“PASHA Holding”in “Trendyol”la əməkdaşlığı daşınma şirkətlərində narahatlıq yaradıb



“Yaxın gələcəkdə vəziyyətimiz necə olacaq, bilmirik”
Türkiyənin aparıcı e-ticarət platforması olan “Trendyol”un Azərbaycanın hakim ailəsinə məxsus “PASHA Holding” ilə müqavilə bağlaması yerli daşınma şirkətlərini narahat duruma salıb.
Üstəlik “Trendyol”un birbaşa evlərə çatdırılma xidməti göstərməyə başlaması da bu narahatlığı artırıb.
Bu barədə Meydan TV-yə adlarının açıqlanmasını istəməyən daşınma şirkətlərindən bir neçəsinin rəhbəri danışıb.
“İstanbulda ofis, anbar icarəyə götürmüşük, 3 illik müqaviləmiz var. Azərbaycanda da anbarımız, ofisimiz, işçilərimiz var. Müştərilərimizin 95 faizi Türkiyədən, əsasən də “Trendyol”dan mal sifariş edir.  Yaxın gələcəkdə vəziyyətimiz necə olacaq, bilmirik”, – daşınma şirkətlərindən birinin sahibi deyib.
İş adamı bildirib ki, Amerikadan sifarişlər azdır, digər bazara çıxış imkanları isə məhduddur:
Martda guya ki, azərbaycanlı iş adamlarının “Trendyol”la rəqabətə davam gətirmədiyinə dair məlumatlar yayılandan kiçik daşınma şirkətləri üçün çətinlik yaranacağını hiss edirdik. Amma bu qədər tez müqavilə bağlanması bizim üçün də gözlənilməz oldu”.
““Trendyol” hazırda yalnız “Starex” daşınma şirkəti ilə rəsmi əməkdaşlıq edir. Doğrudur, hələlik biz də işləyirik, amma sabah necə olacaq, bunu demək çətindir”,– başqa bir iş adamı deyib.
Kiçik daşınma şirkətləri deyirlər ki, onların əksəriyyəti bazardan çıxmaq məcburiyyətində qalıblar. İş adamı söyləyib ki, əvvəllər “Instagram”, “Facebook” sosial şəbəkələrindən sifarişlər qəbul ediblər. İndi isə yalnız Amerika və ya Çin saytlarından məhsul sifariş olunur. Bu sifarişlərin sayı isə ay ərzində heç 50 bağlamanı keçmir.
Trendyol. Foto: T. Schneider/shutterstock
Azərbaycanda son 2-3 ildə karqo şirkətlərinin sayı 200-ə çatıb.
“Bizə yaxın olan bir neçə şirkətin nümayəndələri ilə görüşdük, hətta birləşmə təklif edənlər də oldu. Çünki yaxın bir neçə ayda müflis olacağımız qaçılmazdır. Düşünmürük ki, bu sahə də inhisara alınmayacaq və bizim kimi kiçik şirkətlər tab gətirəcək. Artıq indidən problemlərlə qarşılaşırıq”,– iş adamı deyib.
Qeyd edib ki, iri şirkətlər xırda şirkətləri sıradan çıxarmaq üçün əvvəlcə qiymətləri aşağı salır. Şirkətlərin sayı azalandan sonra öz qiymətlərini diktə edəcəklər.
“Starex”in Biznesin İnkişafı Departamentinin rəhbəri Pərviz Əzimov isə “Fed.az”a deyib ki, heç də haqsız rəqabətdən söhbət gedə bilməz:
“Trendyol” qlobal bir şirkətdir və onların daşıma partnyoru seçərkən müəyyən şərtləri, qaydaları var. Bu şərtlərə “Starex” cavab verdiyi üçün “Trendyol” daşıma tərəfdaşı kimi “Starex”i seçib. Gələcəkdə başqa şirkətlər də onların standartlarına cavab verərsə, böyük ehtimalla həmin şirkətlər də “Trendyol”la tərəfdaş olacaq. “Starex”in ömürlük tək tərəfdaş olacağı ilə bağlı xüsusi şərt yoxdur”.
P.Əzimov bildirib ki, çatdırılmanın maddi tərəfi ilə bağlı məsələ bir az fərqlidir:
Bu, sizin aldığınız məhsuldan, məhsulun çəkisindən, həcmindən və sayından asılı olaraq dəyişir. Bu gün “Trendyol” çəki və həcm fərqi olmadan 1 markadan alınan mallar üçün vahid daşınma tarifi təklif edir. Bu, hazırda 59,99 TRY-dir (5,22 AZN). Yəni siz 50 qramlıq məhsul alsanız da, 100 kiloluq məhsul alsanız da, daşınma 59.99 TRY-dir. Gələcəkdə bu qiymət dəyişə də bilər. Karqo şirkətləri isə müxtəlif çəki aralıqları üçün fərqli qiymətlər təklif edir. Məsələ  0-100 qram üçün “Starex”də qiymət 0,95 USD-dir (1,61 AZN)”.
Departament rəhbəri əlavə edib ki, “Trendyol” saytında olan bütün məhsulları Azərbaycana birbaşa çatdırma üçün aktivləşdirməyib:
“Onların öz daxili siyasətinə görə müəyyən filterlər var. Buna görə də müştərilər bəzi məhsulları hələ də əvvəlki qaydada almağa məcburdur. Gələcəkdə ola bilsin, Azərbaycana birbaşa məhsul çatdırmaq üçün çeşidlər daha da genişlənəcək. Hazırda Azərbaycan üçün xüsusi qiymət yoxdur. Məhsul Türkiyədə hansı qiymətlə satılırsa, Azərbaycan müştəriləri üçün də eyni qiymətlər təklif edilir”.
Tarix: 10-05-2023, 10:15
Xəbəri paylaş





Xəbər lenti