“Yataq xəstəsi olan insana əlillik və penisya verilmirsə, bəs kimə düşür?” - ETİRAZ
Saatlı rayonu, Babək küçəsi, ev 64-də yaşayan Mirzəyev Sabit Abbas oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi çarəsiz vəziyyətdə olduğunu və xəstə atasına yardım edə bilmədiyini bildirir:
"Mən, Mirzəyev Sabit Abbas oğlu, yazaraq sizdən xəstə atam Mirzəyev Abbas Bahadır oğlu üçün kömək istəyirəm. Bizim bu çarəsizliyimizə dövlət qurumları göz yumur. Xahiş edirəm, problemimizi işıqlandırın.
Məlumat üçün bildirim ki, atam Abbas 14 ildir xəstədir. Həkimlərin qoyduğu diaqnoza əsasən, ikitərəfli infakt, əsəb pozğunluğu, sol ayağında hissiyatsızlıq, sağ qolunuda əməliyyat zamanı inkişafdan dəyanma var. Həmçinin, başından da əməliyyat olub.
Xəstəlik sənədlərini 1aydır ki, Sabirabad xəstəxnasına vermişik. “Komissiyadan keçən kimi sizə məlumat veriləcək”, - dedilər, amma hələ xəbər yoxdur. Nə sənədləri geri verirlər, nə də əlilik verilir.
Ailədə 7 nəfərik, yaşayış yerimiz yaxşı deyil. Bunlar bir yana, gözümün qabağında günü-gündən əriyən atamın iynə-dərmanlarını almaqdan əziyyət çəkirəm. Maddi problemlərim çoxdur, təkcə aptekə 2500 manat borcum var. Atam yer xəstəsidir, bir istəkan suyu da özü içə bilmir. Belə xəstəyə sosial müavinat vermirlər, “düşmür” deyirlər.
2 il bundan qabaq həkim gətirdik, dedi ki, vaxtına az qalıb, nə hörmətiniz var edin. Özü çox əziyyət çəkir bu vəziyyətdə. Mən övlad olaraq ona borcumu maddi sıxıntıma görə ödəyə bilmirəm.
Sizin sayt vasitəsilə cənab Prezidentə və Birinci vitse-prezidentə müraciət edirəm. Yataq xəstəsi olan insana əlillik və penisya verilmirsə, bəs kimə düşür?
Xəstəxanalar od qiymətinədir, sığorta ilə xəstəyə demək olar ki, baxılmır. Dövlət tərəfindən də dərman vermirlər ki, əlilliyi yoxdur.
Cənab Prezident, xahiş edirəm tapşırıq verin, evə nümayəndə gəlib yoxlanış keçirilsin. Əgər bu xəstə özünü idarə edə bilirsə, mən razıyam, Sahil Babayev məni məhkəməyə versin”.
Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq. Onun sözlərindən məlum oldu ki, Mirzəyev Abbas Bahadır oğlunun tibb müəssisəsi tərəfindən “Forma-88” sənədi 20.06.2023-cü il tarixdə, yəni dünən rəsmiləşdirilib və əlillik altsisteminə daxil edilib.
“15 iş günü ərzində elektron sistem üzərindən qiymətləndirilmə yekunlaşdıqdan sonra vətəndaşın sistemdə qeyd olunan əlaqə nömrəsinə yekun məlumat göndəriləcək”, - deyə, o bildirdi.