Konstitusiya Məhkəməsinin ipoteka barədə qərarı yeni mübahisələrə yol açır - Ekspert danışır
Bu günlərdə Konstitusiya Məhkəməsinin ipotekalarla bağlı qərarı cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Dünyasını dəyişmiş şəxsin ipoteka borcunun vərəsələr tərəfindən ödənilməsi məsələsi cəmiyyətin arzuladığı, düşündüyü bir qərar deyil… “Konstitusiya Məhkəməsinin yeni qərarına əsasən ipoteka ilə yüklü edilmiş öhdəlik borcalanın ölümü səbəbindən ödənilmədikdə ipoteka qoyandan əvvəl borcalanın vərəsələri həmin öhdəlik üçün məsuliyyət daşıyır”.
DİA.AZ bildirir ki, bu barədə PAŞA Həyat Sığorta şirkətinin Hüquq Departamentinin direktoru Səbuhi Göyüşov öz “LinkedIn” hesabında yazıb. Göyüşov qeyd edib ki, bu qərar borcalan ilə ipoteka qoyanın fərqli olduğu hallara aiddir. Bu da Fondun iştirakı olmadan banklar tərəfindən verilən kreditlərdə təminat kimi ipotekanın götürülməsi ilə bağlıdır.
“Qərarda Fond tərəfindən maliyyələşdirilən ipoteka kreditlərindən, habelə həyat sığortası ilə sığortalanmış kreditlərdən söhbət getmir. Odur ki, əgər ipoteka kreditiniz üzrə borcalan olaraq həyatınızı sığortalamısınızsa, ölüm hallarında sığorta müqaviləsinə uyğun olaraq sığorta şirkəti ödəniş həyata keçirəcəkdir” - deyə qeyd edən Göyüşov həmçinin bildirib ki, bu qərar həmin məsələyə toxunmur və əksini iddia etmir.
Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əvvəllər qanunvericilikdə borclunun öhdəliklərinin icrası ilə bağlı, həmin borclunun qalmış miras əmlakını qəbul etmiş vərəsələri eyni zamanda onun kreditorlar qarşısında, yəni ona borc vermiş şəxslərə öhdəliklərini tam miras həcmində üstələnir. Sadəcə olaraq, bu qərarla Konstitusiya Məhkəməsi unudulmuş bir məsələyə diqqət çəkdi.
“Konstitusiya Məhkəməsinin əvvəlki qərarlarında götürülmüş kreditlərlə bağlı varislərin ödəməni öz üzərinə götürməli olduğu qeyd edilirdisə, varislər ipoteka müqavilələri zamanı deyirdilər ki, bununla bağlı ipoteka əmlakı var, ödəmə ona yönəldilsin. İndiki halda isə, Mülki Məcəllənin 319.1-ci maddəsi deyir ki, əgər borclunun ipoteka krediti ilə bağlı öhdəliklərini yerinə yetirmədiyi zaman, hər hansı bir formada həmin mənzilin, ipoteka əmlakının banka verilməsi müqavilə şərtlərində yazılsa belə, bu əsassızdır. Bax belə bir əndirəbadi qanun var idi. Konstitusiya məhkəməsi ondan çıxış edərək, bu qərara gəlib”- deyə Ramil Süleymanov qeyd edib.
Hüquqşünasın fikrincə, Konstitusiya Məhkəməsinin unutduğu və ya nəzərdən qaçırdığı bir məsələ var. Məsələ ondan ibarətdir ki, İpoteka Qanununun 27-ci maddəsində bir mənalı şəkildə tələb var ki, ipoteka müqavilələri zamanı mütləq qaydada şəxsin əmlakı və həyatı sığortalanmalıdır.
“Bu zaman Konstitusiya Məhkəməsi bununla da bağlı şərh verməli idi ki, belə olan təqdirdə əgər borclu vəfat edərsə, borclunun vəfat etməsindən sonra onun tutaq ki, həyat sığortası olmuş olsa belə, sığorta şirkəti həmin borclunun həyat sığortasını ödəyirsə, yəni borcunu tamamilə bağlayırsa, yenədəmi varislər qəbul etdikləri əmlaka görə kreditor qarşısında məsuliyyət daşıyırlar? Bax bu sual açıq qalıb”,- deyə o əlavə edib.
Ramil Süleymanov hesab edir ki, Konstitusiya Məhkəməsi bunu da gözdən qaçırmamalı idi. Onun sözlərinə görə, bununla da bağlı ayrıca məhkəmə mübahisələri yarana bilər və ya məhkəmə mübahisələri yarandığı zaman Konstitusiya Məhkəməsinə yenidən müraciət olunacaq ki, həmin qərarını şərh etsin.