Bakı Metropoliteninin "Xocasən" yerüstü stansiyasından istifadə edən sərnişinlər vaqonlarda oturacaqların natəmiz olmasından şikayətçidir.
Belə ki, bir neçə gündür ki, küləkli hava şəraiti ilə əlaqədar olaraq, vaqonların tutacaqları və oturacaqların tozlu olması müşahidə edilir.
Maraqlıdır, vaqonlar necə təmizlənir?
SİAM.AZ-ın məlumatına görə, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, vaqonların təmizlənməsi ilə bağlı daimi olaraq nəzarət təmin olunur:
""Bənövşəyi xətt" üzrə vaqonların təmizlənməsi, sanitar-gigiyenik normaların tələblərinə cavab verməsinə "Xocasən" elektrik deposu açılana qədər fərqli yanaşılırdı.
Mövcud infrastruktur tələbi isə elektrik deposu açılandan sonra dəyişilib. Çünki açıq hava şəraitində qatarların hərəkət etməsilə bağlı məsələlər gündəmə gətirilib. Buna uyğun olaraq həmin vaqonların təmizlənməsi və digər profilaktika, sanitariya-gigiyena tədbirlərin görülməsi üzrə planlı şəkildə işlər aparılır.
Açıq ərazinin müəyyən təsirləri dövrü olaraq daim diqqət mərkəzində saxlanılır. Küləkli, yağmurlu hava şəraitində normativ qaydalar əsasında vaqonların təmizlənməsi ilə bağlı əlavə tədbirlər də görülür. Bu iş davamlı aparılır, bundan sonra da mövcud vəziyyətə çevik şəkildə reaksiya göstəriləcək.
Sərnişinlərimiz əmin olsun ki, vaqonların təmizlənməsi ilə bağlı daimi olaraq nəzarət təmin olunur. Sadəcə olaraq, Bakının iqlimi bir qədər fərqli ola bilir. Buna görə də həmin ərazidə havanın təsirləri gündəmdə saxlanılır, nəzarət edilir. Bundan sonra da optimal çıxış yollarının tapılması istiqamətində lazımi addımlar atılacaq".