AZAL Naxçıvanı blokadaya aldı: qiymət baha, növbələr uzun... - FOTO


Son vaxtlar Naxçıvana uçuşlarla bağlı yenidən problemlər yaranmağa başlayıb.
Bu barədə Bakupost.az -a millət vəkili Fazil Mustafa bildirib.


Onun sözlərinə görə, bir aydan artıqdır ki, Naxçıvana bilet almaq böyük bir problemə çevirilib:

"İran yolu bağlayıb, bircə təyyarə yolu qalıb. Tələbat varsa, təyyarələrin sayını artırsınlar. Bir neçə il öncə bileti 60 manata qaldırdılar. Onsuz da bu qiymətə keyfindən kimsə Naxçıvana getmir. Adamın ölüsü var, dirisi var, xəstəsi var, doğma yurd həsrəti var. Nədir bu bilet kassasının qarşısındakı zəhlətökən növbələr? 21-ci əsrdə bilet üçün bu qədər növbə olar? Qadını, yaşlısı, uşağı bilirsiniz nə çilə çəkir? Elektron bilet satışı deyirdiniz, hanı o biletlər? Kim məsuliyyət daşıyır buna? Təcili əncam çəkilməlidir".


Bakupost.az -a şikayət edən sərnişinlərdən biri isə “AZAL”ın Nizami küçəsində yerləşən aviakassasından narazılığını dilə gətirib:

“Kassaya gələn, yaxud onlayn müraciət edən şəxslər yanlız 1 ay sonraya bilet ala bilir. Məsələn, indi bilet əldə etmək istəsəm, iyul ayının sonuna ala biləcəm. Uçuş tarixinə iki gün qalmış əlavə reyslər verilir. Bu reyslərin biletləri isə yanlız aviakassalarda satılır. Nəticə etibarilə saat 5-dən aviakassanın qabağı Naxçıvana uçmaq istəyən sərnişinlərlə dolur. Mən saat 8-ə qalmış gəlmişdim. Növbədə 140-cı idim. 140 nəfər növbə olanın hər biri də 2-3 nəfərə ayrılıqda bilet alır. Yay olduğu üçün çoxu ailəsi ilə birlikdə istirahətə gedir. Səhər 9-da kassa açılır. 10-a işləmiş birinci reys verilir. Dünən 19:40-da açıldı. Cəmi 5-10 dəqiqəyə reysin bağlandığını dedilər. İndi isə 23:00 üçün biletlər satılır. Burada onlarla insan var. Növbənin uzun olduğunu görüb kənarda duranlar da çoxdur”.


Şikayətçinin sözlərinə görə, xarici şirkətlər Bakı-Naxçıvan reysi ilə 35-40 manata uçuş həyata keçirmək üçün müraciət edib, lakin onlara müsbət cavab veilmir:


“Aldığım məlumata görə, bəzi xarici şirkətlər Naxçıvan-Bakı reysi ilə 35-40 manatdan başlayaraq uçuş həyata keçirməyə razıdırlar. Bununla bağlı Azərbaycana müraciət də edilib. “AZAL” 60 manata bilet satır, sonra deyir ki, ziyan edirəm. Əgər belədirsə, xarici şirkətlər bizdən beynəlxalq qiymətlərə yanacaq alıb 35-40 manatlıq uçuşa necə razı ola bilər? Türkiyədə İstanbul-İğdır reysi də 60-70 manata başa gəlir. Uçuş müddəti də Bakı-Naxçıvan reysindən iki dəfə çoxdur. Yaxud Avropa ölkələrində 20-30 avroya bilet tapmaq olursa, deməli bizdə də olar. Sadəcə “AZAL” hökmranığı əldən vermək istəmir. Monopoliyanı əlində saxlamaq üçün onlara imkan vermir. Nəticədə isə insanlar əziyyət çəkir”.





Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilova ilə əlaqə saxladıq. O Bakupost.az -ın sorğusuna belə cavab verib:


“Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) hazırda Bakı ilə Naxçıvan arasında reyslərə sərnişinlərin bütün tələbatını ödəyir. Tam əminliklə bildirik ki, hazırkı dövrdə bu istiqamətdə heç bir sərnişin aviabiletsiz qalmayıb. Belə olduğu təqdirdə isə sərnişinlərdən dərhal AZAL-ın cağrı mərkəzinə [email protected] elektron ünvanı vasitəsilə müraciət etmələrini xahiş edirik. Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etmək istəyən bütün sərnişinlər aviabiletlə təmin olunacaqlar.


Aviadaşımalar mövsümündə yüksək tələbatı nəzərə alaraq, aviaşirkət tərəfindən bu istiqamətdə hər gün 8-10 uçuş yerinə yetirilir və gündəlik 2 minə yaxın sərnişin daşınır. Hazırda sərnişinlər bu istiqamətdə aviabiletləri həm onlayn, həm də aviaşirkətin rəsmi kassalarında rəsmiləşdirə bilirlər.


Lakin mövcud narahatlığı nəzərə alaraq, yaxın zamanda biletlərin satışı aviaşirkətin rəsmi www.azal.az saytı üzərindən tam onlayn şəkildə həyata keçiriləcək. Onlayn satışa keçidin dəqiq tarixi ictimaiyyətə açıqlanacaq.


Bir daha xatırlatmaq istərdik ki, hazırda aviabiletlərin dəyəri Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə aviabiletin qiyməti Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün 70 manatdır. Xüsusi kateqoriyadan olan şəxslərə isə 10 manat məbləğində güzəşt tətbiq olunur. Sərnişinlərdən mümkün fırıldaqçılıq hallarının qarşısını almaq üçün diqqətli olmalarını xahiş edirik”.




Elnur
BakuPost

Tarix: 20-06-2023, 22:45
Xəbəri paylaş





Xəbər lenti