Bir iki gün öncə, iyunun 29-da gecə saat 21-22 radələrində Muğanlı İsmayıllı yolunda qəfil çökmə baş vermiş, dərin yarğan əmələ gəlmişdir. Nəticədə regionlardan Bakı istiqamətinə gələn bütün avtomobillərin hərəkəti dayandırılmış və onlara alternativ yoldan istifadə etmələri tövsiyə olunmuşdur. Hadisə yerindən paylaşılan video və fotolardan da aydın görünür ki, dağ hissədə olan yolun çəkilişi zamanı ən adı bir inşaat normalarına belə əməl edilməmiş və nəticədə insanların həyatı təhlükə altına düşmüşdür. Fotlordan da göründüyü kimi iki hissəyə bölünən yolun alt qatında demək olar ki, yol yatağı yox dərəcəsindədir. Sürüşmə zonası olmasına baxmayaraq yol kənarlarında heç bir dəmir-beton konstruksiya işləri görülməmişdir. Asfaltın üst hissələri yamaq yamaqdır. Yaxşı ki, 2022-ci ilin avqust ayında dövlət başçısı cənab president şəxsən idarə etdiyi avtomobillə İsmayıllı rayonun Basqal kəndində istifadəyə verilmiş yeni otel binasının açılışına getdiyi zaman bu hadisə baş verməmişdir. Deməli, o anlama gəlirik ki, hətta prezidentin getdiyi bu yolun keyfiyyət göstəricisi o qədər aşağıdır ki, burden tam əminliklə istifadə etmək hər bir Azərbaycan vətəndaşı üşün real təhlükə törədə bilər. Bütün bunlara baxmayaraq ATF- rəhbərliyinin bu günə qədər istifadəyə verdiyi yolların hər bir hissəsi təhlükə mənbəyi hesab oluna bilər. Məlumatlı mənbələrin verdiyi məlumatlarda bildirilir ki, ATF 17 saylı Yol İstismar İdarəsi MMC-nin dövlətə məxsus texnikalarından istifadə etməklə dövlət sifarişlərini normativlərə uyğun olmadan yerinə yetirir. Elə iki gün əvvəl Göyçay rayonunda sel suları yenə bir körpünün ciddi zədələnməsinə səbəb olmuşdur. Məlumat dərhal ATF əməkdaşları tərəfindən aradan qaldırılmışdır.
Apardığımız araşdırma zamanı məlum olmuşdur ki, həmin ərazidə yolların çəkilişi ATF MMC tərəfindən həyata keçirilmişdir. Son illərdə ATF şirkətinin zonada sənədli və sənədsiz ( yəni, tender keçirilmədən) yol çəkilişləri zamanı gördüyü işlərin nə dərəcə keyfiyyətsiz olması barədə yerli mətbuatda kifayət qədər məlumatlar getsə də, sifarişçi təşkilat hesab edilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi rəhbərliyi qeyd edilənləri qulaqardına vurararq Muradov qardaşlarına tendersiz –filansız bütün şəraiti yaradır ki, bunlar da qanunsuz yollarla əldə etdikləri gəlirlərini astornomik rəqəmlərlə artıra bilsinlər.
Xatırladaq ki, 2018-ci ilin İyun ayının 2-də Göyçayda baş vermiş güclü leysan zamanı Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işləri səbəbindən uçaraq yararsız vəziyyətə düşüb, nəticədə dövlətə 3 milyon manatdan artıq ziyan dəymişdir.
Göyçayda sel körpünü uçurur
Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ayrı-ayrı şəhər və rayonlarda fəaliyyət göstərən 250-yə yaxın qum-çınqıl karxanasından 81-də monitorinq aparılmışdır.
Aşkarlanan qanunsuzluqlarla bağlı toplanılıb materiallar əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanılıb, eləcə də hüquq mühafizə orqanlarının təcrübəli əməkdaşlarından və aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət istintaq-əməliyyat qrupları yaradılaraq təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.
Hələ 5 il öncə göstərilən hüquqazidd əməllərə yol verdiklərinə görə “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov, “Azpod” MMC-nin qum-çınqıl zavodunun direktoru Nəcməddin Əliyev, “Elnicat” MMC-nin direktoru Bəhruz Sadayev, “Titanik-5” MMC-nin təsisçisi və faktiki rəhbəri Şahin Məmmədov, fiziki şəxslər Natiq Zakirov, Nazim Qasımov, Nəriman Yəhyayev Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olunublar.
Lakin o vaxt “ATF” MMC –nin təsisçisi Fəxrəddin Muradovun cəzalanmasına baxmayaraq bu MMC indi də öz keyfiyyətsiz işlərinin nəticəsini ictimaiyyətimiz gündəlik həyatlarında seyr etmək məcburiyyətində qalmaqdadır. 17 saylı Yİİ-nin rəhbərliyinə gətirililən Təbriz Muradovun 27 yaşlı oğlu Tehran Muradov isə yol işçisi olmasa da formal olaraq idarəni əmilərinin köməkliyilə idarə etməkdə və dövlətin hesabına yaxşıca pul qazanmaqdadırlar. Verilən məlumata görə “ATF” MMC-nin rəhbərliyi AAYDA şefinə o qədər arxayındırlar ki, tikdikləri körpülər, çəkdikləri yolların hamısı istər təbiət hadisələri, istərsə də durduğu yerdə dağılsalar da veclərinə deyil. Çünki, arxalandıqları rəhbərlər onlara cəzasızkıq mühitində yaşadıqlarına və dövlətin yolların çəkilməsi üçün ayırdığı milyonlar hesabına pul qazanmaqlarına tam zəmanət vermişdir.
İfadetv.com-un araşdırma qrupu
Tarix: 3-07-2023, 09:50