"Bu material saytda getsə..." - 25 illik obyekti sökən "JEK" rəisi hədə qorxu gəldi
"Xətai rayonunda mənə məxsus avtomobil dayanacağı qanunsuz olaraq sökülür".
Siam.az xəbər verir ki, bunu Bakupost.az -a dayanacağın sahibi İlqar Kərimov bildirib.
Şikayətçinin sözlərinə görə, mayın 9-da Xətai Rayon İcra Hakimiyyətinin işçiləri və 85 saylı Mənzil Komminal İstismar Sahəsinin rəisi Elcan Orucov həmin obyektin sökülməsi üzrə işlərə başlayıblar.
O, tikilinin sökülməsi ilə bağlı heç bir rəsmi sənəd təqdim olunmadığını deyib. Şikayətçinin sözlərinə görə, dayanacağı yol çəkmək üçün sökürlər:
“Heç bir sənəd təqdim etmirlər. Sadəcə, dövlət layihəsi olduğunu deyirlər. Dövlət layihəsi olanda əvvəlcə əraziyə baxış keçirilir, sərəncam verilir. Sadəcə, söküb yol çəkmək istəyirlər. Yol çəkilirsə, obyekti sökülən hər bir sakinə, o cümlədən mənə təzminat verilməlidir. Atam Altsheymer xəstəsidir, mən o pulu alıb atamın sağlamlığı üçün xərcləmək istəyirəm. Çünki atam Zeynal Kərimov bu obyektə görə 25 il vergi, torpaq pulu ödəyib. Atamın və mənim hərbi qulluqçu olduğumuzu da nəzərə almırlar”.
İ.Kərimov qeyd edib ki, qarşı tərəf müqavilənin vaxtının bitdiyini iddia etsə də vəkil bütün sənədlərin qaydasında olduğunu bildirib:
“Mən bu tikilidə heç nə etməmişəm. Tikiləndə uşaq idm. Atamın halallığını qorumağa çalışıram. Sənədlərin vaxtının bitdiyini deyirlər. Atam 2017-ci ildən Altsheymer xəstəsidir. Müqavilə müddəti isə 2018-ci ildə bitib. Vaxtı uzatmağa imkan olmayıb. Mən də başqa sahədə çalışırdım, anlayışım olmayıb. Vəkilimiz Rauf Abdullayev deyir ki, 25 il bir obyekt istifadə edilibsə və bu müddət ərzində vergi ödənibsə, həmin müqavilə avtomatik olaraq uzadılmış sayılır. Vəkil məhkəmə qərarı olmadan bu tikilinin sökülə bilməyəcəyini bildirib. Deyir ki, sənədlər hamısı qaydasındadır”.
Məsələ ilə bağlı İlqar Kərimovun vəkili Rauf Abdullayev ilə də əlaqə saxladıq. O, həmin ərazidə hər hansı iş aparmaq üçün icra hakimiyyətinin səlahiyyəti olmadığını deyib:
“Həmin torpaq 1993-cü ildə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən 25 il müddətinə onlara ayırılıb. 1999-cu ildə torpaq islahatı ilə bağlı fərman verilib. Həmin torpaqlar icra hakimiyyətlərinin balansından çıxarılaraq bələdiyyələrə verilib. Fərmandan sonra 2000-ci il tarixli qərarla artıq həmin səlahiyyətlər icra hakimiyyətlərinəlindən alınıb. 2002-ci ildə isə Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində yerləşən 11 icra hakimiyyəti başçısına məktub göndərərək bu barədə xəbərdarlıq edib. Bu qərardan sonra artıq insanlar bələdiyyə ilə müqavilə bağlayır, orada qeydiyyata düşür, vergisini ödəyirlər”.
Vəkil bildirib ki, dövlət ehtiyacı hesabına sökülən hər hansı obyekt üçün hüquqi sənədlər təqdim edilməlidir:
“Qanuna əsasən, əgər kiminsə torpağı və ya digər daşınmaz əmlakı dövlət ehtiyacları üçün alınırsa, əvvəlcə icra hakimiyyəti həmin şəxsləri çağırıb sənədlərlə tanış etməlidir. Daha sonra 3-6 ayadək xəbərdarlıq edilməli, onlar sövdələşməyə cəlb edilməli, kompensasiya təklif olunmalıdır. Əgər qarşı tərəf yenə də razılaşmırsa, o zaman məhkəməyə müraciət edilə bilər. İalnız məhkəmə qərarından sonra hansısa icra işlərinin həyata keçirilməsi mümkündür”.
Şikayətçi tərəfin haqlı sayan R.Abdullayev obyektin sökülməsinin özbaşınalıq və qanunsuzluq olduğunu vurğulayıb:
“Hazırda icra orqanları onların səlahiyyətində olmayan obyekti xəbərdarlıq etmədən, sənəd təqdim etmədən sökürlər. Bu, Mülki Məcəllənin müddəalarına əsasən, özbaşınalıqdır. Onların torpaq haqqında sərəncam vermək hüquqları da yoxdur. Bu məsələlər Nazirlər Kabineti tərəfindən, Dövlət Proqramı əsasında həyata keçirilir. Zeynal Kərimov və oğlu İlqar Kərimov haqlı olaraq şikayət ediblər. Onlar ya kompensasiya almalı, ya da başqa yerdə torpaqla təmin olunmalıdır. Tikinti materialları başqa əraziyə daşınıb yeni obyekt tikilməlidir. Həmçinin, deyirlər ki, yol, yaxud park salınacaq. Həmin obyekt binanın arxasıdır. Yolu hara çəkəcəklər? Parkı hara salacaqlar? Hamısı yalandır. Orada bina tikəcəklər. Ona görə də belə qanunsuz işlər görüb camaatın hüquqlarını pozurlar”.
Məsələ ilə bağlı 85 saylı MKİS rəisi Elçin Orucov ilə əlaqə saxladıq.
O, obyektin müqavilə müddətinin bitdiyini bildirib:
“Həmin tikili 1993-cü ildə bələdiyyədən 25 illik müqavilə ilə icarəyə götürülüb. 2018-ci ildə müqavilənin vaxtı bitib. Lakin həmin şəxs müqavilə müddətinin bitməsindən sonra da obyektdən istifadə edib. Sakinlər də istifadə etdiyi üçün bir söz demirik. Dəfələrlə ona müraciət etmişik ki, park salınsın, yol çəkilsin, ümumilikdə abadlıq işləri aparılsın. Lakin o yolun açılmasına imkan yaratmayıb. Artıq bu dayanacaq qanunsuzdur. Orada yaşayan sakinlərin ərizəsi də əlimizdədir. Amma həmin şəxs tərslik edirdi. Nəhayət, dünən gedib səliqəli şəkildə söküntü işlərinə başladıq. Onun burada heç bir səlahiyyəti yoxdur. Qanunsuz tikilinin sökülməsi üçün icazə sənədi olmur. Qanunsuz tikili dövlət tərəfindən sökülməlidir”.
Yazını hazırlayarkən, Elcan Orucov yenidən bizimlə əlaqə saxladı. Onun məsələ ilə bağlı zəruri əlavəsinin olduğunu zənn etsək də, MKİS rəisi gah bizə "məsləhət" verdi, gah da məhkəmə ilə hədələdi:
"Mən özüm də jurnalistəm. “Gəncə” və “Sumqayıt” jurnallarının redaktoruyam. Mətbuatda da kifayət qədər əlaqələrim var. Gəlin, jurnalist etikasına əməl edək. Ümumiyyətlə, bu materialın saytda getməsinin mənası yoxdur. Haqsız şikayəti dərc etdiyinizə görə mən məhkəməyə müraciət edəcəm. Siz bunu dərc etməməli, şikayətçinin özünü məhkəməyə verilməlisiniz ki, niyə bizi yanlış yönəldirsiz. Obyektiv şikayətə reaksiya verməlisiniz. Bu yazı getsə, saytınızın imicini korlayacaq. Bir narazılığın varsa, gəlin bir stəkan çay içək, söhbət edək".
Maraqlıdır, əgər şikayət doğrudan da əsassızdırsa, onda MKİS rəisini bu qədər narahat edən nədir? Mövzunu diqqətdə saxlayacağıq.