Qusar rayonu, Gülbəs Xudaverdiyev küçəsi, 200 nömrəli evin sakini Mustafayeva Xatirə Gülmət qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu işlədiyi "Şahdağ Turizm Mərkəzi”ndən qeyri-qanuni olaraq işdən çıxarıblar.
"Mən, Mustafayeva Xatirə Gülmət qızı, "Şahdağ Turizm Mərkəzi" QSC-də xidməti müqavilə əsasında 31.03.2023-cü il tarixinədək xadimə vəzifəsində işləmişəm. İşlədiyim müddət ərzində tərəflər arasında bağlanılmış müqavilənin tələblərini, şəxsi subardinasiya və etik davranış qaydalarını, həmçinin "Şahdağ Turizm Mərkəzi" QSC-nin mənafeyini pozacaq heç bir yalnış hərəkətim olmamışdır.
Lakin işimə bu qədər məsuliyyətli yanaşmağıma baxmayaraq, 30.03. 2023-cü il tarixində təmizlik şöbəsinin Surxay Kliçev adlı rəisi tərəfindən heç bir xəbərdarlıq edilmədən xidməti müqaviləm sonlandırıldı. Bildiyiniz kimi, "Şahdag Turizm Mərkəzi" QSC-də turizmin inkşafı və mərkəzin şəffaflaşdırılması məqsədilə strukturun dəyişdirilməsi, yeni pəşəkar kadrların (rəhbər heyətinin) işə cəlb edilməsi və digər bir çox müsbət tədbirlər həyata keçirilmişdir.
Surxay Kliçev adlı şəxsdən məni niyə işdən azad etdiyini soruşduğum zaman, Vüsal adlı əməkdaşın ona iş vaxtı ərzində işdə olmadığımı və öz vəzifəmi icra etmədiyimi dediyini bildirdi. Bu insan öhdəlikləri lazımi qaydada icra etməyimə baxmayaraq, mənə şər ataraq, 3 saat işdə olmadığımı bildirib.
Kamera görüntülərinə baxıldığını və işdə olmadığımı israrla mənə bildirdi. Həmin kamera görüntülərinə baxmaq istədiyimi dedim. Bu zaman aqressiv şəkildə məni otağından qovdu.
Onu da qeyd edim ki, "Şahdağ Turizm Mərkəzi" QSC-də bu kimi özbaşnalıqlar və əsassız şəkildə işçilərin təhqir edilməsi, aşağılanması hallarına yalnız bizim departamentdə deyil, digər departamentlərdə də son zamanlar həddindən çox rast gəlinir.
Onlara bildirdim ki, bütün bu qanunsuzluqlar haqqında məktub yazıb, cənab Fuad Nağıyeva göndərəcəm. Mənə “get kimə istəyirsən yaz, sənə kimdi inanan, mənim heç kimdən qorxum yoxdur", - deyə cavab verildi.
Ailəmdə evə çörək pulu gətirən tək mən idim. Yoldaşım I qrup əlildir, yetkinlik yaşına çatmamış 2 övladım var. Kirayədə yaşayıram. Günahım olsa sakit durardım, mənim günahım olmaya-olmaya işimə qərəzli şəkildə son veriblər. Övladlarımın təhsilini necə davam etdirəcəyimi, xəstə yoldaşımın müalicələrini, evin dolanışığını necə edəcəyimi bilmirəm. Surxay Kliçev ona verilən vəzifədən sui-istifadə edərək, işçilərin çörək pulu qazanmalarına mane olur.
Kompleksin işçilərindən olan Rüstəm müəllim məni qəbuluna çağırtdırıb, hədə-qorxu gəldi, “səni məhkəməyə verəcəm”, - dedi. 15 il əmək müqaviləsi olmadan orada işləmişəm, işimdən olmamaq üçün səsimi çıxarmamışam.
Hörmətli redaksiya, xahiş edirəm, mənim səsimin lazımi yerlərə çatmasına kömək edəsiniz”.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 28-05-2023, 09:34