Neftçilər narazıdır: Yeməkxanalar ləğv edilib, nəqliyyat yoxdur…


“İşçiləri aparmaq istəyən helikopter tüstülənib”
Rövşən Nəcəf SOCAR prezidenti təyin ediləndə iş şəraitinin yaxşılığa doğru dəyişəcəyinə inanan neftçilər ümidlərinin suya düşdüyünü deyirlər.


“Vəziyyət nəinki yaxşılaşıb, hətta daha da pisləşib. Dənizdə çalışan neftçilərə ayrılan gündəlik yeməkpulu 3 manatdır, yeməkxanalar ləğv olunub. Etiraz edənlər də işdən çıxarılma təhdidi  ilə susdurulur”. ,- bunu adının açıqlanmasını istəməyən neftçilərdən biri deyib. Neftçinin sözlərinə görə, əksəriyyət kimi onun da ailəsində çalışan yalnız özüdür. Buna görə də çətin şərtlərə dözmək məcburiyyətindədir: “SOCAR-da siravi neftçilər sözün həqiqi mənasında çörəklə imtahana çəkilirlər. Əsas problemlərimizdən biri də daşınma ilə bağlıdır. Az qala hər dəfə növbə dəyişəndə problemlə qarşılaşırıq, bəzən saatlarla gözləyirik”.

Adının açıqlanmasından çəkinən başqa bir neftçi isə deyib ki, beynəlxalq yarışlara sponsorluq edən şirkət öz əməkdaşlarını daşımaq üçün helikopter və gəmi almır. Şirkətə məxsus nəqliyyat vasitələri kənd avtobusundan fərqlənmir.

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib ki, mayın 6-da “28 May” Neft və Qazçıxarma İdarəsinin 3 saylı Dərin Dəniz Özülü və 10 saylı Dərin Dəniz Özülünə növbə dəyişəcək neftçiləri aparmalı olan “AZE 72” markalı helikopterdə nasazlıq olub. İşçiləri aparmaq istəyən helikopter tüstülənib. 

“Helikopter havada tüstülənsəydi, nə baş verəcəkdi? Neftçilər növbəsini dəyişə bilməyiblər, idarə də başqa helikopter göndərməyib. SOCAR özünü reklam edir, amma işçilərin rahat və təhlükəsiz daşınması üçün nəqliyyatla təmin edə bilmir”,- hüquq müdafiəçisi deyib. Qəhrəmanlı qeyd edib ki, neftçilər vaxtında iş geyimləri ilə də təmin edilmirlər. Bununla bağlı dəfələrlə təşkilata neftçilər tərəfindən şikayətlər daxil olub.
Dövlət Neft Şirkəti Meydan TV-nin sorğusunu cavablandırmayıb.
Tarix: 10-05-2023, 17:22
Xəbəri paylaş





Xəbər lenti