxalması qətiyyən təsadüfi deyil, əksinə, düşünülmüş və sistemli xarakter daşıyır. Yalnız kommersiya və biznes maraqları, milli-mənəvi dəyərlərin inkarı, ictimai rəydə ziyalı, alim, intellektual obrazların, Vətən müharibəsinin parlaq simalarının deyil, şou əhlinin - müğənni, rəqqasə, tamada və s. cəmiyyətə əsas ideal, dəyər kimi təqdim edilir. Bunun nəticəsində isə bir neçə aparıcı və televiziya kanalı reklam, sərvət toplayır. Telekanallarımızın siması Zəfərimizin parlaq tablosuna uyğun deyil. TV-lərdə nümunəvi Azərbaycan ailə modeli bu və ya digər şəkildə nəinki təbliğ edilir, əksinə, evlilik şoularında bu dəyərlərə ən böyük zərbə vurulur”.
“Bütövlükdə media siyasətinə, bir sıra televiziyalarımızın fəaliyyətinə yenidən baxmalıyıq. Televiziyanın funksiyası yalnız insanları əyləndirmək deyil, eyni zamanda maarifləndirməkdir. İnsanlarımızın bizdən gözləntisi budur. Bizə ünvanlanan ən çox narazılıqlardan biri də bununla bağlıdır”.
Bunu isə deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, telekanallar milli-mənəvi dəyərlərimizin aşınmasına, ailə dəyərlərinin sarsıdılmasına səbəb ola biləcək verilişlərdən çəkinməlidirlər: “Bu gün dövlətimizin medianı dəstəkləməyə kifayət qədər imkanı var  Biz mənəviyyatımızı zədələyən, ailə sütununu zəiflədən verilişlərdən imtina etməliyik, əsas üstünlüyü maarifləndirici verilişlərə verməliyik. Eyni zamanda hesab edirəm ki, bu gün dünyada gedən informasiya müharibəsi fonunda biz əcnəbi dillərdə - rus, ingilis, fars, ərəb dillərində verilişlərin təşkilinə xüsusi önəm verməliyik. Bu istiqamətdə səylərimizi daha da gücləndirməliyik. Bu gün bir sıra dövlətlər, o cümlədən Türkiyə bu istiqamətdə çox fəal iş aparır. Bizim televiziyalarımız da bu istiqamətdə fəal olmalıdır”.
Parlamentari vurğulayıb ki, hazırda ənənəvi media sosial şəbəkələrlə rəqabətdə uduzur: “İnsanların çoxu sosial şəbəkələri izləyir. Sosial media siyasətimizə yenidən baxmalı, bu istiqamətdə fəal iş aparmalıyıq. Biz informasiyaları elə təqdim etməliyik ki, insanlar ona baxsınlar. Bəzən televiziyada bir verilişə min adam baxırsa, sosial mediada milyonlarla insan baxır”.
Göründüyü kimi burada iki kontekst var: 1. TV-ləri nizama salmaq. Bunu sərt qaydalarla etmək effektlidir, yoxsa peşəkarları cəlb etməklə?
Sosial media siyasətinə diqqəti artırmaq dedikdə konkret nələr edilməlidir? Sirr deyil ki, sosial media hazırda ən böyük təbliğat vasitəsidir. Bəs dövlət bundan necə səmərəli istifadə etsin? Mexanizmlər müasir çağırışlara necə uzlaşdırılsın?

Mövzu ilə bağlı tanınmış media eksperti, TV və radio jurnalistikası kafedrasının baş müəllimi Zeynal Məmmədli “Yeni Müsavat”a danışıb: “Burada məsələ yenə də gəlib idarə olunmağa çıxır. Gəlin baxaq, bu televiziyalar haradan maliyyələşir? Sərbəst bazarın olmaması televiziyalara çox sözəbaxımlı edir. Yəni istər-istəməz  əlində məlum imkanları olanlar  televiziyalara birbaşa təsir göstərir. Hətta televiziyalar müstəqilliyə can atsalar belə bu, mümkün  deyil.
Şou proqramları bir kənara qoyaq, əyləncə kanalı olmayan bütün televiziyaların vizit vərəqi onun xəbər proqramıdır. Amma görürük ki, xəbər proqramlarının fonunda musiqi verilir. Bu necə ola bilər? Olayın özündə  musiqi yoxdursa, fonda necə musiqi verilə bilər? Mən inanmıram  tələb olunsun ki, xəbər musiqi ilə verilsin. Deməli burada özləri  anlamadan verirlər. Bu cür vəziyyətlə Xəzər TV və digərlərində mövcuddur.
İkincisi, baxırsan xəbər proqramları reklam xarakterli informasiyaları, məsələn, hansısa məkanda dükan açılmasını və sairə, adi xəbər kimi sırıyır. Halbuki bu qanunla da qadağandır!
Və məəttəl qalıram ki, Audiovizual Şura süni mayalanma ilə bağlı pozuntunu fiksə edir, amma qeyd etdiyim faktları pozuntu hesab etmir, halbuki onlar çox ciddi  pozuntudur çünki onlar bir çox halda siyasi reklam sayılır. Yəni televiziyada reklam vermək normal haldır, amma siyasi reklam qadağandır. Amma birbaşa siyasi reklam gedir və televiziyalar bununla da qanunu pozurlar.
Reklam  xarakterli bir informasiyanı xəbər kimi vermək birbaşa rüşvətdir. Yəni rüşvət alınır və adi xəbər kimi verilir. Bu, həm də büdcədən, vergidən yayınmaq deməkdir. Mümkün deyil ki, Audiovizual Şuranın bundan xəbəri olmasın. Əgər görmürsə, ya onlar bu işdən anlamırlar, ya da əlbirdirlər. İstər-istəməz bu nəticə çıxır.
Ona görə də hesab edirəm ki, “televiziyalarda bayağı, şou verilişlərinin çəkisi çoxdur” deməklə, əslində televiziyanın daha ciddi xəstəliyini, “xərçəngini” ört-basdır etməyə çalışırlar".
Ekspert qeyd etdi ki, hazırda televiziyalarda peşəkarlıqla bağlı məsələ biabırçı vəziyyətdədir:
“Peşəkar azlığı, menecerlərin olmaması, verilişlərə uyğun geyimlərin, sözlərin seçilməsi ilə bağlı vəziyyət tam biabırçılıqdır. Bəzən görürsən ki, bir cümlə bir dəqiqədən çox gedir. Yəni dəftərxana, rəsmi, məsələn, Daxili İşlər Nazirliyinin (DİN) hazırladığı hesabat dili eyni ilə efirdən səsləndirilir. Bu, ayıbdır! Yəni bu cür problemlərə daha çox diqqət  edilməlidir, nəinki bayağı, şou verilişlərinin çəkisinin çox olmasına. Bunlar yan təsirlərdir. Xəbər proqramları çox ciddi reytinq qazansa, onlar özü-özlüyündə düzəlməyə məhkum olacaqlar.
Audiovizual Şuranın vəzifəsi əslində çox ciddi məsələlərə diqqət etməkdir, lakin çox təəssüf ki, ikinci, törəmə amillərə diqqət edirlər".
Ekspert “sosial media siyasətinə diqqət artırılmalıdır” fikrinə isə bu cür mövqe bildirdi: “Bu fikirlərdən sosial medianı məhdudlaşdırmaq xofu hiss olunur. Aydın məsələdir ki, artıq peşəkar media çox çətin situasiyadadır. Və bu situasiyadan yalnız peşəkarlığın hesabına çıxa bilər.
Sosial media həm də peşəkar media üçün çox ciddi xəbər qaynağıdır, qarmaqdır. Oradan həm  mövzunu, həm problemə baxış bucaqlarını tapmaq, həm də bu problemlərin həlli yolları ilə bağlı cəmiyyətin müxtəlif kəsimlərinin fikirlərini görmək olur. Sadəcə, peşəkar media məsələyə peşəkarcasına yanaşmalıdır və bu zaman fərqlilik ortaya çıxır".
“Sosial Tədqiqatlar Mərkəzinin araşdırması, rəy sorğuları, gəlinən nəticələr və bununla bağlı millət vəkili Zahid Orucun verdiyi izahatlar çox ciddi mətləblərdən xəbər verir”.
Bu sözləri tanınmış tele-tənqidçi, professor Qulu Məhərrəmli deyib.
Qulu Məhərrəmli pandemiyadan sonra bayağı verilişlərin daha da artdığını diqqətə çatdırıb: “Televiziyalarımız həmişə tənqid hədəfində olur. Haqlı olaraq verilişlər, onların mövzuları, davranışlar, aparıcı yanaşmaları, televiziyaların ümumi səviyyəsi ilə bağlı narazılıqlar həmişə olub və indi də var. Hesab edirəm ki, pandemiya dövründə televiziyalar müəyyən həddə həmin problemləri aradan qaldırmağa çalışırdılar. Lakin son 2 ildə sanki geriyə qayıdış var. Həmin qayıdışın da mahiyyəti ondan ibarətdir ki, ümumi proqram siyasətində şou verilişlərinin xüsusi çəkisi artmağa başlayıb, ortaya evlilik kimi proqramlar çıxıb, əvvəlki kimi bayağı verilişlərin dövriyyəsi bir qədər də artıb. Bütün bunların hamısı ona gətirib çıxarır ki, televiziyalarda ümumi səviyyə xeyli aşağı düşüb. Millət vəkili Zahid Oruc məhz bunları nəzərdə tutub, öz haqlı tənqidlərini bildirib”.
“Bəs vəziyyətdən çıxış yolu nədir?” sualına Qulu Məhərrəmli belə cavab verib: “Vəziyyətdən çıxış yolu budur ki, biz yenidən geri qayıtmalıyıq, televiziyalarda istər format, mövzu, istərsə də kadr seçimi ilə bağlı məlum standartları gözləməyə çalışmalıyıq. Belə ki, rejissor işi ciddi şəkildə yaxşılaşdırılmalı, prodüserlər mövzu, aparıcı seçimində çox diqqətli olmalı, cəmiyyəti maraqlandıran mövzulara yer verilməlidir. Həmçinin televiziyalarda prüralizm artmalıdır. Bir fikir və hamının o fikir ətrafında gəzişməsi heç bir tamaşaçı üçün maraq doğurmur. Yəni sosial şəbəkələrdə qaldırılan problemləri televiziyalar daha ağıllı, daha ciddi, peşəkar səviyyədə ekranlara gətirməlidir.
Bu millətin, xalqın, cəmiyyətin ciddi problemləri var. Təhsil, səhiyyə, milli dəyərlərlə bağlı  danışmaq və onları gündəmdə saxlamaq lazımdır. Yeni nəsil gəlir və bu nəslin maraqları cox ciddi mövzulara toxunmağı tələb edir. Bunlardan boyun qaçırmaq, yalnız şou proqramları üzərində siyasət qurmaq tamamilə yanlışdır.
Bir müddət əvvəl Milli Məclisdə gedən müzakirələrdən sonra televiziyalar öz proqram siyasətlərinə yenidən baxa bildilər və tamaşaçıların da narazılığı bir qədər səngimişdi. Lakin tənqidlərin artıq ciddi elmi səviyyədə deyilməsi, nöqsanların sistemli şəkildə göstərilməsi o deməkdir ki, artıq bu problemləri, nöqsanları gizlətmək olmur və televiziyalarda ciddi dönüş olmalıdır".
Tarix: 4-05-2023, 09:08
Xəbəri paylaş





Xəbər lenti