Özbaşına tikinti işlərinin aparılmasına görə cərimələr artırılır.Bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Hazırda qüvvədə olan qanuna görə, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmimin manatdan iyirmi beş min manatadək məbləğdə cərimə ediləcək.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 395.1-2-ci maddəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Şəhərsalma və Tikinti Məcəlləsinin məlumatlandırma icraatı olmadan tikinti obyektlərinin tikintisinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 25 min manatadək məbləğdə cərimə ediləcək. Nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyət bu maddə qüvvəyə mindikdən sonra tikintisinə başlanmış tikinti obyektlərinə münasibətdə yaranacaq.
Qeyd edək ki, məlumatlandırma icraatı tələb olunan tikinti obyektləri sırasına Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evləri də daxildir.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma fəaliyyəti ilə bağlı yol verilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş yazılı göstərişin icra edilməməsinə görə də cərimə müəyyənləşir.
Layihəyə əsasən, dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma fəaliyyəti ilə bağlı yol verilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş yazılı göstərişin icra edilməməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 15 manatdan 25 min manatadək cərimə ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Qeyd edək ki, bu sahədə uzun müddətdir ki, həllini gözləyən bir sıra problemlər var.
Onlardan biri də odur ki, əgər məlumatlandırma ilə bağlı prosedur işləyirsə, niyə vətəndaş qanunsuz ev tikməlidir?Hüquqşünas Vüqar Dadaşov
Cebhe.info-ya bildirdi ki, bu sahədə mövcud Qanunun Şəhərsalma və Tikinti məcəlləsinin 80-ci maddəsində problemlər vardı:
“Həqiqətən də cərimələrin tətbiqi, tikintiyə nəzarət funksiyasının yerinə yetirilməsi konkret müəyyənləşməmişdi. Yəni həmin qanun natamam bir qanun idi. Həmin qanunun tətbiqi özbaşınalığa əsas yaradırdı. Ona görə də qanunlarda dəyişikliklərə ehtiyac vardı.
Əsas şərt odur ki, tikintiyə nəzarət funksiyasını yerinə yetirən orqan dedikdə hansı orqan nəzərdə tutulur?Bu gün ərazi üzrə icra hakimiyyətlərinə tabe olan orqanların, şəhərsalma idarələrinin hamısı icra hakimiyyətlərindən asılı orqandır. Ona görə də bu məsələnin həlli, həmin icra hakimiyyətlərindən müəyyən mənada müstəqil olduğu halda mümkün ola bilərdi. Ancaq bu gün həmin orqanların müstəqilliyi olmadığına görə, o funksiyanı icra hakimiyyətinin razılığı ilə həyata keçirirdi. Bu məsələdə birinci növbədə hansı orqan nəzarət edəcəyinə aydınlıq gətirilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerlərdə olan orqanları da bu funksiyanı lazımınca yerinə yetirə bilmir. İkinci məqam odur ki, ölkə ərazisində 500 mindən artıq qanunsuz tikililər var və onun sayı durmadan artır. Burada problem, həmin ərazilərdə, təsərrüfat yerlərində tikiliyə icazə məsələsidir. Qanunvericilikdə ancaq birbaşa fərdi yaşayış yerlərinin, torpaq sahələrində tikinti üçün nəzərdə tutulmuş yerlərə məlumatlandırma icrasının tətbiqindən söhbət gedir. Ölkədə demək olar ki, fərdi yaşayış sahəsinin tikintisi üçün ərazi yoxdur. Həmin o təsərrüfat sahələrində tikintinin aparılması qalır. Təbii ki, bu da yenə də icra hakimiyyətindən asılıdır. İcra hakimiyyətinin də göz yumması üçün hamı bilir ki, hansı yollara əl atılır. Ona görə Nazirlər Kabinetinin həmin ərazilərin təsərrüfat sahələrinin fərdi yaşayış sahəsinə keçilməsi üçün müvafiq qərarı tələb olunur. Bu sahədə də müəyyən işlər görülməlidir ki, Şəhərsalma və Tikinti məcəlləsinin 80-ci maddəsinin norma və qaydaları təsdiq olunsun. Bu iki əsas şərtlər olduğu halda həmin qanunun tam şəkildə tətbiqindən söhbət gedə bilər”.
Tarix: 30-05-2023, 18:49