Gəncə sakinləri: “Yağış yağan kimi arx daşır, çirkab küçə boyu yayılır”


Leysan yağışlarından sonra bəzi küçələrin keçilməz olduğu bildirilir
Yağış yağan kimi küçə su ilə dolur. Bir neçə saat davam edən leysan yağışlarından sonra ümumiyyətlə, qapını açıb çölə çıxa bilmirik. Neçə illərdir bu problem davam edir”.
Bunu Meydan TV-yə Gəncə şəhər sakini Hikmət Əliyev bildirib. Onun sözlərinə görə, rəsmilər evlərin qanunsuz tikildiyini əsas gətirir, halbuki kommunal xidmət haqlarını ödəyirlər. Evlər tikilərkən rəsmi olmasa, da icazə alıblar.
“1941-1945 məşəlinin, Nizami Rayon Hərbi Komissarlığın yaxınlığı, eləcə də Qarabağ küçəsi də daxil olmaqla məhəllələrin əksəriyyəti bu vəziyyətdədir. Gəncə kimi iri şəhərdə kanalizasiya sistemi işləmir, yağış yağan kimi küçələr su ilə dolur. Hər dəfə nasoslarla su çəkirlər”, – sakin deyib.

Gəncəlilər deyirlər ki, Sadıllı qəsəbəsindəki Ayaz Nuriyev küçəsi boyunca arx gedir, kanalizasiya suları arxa tökülür. Yağış yağan kimi arx daşır, çirkab küçə boyu yayılır:
“Deyirlər ki, arxlar sakinlər tərəfindən çirkləndirilir. Bunun qarşısını almağın bir yolu olmalıdır. Əhalinin ora zibil atmamasına da nəzarət edilməlidir. Həmin ərazidən keçmək mümkün deyil, üfunət digər küçələrdən də hiss olunur. Poçt qəsəbəsindəki arx da o vəziyyətdədir. Bundan başqa, külək əsən kimi mərkəzi küçələr də daxil olmaqla evlərin damı uçur, neçə dəfə avtomobillərin üzərinə düşüb”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, son günlər bir sıra bölgələrdə, o cümlədən Gəncədə leysan xarakterli yağışlar yağıb. İyunun 18-də də Gəncəyə küləklə müşayiət olan leysan yağışlar yağıb.

“Azərsu” ASC-nin Gəncə Sukanal İdarəsindən Meydan TV-yə bildiriblər ki, əhali qanunsuz olaraq kanalizasiya sistemini su arxlarına qoşub. Bununla da kanalizasiya sistemi olmayan ərazidə problemlər yaranıb. Həmin ünvanda kanalizasiya xidmətləri idarənin xidmət sahəsində deyil.
Gəncə Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, yağış yağanda bəzi küçələrə su dolur, lakin dərhal tədbirlər görülür:
“Təbii hadisələrdir, neyləmək olar? Əsas odur ki, dərhal tədbirlər görülür”.
Tarix: 20-06-2023, 22:26
Xəbəri paylaş





Xəbər lenti