Göygöl Milli Parkından şikayət var: “Bir tərəfdə turistlər, o biri tərəfdə mal-qara”
Müşfiq Atayev: “Dəfələrlə bununla əlaqədar şikayət elədim ki, tədbir görün, ayıbdır, nəticədə işimi itirdim…” 14 il Göygöl Milli Parkında çalışmış Müşfiq Atayev deyir ki, onu qoruqda baş verən qanunsuzluqlara göz yummadığına görə cəzalandırıblar. O, hələ işlədiyi vaxtlarda qoruqda baş verənlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayətlər edib. Şikayəti əsasında əraziyə yoxlama göndərilib, nöqsanlar aşkarlanıb. “Müxtəlif fermerlərin mal-qarası Göygöl Mərkəzi Parkının ərazisinə buraxılır” Müşfiq Atayev Göygöl Milli Parkında təsərrüfat müdiri olub. O iddia edir ki, çalışdığı müddətdə işinə həmişə məsuliyyətlə yanaşıb, nəticədə bir sıra mükafatlara layiq görülüb. Onun sözlərinə görə, bu quruma 2020-ci ildə İlham Məmmədov rəhbər təyin olunandan sonra vəziyyət dəyişib: “O, əvvəl balıq zavodunun müdiri olmuşdu. Gələndən o əhval-ruhiyyədə idi ki, qoruqdakı işçiləri təmizləsin, öz adamlarını gətirsin. Deyirdi ki, “ərizənizi yazın, gedin”. Gah anbarı yoxlatdırdı, gah komissiya təşkil elətdirdi, heç nə tapmadı. Mənim vəzifəmi dəyişib, bələdçi elədilər. Yenə işimin öhdəsindən gəlirdim…”. Müşfiq Atayevin sözlərinə görə, Göygöl Milli Parkının ərazisi 12 min 755 hektardır. Bunun da 6 min 755 hektarı qoruq hesab olunur. Şikayətçi deyir ki, parkın ərazisində bir tərəfdə turistlər gəzdiyi halda, digər tərəfdə də tez-tez mal-qaraya rast gəlmək olur. Həmin mal-qara isə əraziyə özbaşına gedib çıxmır: “İşlədiyim vaxtlarda bununla əlaqədar dəfələrlə şikayət elədim ki, tədbir görülsün, ayıbdır. Bir tərəfdə turistlər, o biri tərəfdə mal-qara… Elə həmin şikayətlər də axırda işimin itirilməsi hesabına başa gəldi. Araşdırmalar zamanı məlum oldu ki, müxtəlif fermerlərin mal-qarasıdır, razılaşdırılmış qaydada ora buraxılır. Bu problemi İlham Məmmədovun da nəzərinə çatdırmışdım. Mənə deyirdilər ki, guya nazirliklə razılaşdırılıb”. “Nazirə də problemi dedim, üç gün sonra özümü nazirliyə çağırdılar…” Müşfiq Atayevin sözlərinə görə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin Göygölə səfəri zamanı onunla görüşüb, parkın ərazisinə mal-qara buraxılması problemini onun da nəzərinə çatdırıb. Nazir ətrafda olan şəxslərdən birinə göstəriş verib ki, məsələ qeyd olunsun və araşdırılsın: “Üç gün sonra məni Bakıya – nazirliyə çağırdılar. Orada sorğu-sual elədilər. Rayona qayıdandan sonra dedilər ki, nazirlikdə İlham Məmmədovun dostu var. Amma nazir mənim dediklərimin araşdırılması üçün göstəriş vermişdi, onun əsasında 10 saylı Regional İdarənin işçiləri gəlib Göygöl Milli Parkında yoxlama aparmışdı. Nəticədə xeyli qanunsuzluqlar aşkarlanmışdı”. “Necə ixtisar gedir ki, məndən sonra 7 nəfəri işə götürüblər?” Müşfiq Atayev bir müddət öncə Əmək Məcəlləsinin 68.2 (b) maddəsilə (əmək müqaviləsinin müddətinin qurtarması) işdən azad olunub. Lakin o hesab edir ki, qanunsuzluqlara göz yummadığına, korrupsiyanı dilə gətirdiyinə görə onunla müqaviləni uzatmayıblar. Deyiblər ki, işçiyə ehtiyac yoxdur, ixtisar gedir: “Necə ixtisar gedir ki, məndən sonra 7 nəfəri işə götürüblər?” Göygöl Milli Parkının rəhbərliyi isə Müşfiq Atayevin onlara böhtan atdığını iddia edir. Parkın işçiləri bu barədə akt da tərtib edib və imzalayıblar. Orada göstəriblər ki, Müşfiq Atayev böhtan atır, bu üzdən onunla birlikdə işləmək istəmirlər. Müşfiq Atayev isə düşünür ki, keçmiş iş yoldaşları onun əleyhinə akta təzyiq altında imza atıblar. O, Prezident Administrasiyası, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, Ombudsman da daxil olmaqla, müxtəlif dövlət strukturlarına şikayətlər göndərib. Gileylənir ki, dövlət orqanları şikayətlərini araşdırmaq əvəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yönləndirir. Bir neçə il öncə qoruqda ona xəsarət yetirmişdilər… 2016-cı ilin iyulunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkının nəzarət-buraxılış məntəqəsində bir neçə şəxsin parkın işçisinə ağır xəsarət yetirməsi haqda rəsmi açıqlama yaymışdı. Həmin açıqlamada söhbət Müşfiq Atayevdən gedirdi. Hadisə 2016-cı il iyulun 21-də səhər saat 07:30 radələrində baş verib. Bir neçə nəfər qoruğa girmək üçün nəzarət-buraxılış məntəqəsinə daxil olub. Növbədə olan Müşfiq Atayev parka turistlərin buraxılış saatının 9:00-dan başlandığını izah etməyə çalışıb. Lakin həmin şəxslər razılaşmayıb. Nəticədə ona ağır xəsarət yetiriblər.