"Trendyol"a tapşırılıb ki, bəzi markaları Azərbaycana göndərməsin


“Məlum olduğu kimi, bir neçə gündür "Trendyol" sifarişləri birbaşa Azərbaycana çatdırmağa başlayıb.
Bu yenilik müştərilərin işini asanlaşdırsa da, bəzi geyim markaları ölkəyə göndəriş həyata keçirməyəcək. Buna səbəb kimi həmin şirkətlərin Azərbaycanda geniş ticarət şəbəkəsinin olması göstərilir. Fikrimcə, bəzi geyim markalarının ölkəyə göndərişinin birbaşa həyata keçirilməməsi verilmiş göstərişlə bağlı ola bilər”. Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, bir çox geyim markalarının Gürcüstanda da ticarət şəbəkələri var: "Düşünmürəm ki, "Trendyol" Gürcüstana birbaşa çatdırılmada hansısa geyim markasına qadağa qoysun. Deməli, Azərbaycanla bağlı xüsusi bir qərar verilib. Bu, geyim markalarını Azərbaycana gətirib satan şəxslərin maraqlarına toxunmamaq məqsədi daşıyır".
 
İqtisadçı hesab edir ki, "Trendyol" bu qərarı sərbəst qəbul etməyib, bu məsələdə ona müəyyən tapşırıq olub: "Çünki, "Trendyol" bu məsələdə müştəri və gəlir itirir. Onun özünə qalsa, belə bir qərar verməsi mümkün deyil. Əgər belə davam edərsə, sifarişlər başqa ölkələr üzərindən veriləcək. Yaxud da, "Trendyol"un birbaşa çatdırılması xidmətindən istifadə edilməyəcək”.
 
Natiq Cəfərli bildirib ki, bu gün "Alibaba" kimi məşhur onlayn satış platforması Çindən də geyim markaları satışını həyata keçirir: "Onda belə çıxır ki, biz sabah "Alibaba" ilə tərəfdaşlığa başlasaq, Çindən geyim markalarının daşınmasına məhdudiyyət qoyulmalıdır ki, həmin ölkənin malları "Sədərək" Ticarət Mərkəzində də satılır? Bu məntiqsiz addımdır. Bu qərar Azərbaycanda yerli ticarət şəbəkələrinin maraqlarını müdafiə üçün verilmiş çox səhv qərardır".
Tarix: 16-05-2023, 11:50
Xəbəri paylaş





Xəbər lenti